Əlaqə Arxiv
news Image
2018.12.08
09:30
| A A A
Avropa İttifaqının Qarabağ münaqişəsi sarıdan narahatlığı artır
Elxan Şahinoğlu: “Avropa İttifaqının maraqlı açıqlamaları ola bilər, lakin real hərəkət yoxdur” Zaur Məmmədov: “Azərbaycan artıq konkret addımlar tələb edir”

"Avropa İttifaqı (Aİ) Gürcüstandakı, Moldovadakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam töhfə verməyə davam edəcək".Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısında bildirib. 

O deyib ki, ATƏT məkanında münaqişələrin həllində konfrontrasiyaya yer yoxdur və yalnız əməkdaşlıq təşkilat daxilində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edə bilər. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirir ki, Avropa İttifaqı Krım, Donbas, Qarabağ münaqişələrinin həllində sözdə aktivləşir: “Amma real addımları görünmür. Bu qədər müddət ərzində Qarabağ, Gürcüstandakı, Moldovadakı problemlərin həllində heç bir irəliləyiş yoxdur. Yəni, Avropa İttifaqının maraqlı açıqlamaları ola bilər, lakin real hərəkət yoxdur. ATƏT-in də eyni cür açıqlamaları olur. ATƏT-in hər il ya prezidentlərin, yaxud da xarici işlər nazirlərinin sammiti keçirirlir. İtaliya da ATƏT-ə sədrlik edəndə Qarabağ münaqişəsinin həlli ilə məşğul olacağını açıqlamışdı. Hansı ki, bunun bütün ATƏT sədrləri deyib. Qazaxıstan da, Almaniya da demişdi. Lakin ortada real addımlar yoxdur. 
Xarici işlər nazirləri növbəti dəfə görüşdü, yenə də fikir mübadiləsi aparıldı. Hansı ki, 25 ildir proseslər bu cürdür. Nə ATƏT, nə də Avropa İttifaqı Ermənistana təzyiq edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını tələb etmirlər. Əsas problem də bundadır”.
Politoloq əlavə etdi ki, bu cür siyasətlə nəyəsə nail olmamışıq: “Münaqişənin tənzimlənməsi ilə bağlı olan dövlətlərin sözdə yox, əməldə addım atmasına nail olmamışıq. Heç bir böyük dövlət, həmsədrlər Ermənistana təzyiq göstərmir. Əksinə, sepratçıların rəhbəri Bako Saakyan açıq şəkildə hər üç həmsədr ölkəyə getdi. Səfərlərin mənasını isə bizə heç kəs izah etmədi. Bu, ondan xəbər verir ki, həmsədr dövlətlər Ermənistanın nazı ilə oynayır. Yəni, münaqişənin həlli istiqamətində ciddi addımlar atmağı planlaşdırımırlar”.
Digər politoloq Zaur Məmmədov bildirdi ki, son zamanlar Avropa İttifaqında müxtəlif səviyyələrdə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çıxışlar olur: “Xüsusi ilə Federika Mogerini rəhbərliyə gəldikdən sonra Qarabağ münaqişəsi ilə bağlı onun intensiv çıxışları var.  O, öz çıxışlarında münaqişənin nizamlanmasının vacibliyini və Avropa İttifaqının bu istiqamətdə öz təhvəsinin verməyə hazır olduğunu bildirir. Lakin Azərbaycan artıq konkret addımlar tələb edir. 
Azərbaycanın ilk növbədə ATƏT Minsk qrupundan konkret tələbləri var. Minsk qrupundakı dövlətlər də əgər səmimidirlərsə, münaqişənin həllinə konkret addımlarla töhfə verməlidirlər. Düzdür, onların münaqişənin həlli ilə bağlı verdiyi açıqlamaları münaqişəyə diqqətin göstəricisidir. Lakin bu, erməni tərəfini rasional addımlar atmağa sövq etmir. Azərbaycan üçün isə Ermənistanın münaqişənin həlli ilə bağlı son sözünü deməsi lazımdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz