Əlaqə Arxiv
news Image
2018.12.10
13:10
| A A A
Bakıda Beynəlxalq İnsan Hüquqları günü münasibətilə tədbir keçirilib

BMT-nin Azərbaycandakı nümayəndəliyi Beynəlxalq İnsan Hüquqları günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Muzey Mərkəzində sərgi keçirilib.

Movqe.az xəbər verir ki, tədbirdə dövlət qurumları, BMT, Milli Məclis, vətəndaş cəmiyyəti, akademik dairələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, 70 il öncə Fransada ilk Ümümdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulu ilə insan hüquqlarının bəşəriyyət səviyyəsində üstün olması təsdiq edilib və dilindən, dinindən, cinsiyyətindən asılı olmayaraq, hər kəsin azad hüquqlara malik olduğu bəyan edilib.

Sənədin 500-dən artıq dilə tərcümə edildiyini deyən Q.İshaqzai söyləyib ki, bəyannamə inqilabi təsirə malikdir: "Siyasi, mülki, sosial, iqtisadi sahədə insan hüquqlarının formalaşmasında sənəd bir baza rolunu oynayır. Bəyannamə beynəlxalq insan hüquqları üçün təməl yaradıb".

Sərgi haqqında fikirlərini bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi söyləyib ki, tədbir həmçinin dünya ölkələrində gender zorakılığının dayandırılması istiqamətində həyata keçirilən fəaliyyətlə eyni dövrə təsadüf edir.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova çıxışında bildirib ki, sənədin tədricən dünyaya gətirdiyi prinsiplər daha sonra digər sənədlərdə və Konvensiyalarda öz əksini tapıb: "Sənəddən sonra iki pakt da qəbul olundu ki, burada insan hüquqları sahəsində bütün sahələr öz əksini tapıb. Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi qanunlarda Bəyannamədə öz əksini tapan məsələlər yer alıb. Bərabərlik hüquqları Azərbaycanda 1918-ci ildə yaranıb. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüququ verilib".

Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, bütün yolların sonunda insan hüquqları dayanır: "Nə qədər bəşəriyyət var, insan hüquqları olacaq və biz də bu hüquqlara öz töhfəmizi verməliyik".

Milli QHT Forumunun sədri Rauf Zeyni qeyd edib ki, insan hüquqları sahəsində bərabərliyin təmin olunması çox mühüm haldır: "Azərbaycan 1991-ci ildə Müstəqillik Aktını qəbul edib, daha sonra isə BMT-yə üzv olub. Bu, bizim üçün şərəfli tarixdir. Azərbaycan-BMT münasibətləri yüksək səviyyədədir. İnanırıq ki, BMT-nin bundan sonrakı fəaliyyəti də buna yönələcək və növbəti tədbirlərimiz Şuşada, Qarabağda keçiriləcək".

Qeyd edək ki, sərgi üç gün davam edəcək.

Sizin Reklam Yeriniz