Əlaqə Arxiv
news Image
2018.12.11
07:00
| A A A
Dünya güclərinin Qarabağ paradoksu
Aydın Ağayev: “Minsk qrupu həmsədr ölkələrinin Qarabağ münaqişəsilə bağlı beynəlxalq sənədlərin ruhuna, mahiyyətinə uyğun tədbirlər görmək istəməməsinin səbəbləri daha dərindədir”

Minsk Qrupu həmsədləri daxil olmaqla dünya gücləri Qarbağ münaqişəsinin dinc müstəvidə həllinin vacibliyini bəyan edirlər. Bu səbəbdən də onlar münaqişə zonasında gərginliyin alovlanmasına qarşı çıxış edirlər. Amma dinc həll üçün də Ermənistana təzyiqlər göstərilmir. 

Hər kəsə, o cümlədən Minsk qrupu həmsədrlərinə də aydındır ki, Ermənistan münaqişənin həlli istiqamətində real addımlar atmaq niyyətində deyil. İrəvan hər vəchlə çalışır ki, münaqişə ətrafında mövcud status-kvo qalsın. Məhz Ermənistanın belə qeyri-konstruktiv mövqeyi bölgədə gərginliyin qalmasına və konfliktin həll olunmamasına gətirib çıxarır. İndiki vəziyyətdə münaqişənin dinc yolla həllini istəyən beynəlxalq güclər prosesin məhz bu istiqamətdə getməsinə nail olmaq üçün ona maneə olan qüvvəyə, yəni Ermənistana təzyiq etməlidir. Lakin hələ də bunu görmürük. Yəni, bir tərəfdən onlar sülh yolla həllin vacibliyindən danışır, ancaq buna nail olmaq üçün sülh yolu ilə həll prosesinə əngəl olan düşmən ölkəyə “gözün üstə qaşın var” demirlər. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin  müdiri Aydın Ağayevin fikrincə, münaqişəni sülh yolla həll etməyə çağıran dünya güclərinin ona nail olmaq üçün prosesə əngəl olan Ermənistanı cəzalandırmamalarının kökündə dini təəssübkeşlik, ikili standart siyasəti dayanır: “ATƏT-in Minsk qrupu həmsədrləri, dünya gücləri tərəfindən münaqişənin dinc müstəvidə həllinin vacibliyi barədə çağırışlar uzun illərdir ki, səslənir. Ancaq heç nə dəyişmir. Həmişə də buna reaksiya veririk. 
Paralel olaraq bəyan edirik ki, dinc vasitələrlə həll prosesi nəticə verməsə, Azərbaycan bu vəziyyətlə barışa bilməz.   Azərbaycan qəbul olunan beynəlxalq qanunlara əsasən öz ərazi bütövlüyünü lazım bildiyi istənilən formada bərpa etməyə hazırdır. Bunu həmişə demişik, problem həll olunana qədər yenə də deyirik və gələcəkdə də deyəcəyik. 2016-cı ilin aprelində baş verən qısa döyüşlər bütün dünyaya göstərdi ki, Azərbaycan düşməni darmadağın etmək gücündə və iqtidarındadır. Bunu Ermənistan da yaxşı bilir. Doğrudan da aprel döyüşlərinin böyük təsiri oldu.   
Həmsədrlər problemin sülh yolu ilə həllini istəyirsə, ona maneə olan Ermənistana təsir etməyin çoxlu yolları, vasitələri var. Həmin təsir vasitələrindən istifadə etməklə düşməni masa arxasında oturtmaq və məsələni həll etmək olar. Amma bunu istəmir və bu istiqamətdə konkret işlər görmürlər. Qəbul olunan beynəlxalq sənədlərin ruhuna, mahiyyətinə uyğun tədbirlər görmək istəmirlər. Bunun səbəbləri isə daha dərindədir. Bu dövlətlər daxilində olan ermənipərətst qüvvələr, lobbilərin fəaliyyəti,  dini təəssübkeşlik kimi amillər və digər səbəblər həmin ölkələrdə siyasətin müəyyənləşməsində fəallıq nümayiş etdirir. 
Azərbaycan elan etdiyi mövqeyindən, yəni ərazi bütövlüyünü bərpa etmək məqsədindən geri çəkilməyəcək. Nə qədər keçsə də bu mövqeyimiz dəyişməz qalacaq. Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək.  Həm beynəlxalq hüquq, həm ədalət bizim tərəfdədir. Həm də dövlətimizin böyük üstünlükləri və regionla dünya üçün olduqca mühüm əhəmiyyətimiz nəzərə alınmaqla bütün məsələlər Azərbaycanın xeyrinədir. Sadəcə hərəkətə keçmək lazımdır. Hərəkətə keçmək lazımdır deyəndə, beynəlxalq ictimaiyyət və regionda söz sahibi olan dövlətlərin nəhayət sözdə yox, əməldə hansısa təzyiq vasitələrini işə salmasının vaxtı çatıb.  Onlar məhz bu istiqamətdə addım atmalıdırlar ki, problem həll olunsun. Bunu etməyəcəklərsə, Azərbaycan mövcud vəziyyətin daha da uzanması ilə razılaşmayacaq. Cənab Prezident hər an bunu deyib, istər ölkə daxilində, istərsə də ölkə xarici, istərsə də həmsədrlərlə görüşdə bunu bəyan edib. Bu sadəcə söz deyil. Azərbaycanın inkişafı, qüdrətli dövlətə çevrilməsi, gündən-günə güclənməsi əslində,əsas məqsədə çatmağa, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi kimi əsas  işinə xidmət edir”.
Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz