Əlaqə Arxiv
news Image
2018.12.11
08:00
| A A A
Ermənistanı saya salan yoxdur
Elşən Mirzəoğlu: “Ermənistanın KTMT və MDB dövlət başçılarının son toplantılarında küncə sıxışdırılması işğalçı ölkənin həmin qurumlarda kifayət qədər nüfuzdan düşməsinə dəlalət edən faktlardandır”

MDB dövlət başçılarının və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin Sankt-Peterburqda keçirilən sammitində Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlaması Ermənistan üçün növbəti zərbə oldu. Lukaşenko Sankt-Peterburqda qeyri-rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katibin seçildiyini və baş katibin Belarus nümayəndəsi olacağını təsdiqləyib. Erməni şərhçilər Azərbaycanın Belarus və Qazaxıstanın vasitəsilə Ermənistanı məğlub etdiyini hesab edirlər. “Görünür, Qazaxıstan və Belarus öz oyunlarına davam edirlər. Azərbaycan istədiyinə nail olur və bu, gələcək müharibədə KTMT-nin Ermənistana dəstək verə biləcəyi ehtimalını sıradan çıxarır”, - deyə “lragir” saytı yazır. KTMT çərçivəsində növbəti məğlubiyyət Ermənistan üçün nə deməkdir? Azərbaycan bundan hansı üstünlüklər əldə edəcək?

MDHP sədrinin beynəlxalq münasibətlər üzrə müavini, politoloq  Elşən Mirzəoğlunun fikrincə, KTMT çərçivəsində İrəvanın növbəti məğlubiyyəti onun bir ölkə olaraq kifayət qədər nüfuzdan düşməsinin nəticəsidir: “Ermənistanın KTMT və MDB dövlət başçılarının son toplantılarında küncə sıxışdırılması işğalçı ölkənin həmin qurumlarda kifayət qədər nüfuzdan düşməsinə dəlalət edən amillər kimi qəbul edilə bilər. 
Ümumiyyətlə, Ermənistan prinsip etibarı ilə Avrasiya iqtisadi məkanı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün də özünün resursları və ordusunun gücülə ciddi əhəmiyyət kəsb edən dövlət deyil. Ermənistanın sadəcə, bölgədəki mövqeyi, Yaxın və Orta Şərqə çıxış yollarının, NATO ilə həmsərhəd olması Moskva üçün ciddi əhəmiyyət kəsb edən bir məsələdir. Yəni, Ermənistanın adı çəkilən təşkilatlarda olması Qərbin Cənubi Qafqaza təsir dairəsini məhdudlaşdıran və əngəlləyən amil kimi qəbul olunur. Çünki Ermənistan hakimiyyəti bir qayda olaraq daima Rusiyaya bağlı bir hakimiyyət olub. 
Paşinyanın bu ilin yaz aylarında “xalq inqilabı” ilə hakimiyyətə yiyələnməsi isə İrəvanla Moskva arasındakı münasibətlərə təsirsiz ötüşmədi. Həmin inqilabın arxasında da Soros fondunun olduğu artıq dünya ictimaiyyətinə bəllidir. Ümumdünya məxfi hökuməti Ermənistanı və Cənubi Qafqazı Kremlin təsir dairəsindən çıxarmaq üçün müəyyən ciddi layihələrə malikdir. Bu layihənin tərkib hissəsi kimi bir zamanlar Gürcüstanın da ora cəlb olunduğunu gördük. Lakin Tiflis-Moskva münaqişəsi həmin layihənin reallaşmasının qarşısını almasa da, müəyyən mənada ləngitdi. Ermənistana gəlincə, Paşinyana qədər işğalçı ölkədə vəziyyət kifayət qədər fərqli idi. Əvvəlki rəhbərlər birmənalı olaraq Moskvaya üz tutmuşdular. Ancaq Paşinyandan başlayaraq, Ermənistan hakimiyyətinin siyasətində tez-tez Qərbə boylanmanı, oranın kəşfiyyat, maliyyə institutları ilə müəyyən təmaslar və münasibətlər qurmaq arzusunu görürük. Bu da bəzi ekspertlər arasında belə bir yanlış təsəvvürün formalaşmasına səbəb olub ki, Ermənistanın Qərblə təmaslarının güclənməsi Qarabağ probleminin həllilə bağlı məsələlərdə katalizator rolunu oynaya bilər. Yəni, onlara görə Paşinyan Qarabağ probleminin həllində ciddi güzəştlərə gedə bilər. Ancaq Paşinyanın Qarabağla bağlı açıqlamaları göstərir ki, o da sözügedən məsələdə ciddi güzəşt və kompromislərə getmək fikrində deyil. Sözsüz ki, Paşinyan və komandasındakı qərbyönümlü nazirlərin Qərbə meyllənməsi Rusiya və onun MDB və KTMT-dəki müttəfiqlərini narahat edir. Bu vəziyyətdən isə Azərbaycan diplomatiyası böyük məharətlə istifadə edib. Bu, bir faktdır, yaranmış vəziyyətdən Azərbaycan tərəfi məharətlə istifadə edib ki, getdikcə İrəvan-Moskva münasibətlərində soyuq küləklərin əsdiyinin daha da qabardığını görürük.  Azərbaycanla Rusiya arasında bu müstəvidə yaxınlaşma qarşılıqlı və ciddi kompromislər əsasında  olarsa, MDB ölkələri ölkəmizin ərazi bütövlüyünün təmine dilməsinə ciddi  dəstək verərlərsə, Bakının Avrasiya İttifaqına daxil olması, KTMT-yə üzv olmasa da, xüsusi statusla təmsil olunması, ən azından problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə kifayət qədər ciddi təsir göstərə bilər. Bu mənada Bakı doğru diplomatik addım ataraq, “düşmənimin düşməni mənim dostumdur” prinsipindən istifadə edərək, habelə Ermənsitanın Qərblə münasibətlərindəki müəyyən nüansları nəzərə almaqla, həmin məqamları Moskvanın da nəzər diqqətinə çatdırıb. 
Burada digər amil rolunda Rusiya ilə Türkiyə arasında olan qarşılıqlı yaxınlaşmadır. Həmin yaxınlığın əldə edilməsində əsas səbəbkarlardan biri də məhz Azərbaycan Prezidenti oldu. Çünki zamanında iki dövlət arasındakı gərginlik daha çox Ermənistanın xeyrinə işləyirdi. Azərbaycan isə bu problemi də aradan qaldıraraq Moskva ilə Ankara arasındakı strateji əməkdaşlığın yaranmasına ciddi təsir göstərib. Hansı ki, həmin əməkdaşlıq münaqişənin də həllinə ciddi təsir göstərmək gücündədir. 
Yəni, zamanında yaranan şəraitin düzgün qiymətləndirilməsi Azərbaycan dövlətinə əlavə dividendlər gətirib. Bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz