Əlaqə Arxiv
news Image
2018.12.11
11:34
| A A A
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər-Fotolar

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri və üzvləri Ulu Öndərin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər. Movqe.az-ın məlumatına görə, Şuranın sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və şuranın üzvləri öncə Heydər Əliyevin məzarlarını ziyarət edərək müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Həmçinin akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər qoyulub. 
Daha sonra jurnalistlərə açıqlama verən Fəttah Heydərov bildirib ki, ömrünün 80 ilini Azərbaycana həsr edən Heydər Əliyev xalqın qəlbində özünə taxt qurub: “Heydər Əliyevin həm doğum, həm də dünyadan köçdüyü gün xalq tərəfindən qeyd edilir, Ulu Öndər rəhmətlə anılır. Çünki, Heydər Əliyev öz həyatını müstəqil Azərbaycanın yaşamasına sərf etmişdi. O, hər bir azərbaycanlının, böyükdən-kiçiyə hər kəsin qəlbində özünə yer tutub bu dünyadan köçüb. Ona görə də, nə qədər ki Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti var, Heydər Əliyevin xatirəsi əbədi olaraq yad ediləcəkdir. Ulu Öndər haqqın rəhmətinə qovuşsa da, onun ruhu bizim aramızdadır”.
Millət vəkili bildirib ki, bu gün müstəqil dövlətimizin başçısı Heydər Əliyevin yolu ilə uğurla irəliləyir: “Dahi şəxsiyyətlər dünyadan köçərkən öz irsini qoyur. Heydər Əliyevin irsi onun yoludur. Bu gün İlham Əliyev bu yolu uğurla davam etdirir. Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər çox məhdud dairədə tanınan Azərbaycanı bu gün bütün dünya tanıyır. Dünyanın hər yerində Azərbaycan sülhün, əmin-amanlığın, tolerantlığın nümunəsi kimi göstərilir. Müharibələrin, terrorun, milli, dini ədavətlərin olduğu bir dünyada Azərbaycana sülhün nümunəsi kimi baxırlar. İlham Əliyevin uğurlu daxili və xarici  siyasəti nəticəsində ölkəmizdə sabitlik höküm sürür. Xalqımız bu yolu bizə qoyub gedən Heydər Əliyevi daim qəlbində yaşadacaq, onun əziz xatirəsinə minnətdar olacaqdır”. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz