Əlaqə Arxiv
news Image
2018.12.12
10:20
| A A A
Qarabağ münaqişəsinin həllinin gecikməsi İrəvan üçün daha böyük problemlər yaradır
İlqar Vəlizadə: “Ermənistanın ən əsas problemi odur ki, regiondakı iki güclü dövlətlə münaqişə vəziyyətindədir” Ehtiram Aşırlı: “Paşinyan bir şeyi unudur ki, onun balanslaşdırılmış siyasət yeridə biləcək manevr imkanları məhduddur, demək olar ki, heç yoxdur”

Məlumdur ki, Ermənistanda seçkilərdə Nikol Paşinyanın komandası qalib gəldi. Bununla da Paşinyan özünü bir problemli dövlətin rəhbəri təyin etdirə bildi. Odur ki, bundan sonra Paşinyanın Ermənistanı hara aparacağı maraq doğurur. 

İqtisadi böhran, sosial çətinlik, hərbi münaqişədə, blokadada yaşayan bir erməni xalqı ilə yanaşı, dünya, qonşu dövlətlər Ermənistandan yenilik gözləyir. Lakin siyasilərin proqnozuna görə, Paşinyan bunu bacarmayacaq. Ermənistanın yeni Ermənistan olması yalnız və yalnız işğalçılıq siyasətinə son qoymaqdan keçir. Politoloq İlqar Vəlizadə bildirir ki, ümumiyyətlə, Ermənistanın gələcəyi ilə bağlı ermənilərin özlərində də suallar var: “Erməni cəmiyyətində Nikol Paşinyana müəyyən ümidlər bağlanır. Ümid edirlər ki, kiçik bir dövlətin problemlərini həll etmək asandır. Lakin Ermənistanın problemlərinin kökü də elə kiçik, zəif dövlət olmasındadır. Çünki onun kimi dövlətlər hansısa dövlətdən asılı olur. 
Ermənistanın ən əsas problemi odur ki, regiondakı iki güclü dövlətlə münaqişə vəziyyətindədir. Bu amil sosial problemlərin həllinin  ikinci plana keçşməsinə səbəb olub. Əsas diqqəti müdafiə və təhlükəsizlik məsələlərinə ayırır. Ermənistanın gələn ilki hərbi büdcəsi bu ilin hərbi büdcəsindən 25 faiz çoxdur. Yəni, bütün diqqəti hərbə ayırıb. 
Nəzərə alaq ki, Paşinyanın ilk ilidir. İlk ili belə başlayırsa, növbəti illərdə daha pis olacaq. Təməl artıq qoyulub. Bundan başqa çox vaxtı iqtisadi məsələləri yox, siyasi məsələləri dilə gətirirlər. Bu hökumətin normal iqtisadi proqramı yoxdur. Həmçinin Türkiyə və Azərbaycanla problemlərinin həll olunması ilə bağlı heç bir təklif irəli sürülməyib. Belə olan halda Ermənistanda vəziyyətin köklü şəkildə yaxşılaşmasını gözləmək olmaz. 
Bundan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqındakı ölkələrlə münasibətlərinin pozulması Ermənistana yaxın gələcəkdə yaxşı nəsə vəd etmir”.
Analitik Ehtiram Aşırlı bildirdi ki, hazırda Ermənistan ictimaiyyətini maraqlandıran ən əhəmiyyətli məsələ Nikol Paşinyanın xarici siyasət kursunda hansı dəyişikliklərə gedəcəyi və gedəcəksə, Rusiya, Qərb, ələlxüsus da Qarabağ məsələsi ilə bağlı hansı addımlar atılacağıdır: “Paşinyan seçkilərdən öncə xarici siyasət kursuna dair bir sıra önəmli məqamlara toxunub. O bildirdi ki, Rusiya ilə münasibətlər bizim üçün prioritet məsələ olacaq, lakin Qərb, İran ilə münasibətlər də inkişaf etdiriləcək. 
Burada onu başa düşürük ki, Paşinyan xarici siyasət kursunda balanslaşdırılmış siyasət yolunu getməyə çalışacaq. Xüsusilə Paşinyan nə qədər parlamentdə və deputat vaxtı Rusiyaya qarşı sərt mövqe sərgiləsə də, bundan sonra Kreml ilə münasibətlərində diqqətli olmağa çalışacaq. Paşinyan bir şeyi unudur ki, onun balanslaşdırılmış siyasət yeridə biləcək manevr imkanları məhduddur, demək olar ki, heç yoxdur. Balanslaşdırılmış siyasət yeritmək üçün ilk öncə qonuşu ölkələrlə münasibətləri normallaşdırmalı və işğalçılıq siyasətinə son verməlidir. Bu baxımdan Paşinyan üçün yeganə çıxış yolu  Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Bunun üçün ilk öncə işğalçılıq siyasətinə  son verməli, Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Ələlxüsus da baş nazirə yaraşmayan açıqlamalar verməməli və ölkəsinin gələcəyini düşünmək istəyirsə dərhal danışıqlar masasına gəlməlidir. 
Paşinyan sərt, boş-boş axmaq açıqlamalar verməklə, heç nəyə nail olmayacağını anlamalıdır. Fikrimcə, ölkədəki iqtisadi, sosial demoqrafik problemlərin həllinin yeganə çıxış yolu ölkənin işğalçılıq siyasətindən əl çəkməsidir. Əks təqdirdə Paşinyanın da bu yalan vədlərlə çox gedəcəyi görülmür. Ən azından son seçkilərdəki nəticələr onu deməyə əsas verir. Çünki əhali işsizlikdən əziyyət çəkir, ölkədə iqtisadi böhran yaşanır. Bu baxımdan insanlar  seçkiyə getmək əvəzinə ölkəni tərk etməyi üstün tuturlar. Həmçinin yerli camaat bununla demək istəyir ki, bizə Qarabağ, seçki, yalan vədlər lazim deyil, biz işləmək, yaxşı yaşamaq istəyirik. Bir sözlə, qarnı ac milləti demokratiya yalanları uydurularaq keçirilən seçki maraqlandırmır. Onları sosial rifah, həyat səviyyəsi maraqlandırır. Yerli camaat da gözəl anlayır ki, Qarabağı işğal etmək onlara heç nə qazandırmadı, əksinə, ölkə olaraq günü-gündən daha bərbad hala düşdülər. Hətta insanların  ölkədən qaçaraq Azərbaycana sığınmaq istəyənlər də oldu”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz