Əlaqə Arxiv
news Image
2018.12.13
08:00
| A A A
Rusiya və İran da Ermənistanı «əzəcək»
Sədrəddin Soltan: “Ermənistan hakimiyyəti blef edir.” Zaur Məmmədov: “Rusiyanın Paşinyana olan münasibəti birmənalı deyil, daha çox mənfi xarakterlidir”

Məlumdur ki, Ermənistan baş naziri Nikol Paşinyan bu günə qədər özünü qərbyönümlü siyasətçi kimi tanıtmağa çalışıb. Bu fonda ehtimal ki, siyasətini də həmin istiqamətdə quracaq. Belə olan təqdirdə Rusiya və İranın ona qarşı münasibətdə hansı mövqedə olacağı maraqlıdır. 

Qeyd edək ki, Rusiya ilə münasibətlərdə onun hələlik açıq radikal ritorikası olmayıb. İranla münasibətlərinə gəldikdə isə bu, daha qaranlıqdır. Siyasilərin fikrincə, Paşinyanla Ermənistan ABŞ və Rusiya arasında qala bilər. Bu isə işğalçı ölkəyə sabitlik gətirməyəcək. Politoloq Sədrəddin Soltan bildirir  ki, Nikol Paşinyanın quracağı hökumətin xarici siyasət kursu hələ məlum deyil: “Bununla belə, Paşinyan çıxışlarının birində ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə İranla sərhədi bağlaya biləcəklərinin söyləmişdi. Fikimrcə, Ermənistan hakimiyyəti blef edir. Çünki bu ölkənin varlığı və gələcəyi indiki halda Rusiya və İrandan asılıdır. Bu dövlətləri əvəz etmək üçün rəsmi İrəvanın hələ alternativi yoxdur. Gürcürstanın isə alternativ olmaq gücü yertərincə deyil. 
Rusiya və İrana alternativ Azərbaycan və Türkiyə ola bilər. Azərbaycan torpaqlarını işğal altında saxladığından bu istiqamətlər də bağlıdır. Odur ki, Paşinyan hökuməti gələcəkdə də özünü Rusiya və İrana qarşı sərt davranan, sanksiyaya qoşulan kimi göstərəcək”. 
Politoloq əlavə etdi ki, Dağlıq Qarabağı işğaldan azad edilməsi ilə bağlı Paşinyan özündən əvvəlkilərin siyasətinin davam etdirsə, hakimiyyəti və siyasi karyerası uzun sürməyəcək: “Odur ki, bu istiqamətdə ondan dəyişiklik gözlənilir”.
Digər siyasi şərhçi Zaur Məmmədov bildirdi ki, Nikol Paşinyan Qərb ab-havası ilə Ermənistanda hakimiyyətə gəlməsi  Gürcüstan hadisələrini xatırlatdı: “Lakin seçkilərdən sonra Paşinyan istəsə də, Qərbyönümlü siyasət apara bilməz. Çünki, Ermənistan Rusiyadan daha çox asılıdır.  Buna baxmayaraq, Paşinyan balanslaşdırılmış siyasət yürütməyə çalışacaq. 
Bundan əvvəlki hakimiyyətlər kimi Rusiyanın tam diktəsi altına düşməməyə çalışacaq. Amma Ermənistanın özündən asılı olmayaraq, yer aldığı iqtisadi və hərbi bloklarda qalması Paşinyanın əlini-qolunu bağlayan məsələlərdən biridir. Rusiyanın da Paşinyana olan münasibəti birmənalı deyil, daha çox mənfi xarakterlidir. Bu da özünü tez-tez göstərir. Lakin Ermənistan Rusiya üçün vacib dövlətdir. Rusiya özünün hərbi bazasını Ermənistanda heç vaxt çıxartmayacaq. Bunları nəzərə alaraq, Rusiya Ermənistanla siyasətini əvvəlki kimi davam etdirməkdə maraqlı olacaq. Yəni, mülayim siyasət yürüdəcək. Eyni zamanda Rusiya Paşinyana qarşı olan müxalif qrupların maliyyələşməsinə çalışacaq ki, Paşinyan anti-Rusiya addımları atarsa, onun hakimiyyətdən getməsi ilə nəticələnsin”.
Ekspert əlavə etdi ki, MDB məkanında Rusiyanın təsir imkanları daha çox Ermənistanadır. “Bu, Qarabağ məsələsi, siyasi, iqtisadi asılılıqlarla bağlıdır. Belə olan təqdirdə Paşinyanla Ermənistanın vəziyyəti yaxşı görünmür. İrana qarşı olan sanksiyalar da Ermənistanı gücdən daha da salacaq. Ona görə də Paşinyan ilk növbədə “Qarabağ klanı”nı yox etməyə çalışacaq. Bako Saakyan mütləq şəkildə getməlidir. Müxalifətə qarşı da Paşinyan  amansız olacaq. Bu da müxaliflərin həbsi ilə nəticələnə bilər. Robet Köçəryan nümunəsini göstərə bilərik. Bundan sonra Paşinyan hakimiyyətini möhkəmləndirə biləcək”.

Sizin Reklam Yeriniz