Əlaqə Arxiv
news Image
2018.12.13
09:00
| A A A
Bakı İrəvanın sərhəd niyyətinin üzərindən xətt çəkir
Qabil Hüseynli: “İrəvan yaxşı bilir ki, regionda Azərbaycanın ən yaxın müttəfiqi, ən güvəndiyi dövlət məhz Türkiyədir” Natiq Miri: “Səbəblər dəyişmədən nəticənin dəyişməsi mümkün olmayacaq”

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yenidən əl ayağa düşüb. Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlaması da bunun təsdiqidir. 

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da bu mövzuya toxunub: “Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını istəyirik”. Mnatsakanyan Türkiyə ilə Ermənistan arasındakı görüşlərə yeni dinamizm gələcəyini deyib: “Biz Türkiyə və Ermənistan əlaqələrinin normallaşmasını istəyirik. İki ölkənin arasında keçmişdə xoş olmayan hadisələr yaşanıb, ancaq ilkin şərt olmadan görüşə hazırıq. Çətin görünsə də, iki ölkə arasında yeni bir yol müəyyən edilməlidir”.
Qeyd edək ki, parlament seçkilərindən dərhal sonra Paşinyan xarici siyasətlə bağlı ilk olaraq məhz Türkiyə ilə münasibətlər məsələsinə toxunub. Hazırda Ankara ilə İrəvan arasında diplomatik münasibətlər yoxdur. Buna da səbəb Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü işğalçılıq siyasətidir. Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ermənsitan işğala son qoymayana qədər onunla normal münasibətlərin qurulması qeyri-mümkündür. 
Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistan bu istiqamətdə nə qədər çabalasa da, Türkiyə işğal edilmiş Azərbaycan torpaqları geri qaytarılmayınca, İrəvanla heç bir münasibət qurmayacaq: “Paşinyanın Türkiyə ilə münasibətləri ilkin Qarabağ şərti olmadan normallaşdırmaq üçün yenidən əl-ayağa düşməsi Ermənsitanın növbəti hiyləgərliyidir. Bu kimi əməllərilə işğalçı ölkə Azərbaycanla Türkiyə arasındakı münasibətləri korlamaq istəyir. 
İrəvan yaxşı bilir ki, regionda Azərbaycanın ən yaxın müttəfiqi, ən güvəndiyi dövlət məhz Türkiyədir. Ona görə də Paşinyan belə fikirlər səsləndirməklə manevr edir. Özü də bilir ki, bu manevri uğursuzdur. Çünki, Türkiyə onun bu çağırışlarına münaqişə ətrafında mövcud vəziyyət qalana qədər əhəmiyyət verməyəcək. Türkiyə yalnız İrəvanın Bakı ilə münasibətləri qaydaya salacağı, Azərbaycan torpaqlarını qaytaracağı təqdirdə, Ermənistanla münasibətlərin qurulması məsələsinə baxa bilər. Bu mənada da Paşinyanın səsləndirdiyi həmin fikrin praktik nəticə verəcəyini düşünmürəm. Yenə də qeyd edirəm, bu, erməni hiyləgərliyidir və Azərbaycan-Türkiyə dostluğuna xələl gətirməyə hesablanıb. Türkiyə heç zaman Azərbaycanın zərərinə olaraq işğalçı ilə münasibət qurmayacaq”.
Politoloq Natiq Miri bildirdi ki, mövcud durumun qalması fonunda Türkiyə ilə Ermənistan arasında hazırda mövcud olan vəziyyət heç bir dəyişikliyə məruz qalmayacaq: “Ermənistanın yeni rəhbərliyi anlayır ki, Avropaya çıxışda mühüm məntəqə olan Türkiyə ilə münasibətləri düzəltmədən ölkələrini inkişaf etdirmək mümkün deyil. Ona görə də fikrimcə, Türkiyə ilə münasibətlərin qurulması Ermənsitan üçün vazkeçilməz bir seçimdir. Artıq ilk mətbuat konfransında Paşinyan bu yöndə açıqlama verdi. Həmin açıqlamaya paralel olaraq o, Qarabağ probleminə də münasibət sərgilədi və dolayısı ilə anlatdı ki, Azərbaycanla danışıqlara getmək və problemi sülh yolu ilə çözmək istəyir. Yəni, daxili ictimai rəyi çaşdırmamaq üçün bir tərəfdən Türkiyə ilə münasibətlərin vacib olduğunu bəyan edir. Digər tərəfdən də, bölgənin strateji ölkəsi olan Azərbaycanla düşmənçilik səviyyəsində Ermənistanın inkişafının qeyri-mümkün olduğunu ortaya atır. Əslində, bunlar gerçək həqiqətlərdir. 
20 ildən artıqdır ki, “Qarabağ klanı” absurd siyasətilə Ermənistanı tamamilə çökmüş vəziyyətə salıb. Çünki Azərbaycan və Türkiyə olmadan Ermənistan bölgədə heç nədir. Baxmayaraq ki, Rusiyanın dəstəyilə hələ də ayaqda dururlar, ancaq Ermənistan demoqrafik və iqtisadi müstəvidə tamamilə çökmüş ölkəyə çevrilib. Bu ölkəni hər ay minlərlə əhali tərk edir.Ona görə ki, Ermənistanda kütləvi işsizlik hökm sürür. 
Ermənistan iqtisadiyyatını dirçəltmək üçün təkcə maliyyə mənbələri tapmaq yetərli deyil. Mütləq mənada region ölkələrilə də əməkdaşlıq olmalıdır ki, Ermənistan daha ağır duruma düşməsin. Başqa alternativlər isə yenidən Ermənistanın Sarkisyan siyasətini davam etdirməsi anlamına gələcək ki, bu da nəticə etibarı ilə yenə də dalana aparır. Bu səbəbdən Paşinyanın ilk mətbuat konfransında Türkiyə ilə münasibətləri normallaşdırmaq məsələsini ortaya atması heç də təsadüf deyil. Bu açıqlamada Paşinyan ilkin şərt olmadan danışıqlara hazır olduğunu bəyan etsə də, düşünürəm ki, həmin fikir sadəcə, daxili ictimai rəyə hesablanıb. Gizli qapılar arxasında isə fikrimcə, Türkiyə rəhbərliyilə danışıqlar aparılacaq. Türkiyənin Ermənistana bu fonda münasibəti isə heç bir dəyişikliyə məruz qalmayacaq. Çünki Türkiyə Ermənistana münasibətdə tətbiq etdiyi bütün məhdudiyyətləri məhz Azərbaycanın işğal olunan ərazilərinə görə edib. Ona görə də səbəblər dəyişmədən nəticənin dəyişməsi mümkün olmayacaq. Bu mənada da Ermənistan rəhbərliyinin iddialarına rəğmən, indiki vəziyyətdə Ankara ilə İrəvan arasında münasibətlərin qurulacağı barədə düşünmək mümkün deyil. Yəni, Azərbaycanın maraqları Türkiyədə gözardı edilə bilməz. Ermənistan işğal etdiyi torpaqları geri qaytarmalıdır. Bunun alternativi yoxdur. Ona görə də Ermənistan Qarabağ probleminin çözümü ilə bağlı sülh masası arxasına oturmalı və işğalçı qoşunlar ərazilərimizdən çıxarılmalıdır”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz