Moskva-Bakı yaxınlaşması getdikcə daha sürətli xarakter almaqdadır. Siyasilərin fikrincə, bu amil regionda hadisələrin inkişafında da özünü göstərəcək. Xüsusən də Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötüşməyəcək.
Nəzərə alaq ki, Ermənistanın hazırda Rusiya ilə münasibətlərində soyuqluq yaşanır. Odur ki, Rusiya-Azərbaycan yaxınlaşması Ermənistanın durumuna xoş gələcək vəd etmir. Politoloq Adıgözəl Məmmədov son illər ərzində Rusiya-Azərbaycan münasibətlərdində daha sıx əməkdaşlıq, iqtisadi təmərküzləşmənin müşahidə olunduğunu deyir: “Rusiya siyasi elitası başa düşür ki, regionda özünün qlobal dövlət statusunu qorumaq istəyirsə, türk dünyası ilə yaxınlaşmalıdır. Avrasiya coğrafiyasında qlobal gücə malik olmaq üçün bu coğrafiyada çoxluq təşkil edən türk toplumları ilə ən azından əməkdaşlıq etməlisən.
Bu gün Rusiya iqtiadiyyatının strateji cəhətdən gəlir mənbəyi karbohidrat ixracındandır. Hansı ki, bu ixracın böyük hissəsi də Türkiyə ərazisindən keçir. Rusiya başa düşür ki, strateji baxımdan gələcəyi ancaq türk dünyası ilə əlaqələrdə ola bilər. Azərbaycan isə türk coğrafiyasının lokomativ ölkələrindən biridir”.
Politolq əlavə etdi ki, Rusiya siyasi elitasına soxulmuş ermənilər var: “Onlar da Rusiyanın siyasətinə təsir imkanlarına malikdirlər. Onlar Rusiya siyasi elitasının regiona baxışlarında anti-türk, anti-müsəlman kimi yersiz təhriflər yaradırdı. Lakin onu başa düşmək lazımdır ki, Rusiya daxildən türk, İslam toplumlarından ibarətdir. Rusiyanın varlığı provaslavla türk-müsəlman toplumlarının üzərindədir. Gələcəyi də erməni dağıdıcı qüvələri ilə deyil, məhz bu birliklərdən keçir. Bu, artıq aydınlaşıb, başqa yolu da yoxdur”.
Adıgözəl Məmmədov hesab edir ki, yaxın gələcəkdə Azərbaycan da slavyan-türk, rus-türk birliyi istiqamətində beynəlxalq arenalarda təbliğat mexanizmləri qurulmalıdır: “Azərbaycanda slavyan-türk birliyinə dəstək fondu yaradılmalıdır. Bu təbliğat nəticəsində Qarabağa baxışda Rusiya siyasi elitasında dəyişiklik baş verə bilər”.
Digər siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, bu gün Ermənistan-Rusiya münasibətlərində açıq tənəzzül yaşanmaqdadır: “Artıq Ermənistanın gözləntilərini Qərbə bağlayıb. Ona görə də ölkə daxilində anti-Rusiya meylləri hər gün artır.
Ermənistanda Rusiyanın hərbi bazasının çıxarılmasını tələb edən qüvvələr var. Bunun fonunda Azərbaycan-Rusiya münasibətləri inkişaf etməkdədir. Bu da ölkəmizin diplomatiyasının uğurlarından xəbər verir. Nəzərə alaq ki, Ermənistandakı parlament seçkilərindən sonra da vəziyyət gərgindir. Əslində, Nikol Paşinyanın qələbəsi kövrəkdir. Çünki, böyük üstünlüklə qalib gəlməyib. O baxımdan yaxın gələcəkdə Ermənistanda yenidən gərginliklər baş verə bilər.
Bundan başqa, Ermənistanın və Nikol Paşinyanın iqtisadi zəmində imkanları məhduddur. Ermənistanın xarici borcu artıq 7 milyarda yaxınlaşıb. Yəni, Ermənistan üçün indiki halda ümidverici nəsə yoxdur. Rusiya ilə münasibətlərini pozub, Qərbdən isə konkret dəstək gəlmir. Türkiyədən sərhədin açılması gözləntiləri olsa da, bu məsələdə Qarabağ haqqında nəsə demədilər. Deməli, Türkiyədən də onlar üçün işıq yoxdur. Bu vəziyyət isə Azərbaycana sərf edir. Yəni, Ermənistan üçün problemlərin sərhədləri, mənbəyi məlumdur”.
Mübariz BAYRAMOV