Əlaqə Arxiv
news Image
2018.12.14
10:28
| A A A
İrəvanın Qarabağ məsələsində geri çəkilməkdən başaq seçimi yoxdur
Məhəmməd Əsədullazadə: “Rəsmi İrəvan yenilənmiş “Madrid prinsipi” üzrə danışıqlarda maraqlı olarsa, irəliləyiş mümkündür” Vasif Əfəndi: “Sözsüz ki, bir gün Ermənistanın arxasında dayanan əl kəsiləcək”

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyanın gələcək siyasəti haqqında proqnozlar müxtəlifdir. Məsələn, rusiyalı şərhçi Mixail Belyayev hesab edir ki,  Ermənistanda seçkidə qalib gələn Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində geri çəkilə bilər. Onun sözlərinə görə, “Madrid prinsipləri” əsasında sərhədlərin açılışı və regional iqtisadi əməkdaşlığa əvəz olaraq ilkin mərhələdə Qarabağ ətrafındakı rayonların bir qisminin qaytarılması ilə cəbhədə hərbi risklərin yenilənməsi riskini minimuma qədər azaltmaq olar. 

Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistanda “Qarabağ klanı”nın 20 illik hakmiyyətinə son veriləndən sonra Paşinyan iqtidarından regionun ən ağrlı problemi olan Qarabağ konfliktinin həllində müəyyən gözləntilər təbiidir: “Çünki, Paşinyan daim münaqişənin sülh yolu ilə tez bir zamanda həllini dəstəkləyib. Məhz Ermənistanda inqilabı həyata keçirən Qərb yeni hakimiyyətdən müəyyən regional dəyişikliklərə gedəcək siyasət gözləyir. Bu siyasət ilk növbədə Ermənistanın azadlığı üçün Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllidir. Rəsmi İrəvan yenilənmiş “Madrid prinsipi” üzrə danışıqlarda maraqlı olarsa, irəliləyiş mümkündür”.
Politoloq vurğuladı ki, Paşinyanın Qarabağ münaqişəsini həll etmək səyləri regional aktorları - ABŞ və Rusiyanı üz-üzə gətirsə də, Azərbaycan bundan istifadə edib, ərazi bütövlüyünü təmin etməlidir: “Hazırda Paşinyan qarşıdakı aylarda substantiv danışıqlara gedib, ölkəsinin inkişafına təkan verə biləcək şansa malikdir. Bu da cəbhədə nisbi stabilliyə gətirəcək. Hazırda Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycanla yenilənmiş “Madrid prinsipləri”ni müzakirə edirlər. Ermənistan bu prinsiplər üzrə real danışıqlara başlamaq iqtidarındadır. Amma şimal təhlükəsi Paşinyana bir qədər ehtiyatlı davranmağı tələb edir”.
Digər siyasi şərhçi Vasif Əfəndi bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında indiyə qədər irəli sürülən ən optimal variant “Madrid prinsipləri”dir: “Azərbaycan tərəfi bu planı ideal hesab etməsə də, kompromisə gedərək, razılığını verib. Ermənistan tərəfi də bu prinsiplərə uyğun hərəkət edəcəkləri öhdəliyi götürsə də, subyektiv səbəblərə görə anlaşmanı həyata keçirmək mümkün olmur”. 
Politoloq əlavə etdi ki, Paşinyanın hakimiyyətə gəlməsi münaqişənin həllində keyfiyyət etibarı ilə dəyişiklik olacağına şübhə yaratmır: “İmperialist qüvvələrin dəstəyi və fitvası ilə Azərbaycana qarşı ərazi iddası irəli sürən “Qarabağ klanı” parlament seçkilərində ağır məğlubiyyətə uğradı. Paşinyan kütlələrin təzyiqi ilə seçkilərdə böyük üstünlük qazandı və Koçaryan-Sarkisyan cütlüyünün təmsil etdiyi Respublikaçılar Partiyasını parlamentdən kənarda saxlamağı bacardı. Lakin bu, hələ tam qələbə deyil. Bu illər ərzində “klan” hakimiyyəti kifayət qədər maddi resuslara sahiblənib. Ölkənin şah damarı sayılan enerji resusları və iqtisadiyyatının idarə edilməsinin 80 faizi Rusiyanın nəzarətindədir. 
3 milyard dövlət büdcəsi olan ölkə  üçün isə 100 faiz asılılıq müstəmləkə ölkə deməkdir. Ona görə də müstəmləkə ölkənin rəhbərliyinin hər hansı danışıqlarda müstəqil qərar verə biləcəyi inandırıcı deyil. Ermənistanın yeni rəhbəri Nikol Paşinyan ilk növbədə Rusiyanın təsir dairəsindən çıxmaq uğrunda addımlar atmağa çalışacaq. Yalınız bundan sonra onun Qarabağla bağlı məsələdə hansı mövqedən çıxış edəcəyindən danışa bilərik. Reallıq isə bunu tələb edir ki, Ermənistanın gələcəyi və inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərindən keçir. Bu iki ölkə ilə qonşuluq, sülh şəraitində yaşamaq və münasibətlərinin qurulması üçün gerçəyi qəbul edərək, işğalçı mövqeyindən geri çəkilməlidir. Yoxsa, erməni vətəndaşları hər zaman müharibə təhlükəsi altında yaşamalı olacaqlar. 
Sözsüz ki, bir gün Ermənistanın arxasında dayanan əl kəsiləcək. Hələlik isə Rusiya tərəfinin münaqişənin həllində  maraqlı olmadığı görünür. Bu fonda yaxın zamanlarda Paşinyanın münaqişənin nizamlanması ilə bağlı ciddi addımlar atacağı güman edilmir. Paşinyan ilk növbədə Ruisyadan asılılığın azadılması üçün çalışacaq. İqtisadiyyatı Rusiyanın təsirindən qurtarmaq üçün  ilikin olaraq 10 milyard dollar lazımdır. Bu məbləği Paşinyana kim və hansı şərtlər daxilində verəcəksə, sonrakı proseslər də  ondan asılı olacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz