Əlaqə Arxiv
news Image
2018.12.15
07:00
| A A A
Qarabağ məsələsində mühüm proses başlanır
Oqtay Sadıqzadə: “Ümid edirik ki, formalaşmış daha əlverişli siyasi şərait Dağlıq Qarabağ probleminin çözülməsində mühüm rol oynaya bilər” Qabil Hüseynli: “Bir müddətdir Rusiyanın Qarabağ proseslərində fəallaşdığını, təkliflərinin sürətləndiyini müşahidə edirik”

"Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb". Bunu Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib. Siyasilərin fikrincə, ölkə rəhbəri “daha əlverişli vəziyyət” dedikdə bir neçə amili nəzərdə tutur. Bu fonda da Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə həllini mümkün görünür. 

Politoloq Oqtay Sadıqzadə bildirir ki, burada söhbət cari ilin aprelində Ermənistanda siyasi hakimiyyətin dəyişilməsindən gedir: “Nikol Paşinyan hakimiyyəti “Qarabağ klanı”nından bir qədər fərqli Qarabağ siyasəti yürütdüyü görünür. Bu fonda ümid edirik ki, formalaşmış daha əlverişli siyasi şərait Dağlıq Qarabağ probleminin çözülməsində mühüm rol oynaya bilər. Məhz yeni hakimiyyətin yanaşma tərzi bizə Dağlıq Qarabağ münaqişəni ədalətli şəkildə həll etməyə şərait yaradacaq. 
Tərəflərin bu şəraitdən nə qədər faydalana biləcəyi isə Ermənistanın müstəqil addım ata bilməsindən  asılı olacaq. Yəni, Rusiya və Qərb dairələrinin təsirindən kənar nə qədər müstəqil olacağından asılıdır. Həmçinin Qarabağ icmasının proseslərdə iştirak etmək hüququn tanınmasından asılıdır. İcmalar və dövlətlər - dördtərəfli formatda Qarabağ probleminin çözümü üçün yeni dövr başlaya bilər”.
Digər politoloq Qabil Hüseynli bildirdi ki, bu məsələnin bütün nüansları tam məlum deyil: “Yəqin ki, bu məsələ haqqında daha çox cənab Prezidentin məlumatı var. Görünür, yalnız açıq formada, Minks prosesi çərçivəsində deyil, həm də Rusiyanın vasitəçiliyi ilə iki dövlət arasında görüşlərin baş verməsinin mümkünlüyü nəzərdən keçirilir. 
Nəzərə alaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı da bu məsələ müzakirə edilib. Cənab Prezident İlham Əliyev belə fikir səsləndirirsə, bu, həm də Moskvanın konstruktivliyinin artması ilə bağlı ola bilər. Ermənistandakı N.Paşinyan hökuməti danışıqlarla o qədər də maraqlanmır. Maraqlansa da, qeyri-konstruktiv təkliflərlə ortanı gərginləşdirməyə çalışır. Amma bir müddətdir Rusiyanın Qarabağ proseslərində fəallaşdığını, təkliflərinin sürətləndiyini müşahidə edirik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz