Əlaqə Arxiv
news Image
2018.12.15
08:00
| A A A
Qlobal iqtisadiyyatın üzərində fırtına buludları
Natiq Cəfərli: “ABŞ-la Çin arasında başlanan ticarət müharibəsi, bu müstəvidə onların bir-birinə münasibətdə gömrük rüsumlarını, vergiləri, aksizləri artırmaları dünya ticarətinin zəifləməsinə gətirib çıxara bilər”

Beynəlxalq Valyuta Fondunun (BVF) sədr müavini David Lipton qlobal iqtisadiyyatın üzərində fırtına buludlarının yığıldığını və hökumətlər ilə mərkəz bankların bəlkə də belə bir vəziyyətdən çıxış imkanlarına sahib olmadıqlarını açıqlayıb: "Ancaq ən böyük risk hələ də ABŞ ilə Çin arasında ticarət müharibəsidir. BVF-nin proqnozuna görə, əgər təhdid olaraq irəli sürülən bütün gömrük rüsumları tətbiq ediləcək olarsa, bu, dünyanın özünü öz əli ilə vurması olar. Ona görə də ABŞ ilə Çin arasında razılaşmanın olması çox əhəmiyyətlidir". 

Beynəlxalq Valyuta Fondunun narahatlığı nə dərəcədə əsaslıdır?  Dünya ölkələri baş verənlərdən nə dərəcədə təsirlənə bilər və bunun 
Azərbaycan üçün də hansısa təhlükələri ola bilərmi?
Iqtisadçi-ekspert Natiq Cəfərli bildirdi ki, iki iqtisadi güc mərkəzi arasında yaşanan ticarət müharibələri fonunda dünya iqtisadiyyatında zəifləmə tendensiyası baş qaldıra bilər:  “Doğrudan da ABŞ-la Çin arasında başlanan ticarət müharibəsi, bu müstəvidə onların bir-birinə münasibətdə gömrük rüsumlarını, vergiləri, aksizləri artırmaları dünya ticarətinin zəifləməsinə gətirib çıxara bilər. Beynəlxalq Valyuta Fondu nümayəndələrinin narahatlığı da məhz bundan qaynaqlanır. 
Təbii ki, dünya ticarətinin zəifləməsilə iqtisadi aktivlik azalacaq. İqtisadi aktivliyin azlması ilə də dünyada iqtisadiyyatın artım templəri aşağı düşür. Bu da son nəticədə işsizliyin artması, inflyasiyanın yüksəlməsi və dünya iqtisadiyyatının zəifləməsinə səbəb olur. Çünki ABŞ-la Çin dünya iqtisadiyyatının birlikdə az qala 30 faizindən çoxuna sahibdirlər. Aralarındakı ticarət dövriyyəsinin həcmi isə bir trilyon dollardır. Ona görə də həmin iki ölkə arasındalı ticarət müharibəsi kifayət qədər ciddi məsələdir. 
ABŞ gömrük siyasətinin sərtləşdirilməsi və tariflərin artırılması siyasətini tək Çinə qarşı təşkil etməyib. Avropa Birliyilə metal və avtomobil ixracatı məsələsində də anoloji problemlər yaşanır. ABŞ-ın bu müstəvidə Meksika və Kanada ilə də müəyyən problemləri var idi. Düzdür, artıq bu müstəvidə onlarla ilkin saziş imzalanıb, ancaq onun da gələcəyi sual altındadır. Yəni, dünya ticarətinin zəifləməsi sonda iqtisadiyyatın azalmasına gətirib çıxaracaq. Yeri gəlmişkən, Çində elan edilən iqtisadi göstəricilər də buna əyani sübutdur. Bu ölkədə uzun zamandan bəri ilk dəfədir ki, sənaye istehsalı xeyli azalıb, ixracat da zəifləyib. Bu da dünya iqtisadiyyatının zəifləməsi və müəyyən böhranlı vəziyyətin yaranmasına səbəb ola bilər. 
Amerikanın atdığı  addımlar sözsüz ki, sırf öz marağına hesablanmış addımlardır. Amma dünya iqtisadiyyatı üçün təhlükə yarada biləcək addımlardır. Ona görə düşünürəm ki, ticarət müharibələrinin olmasının bütövlükdə dünya ticarətinə passiv təsirləri olacaq”.
Ekspert düşünür ki, Azərbaycana gəldikdə, Çin-ABŞ ticarət müharibəsinin ölkəmizə heç bir birbaşa təsirləri 
olmayacaq: “Azərbaycana gəldikdə, həmin ticarət müharibələrinin ölkəmizə birbaşa təsirləri yoxdur. Yalnız dolayı təsirləri ola bilər. Dünya ticarətinin zəifləməsi fonunda istər-istəməz proses neft qiymətinə də mənfi təsir edəcək. Neftin qiyməti dünənə qədər bahalaşaraq 62 dollara çatmışdı, ancaq Çində istehsalın zəifləməsi xəbəri çıxan kimi neftin qiyməti də aşağı enməyə başladı. İndi neftin qiyməti 60 dollara qədər geriləyib. Bu isə Azərbaycan iqtisadiyyatına da dolayısı ilə təsir göstərə bilər. Çünki iqtisadiyyatımızın əsas hissəsi neftin dünya bazarındakı satış qiymətlərinə bağlıdır. Valyuta ehtiyatlarımız neftdən asılı olduğu üçün sözügedən proses dolayı yolla Azərbaycana da təsir göstərə bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz