Əlaqə Arxiv
news Image
2018.12.15
10:00
| A A A
Aparılan mükəmməl siyasət Azərbaycana daha çox beynəlxalq nüfuz və hörmət qazandırır
Azərbaycanın sayılıb-seçilən dövlətə çevrilməsi hazırkı dönəmin nəbzini düzgün tutan balanslı siyasət sayəsindədir

Tarix səhnəsinə gənc müstəqil ölkə kimi daxil olub qısa zaman kəsiyində ümumi axında nəzər-diqqəti cəlb etmək fenomenal siyasi xətt və yaradıcı idarəetmə tələb edir. Azərbaycanın dünya çatında tanınıb məşhurlaşması məhz dövlət rəhbərinin bilavasitə işləyib hazırladığı siyasi konsepsiyanın son dərəcə kamilliyi ilə baş verib. Bu hipotez müstəqillik yollarına işıq saçan siyasi, iqtisadi və mədəni uğurların əhatəsində daha aydın və parlaq görünür. 

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib: “Eyni zamanda, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olmuşdur. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam”.
Bu günlərdə Avropa İttifaqı (Aİ) məsələlərini işıqlandıran “The Parliament Magazine” xəbər portalında Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələrinin münasibətlərindən bəhs edən məqalə yerləşdirilib. Avropa Parlamentinin üzvü, Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Səccad Kərimin müəllifi olduğu yazıda ölkəmizlə Aİ arasındakı münasibətlərin son dövrdə inkişaf etdiyi diqqətə çatdırılıb. S.Kərim bildirib ki, Avropada antisemitizmin və islamafobiyanın artdığı bir dövrdə avropalılar xristianların, müsəlmanların, yəhudilərin və başqa dinlərin nümayəndələrinin mehribanlıq şəraitində birgə yaşadığı Azərbaycanın yüksək tolerantlıq xüsusiyyətlərindən faydalanmalıdırlar. 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini ifadə edən müəllif Aİ-nin Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayıb. O, Avropa İttifaqının bu münaqişənin sülh yolu ilə həll edilməsinə çalışdığını bildirib.
Beynəlxalq aləmdə tanınan sanballı bir qurumdan ölkəmiz haqqında belə açıqlamanın verilməsi, Azərbaycanın mövcud olan 200-ə qədər dövlətin içərisindən seçilərək nümunə göstərilməsi xırda məsələ deyil və bu uğurların arxasında siyasi iradə, müdriklik və uzaqgörənlik dayanır. Çünki, multikulturalim və ictimai tolerantlıq missiyası Azərbaycanda dövlət siyasətinin mühüm elementidir. 
Azərbaycanın yürütdüyü siyasət balanslı olmaqla yanaşı həm də mübariz, cəsarətli və döyüşkən siyasətdir. Qarabağın işğalı ilə xarici güclərin və Ermənistanın xalqımıza və dövlətimizə vurduğu dərin işğal yarasının sağalması üçün sözün həqiqi mənasında mübarizə gedir. Dövlət başçısının rəhbərliyi altında diplomatlarımız ön və siyasi cəbhədə bütün imkanlardan yararlanaraq hər an milli mənafenin qorunmasını təmin edirlər. Məsələn, dekabrın 13-də Avropa parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edilib. Qətnamədə Avropa İttifaqının və İttifaqa üzv olan dövlətlərin regional münaqişələrə ikili yanaşmasını qadağan edən maddələr yer alıb. Erməni lobbisinin maraqlarına xidmət edən bəzi parlamenarilərin cəhdlərinə baxmayaraq qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib. Belə ki, sözügedən sənəd Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edir. Bu o deməkdir ki,  şərq tərəfdaşlığı ölkələrinin o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri bir daha tanınır və təsdiq olunur ki, şərq tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişılərin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Qətnamənin qəbul edilməsi onu göstərir ki, avropada artıq Azərbaycanın haqq səsini eşidirlər.  Bu Azərbaycan xarici siyasət idarəsinin və Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz