news Image
2012.05.01
21:39
| A A A
PKK-nın Qafqaza yeni axını başlayıb
Ermənistan və İran bu terrorçu təşkilata ərazilərində hər cür şərait yaratmaqla məşğuldurlar

Cənubi Qafqazda həm də terrorizmin əsas mənbələrindən biri olan Ermənistanın PKK ilə sıx işbirliyində olmasına dair yeni-yeni faktlar üzə çıxmaqdadır. Belə ki, son araşdırma və əməliyyat məlumatlarından məlub olub ki, Ermənistan və İran PKK yaraqlılarını silahla təchiz edir. Rusiya istehsalı olan silahlar Ermənistan ərazisindən keçməklə terrorçulara çatdırılır. İran isə öz istehsalı olan silahları PKK-ya ötürür.

Türkiyənin "Sabah" qəzeti yazır ki, ölkənin təhlükəsizlik qüvvələrinin bir müddət əvvəl Hakkari əyalətində keçirdiyi əməliyyat zamanı bir qrup PKK yaraqlısı məhv edilib, bir neçəsi, o cümlədən, bir qadın sağ ələ keçirilib. Saxlanılanlar bildiriblər ki, silah-sursatı İranın və Ermənistanın dəstəyi ilə alıblar.

Beləliklə, İran və Ermənistan rejiminin terrorçu PKK-nı himayə etməsinə dair şübhələr öz təsdiqini tapır. Türkiyənin "Zaman" qəzeti də bildirir ki, jandarm qüvvələrinin terrorçu PKK-ya qarşı keçirdiyi əməliyyatları zamanı dağıdılmış sığınacaqlarda İran istehsalı olan əl qumbaraları aşkar edilib. Məlumata görə, əməliyyatın gedişində sığınacağı tərk etmək məcburiyyətində qalan terrorçular ərzaq və silah ehtiyatlarını çıxara bilməyiblər. Qeyd olunur ki, ələ keçirilmiş silahlar içərisində İran istehsalı olan çoxsaylı əl qumbaraları aşkar edilib. Bu fakt İranın terrorçu PKK-ya dəstəyi ilə bağlı çoxdan mövcud olan şübhələrin yersiz olmadığını təsdiqləyib.

Eyni zamanda, o da bildirilir ki, Türkiyənin hökumət qüvvələri ilə toqquşmalarda yaralanan terrorçular İrandakı Güney Azərbaycanın Urmiyə şəhərindəki hospitalda müalicə olunmaları haqda məlumatlar mövcuddur. Eləcə də Ermənistan hospitallarında PKK-çıların müalicə aldığı məlum həqiqətdir. Bu arada isə başqa bir məlumata görə, son zamanlar 400-dən çox yaraqlı İran-Ermənistan sərhədinə köçürülüb. Qeyd edək ki, əvvəllər PKK terrorçularının Ermənistana keçmək üçün seçdiyi marşrutlardan biri məhz Azərbaycanın işğal altındakı əraziləri olub. İran və Ermənistana köçürülən PKK-çıların bu ölkələrin Azərbaycanla sərhədə yaxın ərazilərə köçürləməsinə dair fikirlər səslənməkdədir. Əslində, bunu əsas etibarı ilə Ermənistan tərəfindən məqsədyönlü şəkildə həyata keçirildiyini də qətiyyətlə söyləmək olar. Belə ki ermənilər PKK-dan Azərbaycana qarşı da istifadə etməyə hər zaman xüsusi diqqət yetiriblər. Bu əsnada o da məlum olub ki, PKK Ermənistandakı əlaqələri hesabına hərəkət edərək, Əfqanıstandan əldə etdiyi heroini işğalçı dövlətin ərazisindən Türkiyəyə keçirməyə cəhd edir. Türkiyə Jandarma da təsdiq edir ki, erməni tərəfindən Türkiyəyə keçirilməsi nəzərdə tutulan narkotik maddələrin miqdarında bu səbəbdən artım müşahidə olunur.

Qeyd edək ki, Ermənistan həmişə PKK-ya dəstək verib. Bundan əlavə, terror təşkilatı ilə işğalçı dövlət arasında davamlı olaraq yardımlaşma mövcuddur. Məhz bunun nəticəsidir ki, Türkiyənin Ermənistanla sərhəd bölgələrində terrorçularla vaxtaşırı toqquşmalar baş verir. Bundan başqa, Ermənistan faktiki olaraq narkotik maddələrin Türkiyə, oradan da Avropaya daşınmasının düz mərkəzinə çevrilib. Bundan xəbərdar olan ABŞ rəsmiləri dəfələrlə İrəvan hakimiyyətini xəbərdar edərək, onlardan bu məsələyə son qoymasını tələb edib. Hətta bir müddət əvvəl "Vikiliks" saytının yaydığı məlumatda da bu amil xüsusi olaraq vurğulanmışdı. Lakin ermənilər buna əhəmiyyət verməyərək, narkotik ticarətini daha sürətlə inkişaf etdirir və belə məkanlardan biri də Azərbaycanın işğal edilmiş əraziləridir.

Məlumdur ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində bu ərazinin və Azərbaycan-İran sərhədinin 132 kilometr hissəsinin faktiki olaraq nəzarət olunmayan zonaya çevrilməsi də narkoişbazlar üçün əlverişli şərait yaradır. Daxil olan əməliyyat məlumatları təsdiq edir ki, bu nəzarətsiz zonalar narkotik vasitələrin əkilib-becərilməsi, istehsalı, tranziti, ticarəti, qanunsuz silah və insan alveri, terrorçuların sığınacağı və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün aktiv istifadə olunur.

Elə PKK-nın da ermənilər tərəfindən yaradılan şəraitdən maksimum bəhrələnməyə çalışdığı vurğulanır. Faktdır ki, Ermənistanla uzun illərdən bəri Türkiyə əleyhinə mübarizə aparan PKK terror təşkilatı arasında sıx işbirliyi mövcuddur. Türkiyə mediasında da dəfələrlə yer alan məlumatlardan məlum olur ki, PKK-nın əsas düşərgələrindən biri də məhz Ermənistanda yerləşir.

Səməd CƏFƏROV

MOVQE.AZ