Əlaqə Arxiv
news Image
2018.12.18
08:00
| A A A
Azərbaycanın Avropada Ermənistan üzərində yeni böyük uğuru
İlqar Vəlizadə: “Ermənistan geosiyasi arenada təklənib, bu da ona müsbət gələcək vəd etmir” Ramiyə Məmmədova: “Azərbaycan Avropaya Cənubi Qafqazda önəmli dövlət olduğunu sübut etdi”

Məlumdur ki, Avropa Parlamentinin plenar sessiyasında "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" üzrə qətnamə qəbul edilib. Qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Bu sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. 

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin müəllifi olduğu qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Yeni qətnamə Azərbaycanın maraqlarına tam cavab verir. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. Sənəddə digər vacib müddəa qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qətnamə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardım edilməsini nəzərdə tutur. Xarici fəaliyyət və təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatların cəhdləri nəticəsiz qalıb. Onlar qətnaməyə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, bu təklif böyük səs çoxluğu ilə rədd edilib. Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir.
Erməni lobbisinin maraqlarına xidmət edən bəzi avropalı deputatların cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib.
Avropa Parlamentinin yeni bəyannaməsi bu məsələ üzrə erməni tərəfinin hər hansı yeni manipulyasiyalarını qeyri-mümkün edir. Sənəd Avropa İttifaqının öz tərəfdaşlarının suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsini nəzərdə tutur.
Siyasilər bildirirlər ki, bu, Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Odur ki, bu cür sənədlərin sayının artması Ermənistanın diplomatik müstəvidə Azərbaycana yeni məğlubiyyəti kimi dəyərləndirilir. 
Politoloq İlqar Vəlizadə bildirir ki, illər ərzində Avropa ölkələri tərəfindən bir sıra qətnamələr qəbul olunub: “Qətnamələrdə birmənalı olaraq postsovet məkanında olan ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılması tələb olunur. Yəni, artıq Ukrayna böhranı digər münaqişələrlə eyni səviyyədə götürülür. Qarabağ münaqişəsi də eyni şəkildə qiymətləndirilir.  
Bəlkə də Azərbaycana münasibətdə məcburiyyət qarşısında bu cür yanaşırlar. Çünki Avropa illərdir, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə ciddi önəm verməyib. Lakin Ukrayna hadisələri burada konfliktlərə eyni gözlə baxmağa məcbur etdi. Ona görə də bu cür qətnamələrin sayının artması Qarabağ münaqişəsini lazım olan normada həll edə bilməsi üçün Azərbaycana münbit geosiyasi mühit yaradır. 
Ermənistan elə bilirdi ki, həmişə bu cür davam edəcək. Lakin Krım hadisələrindən sonra Qərbin bu məsələlərə münasibəti dəyişdi. Ona görə də Ermənistanın artıq geosiyasi mövqeyi zəifləyib. Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatı onu göstərir ki, Ermənistanın mövqeyini müttəfiqləri belə dəstəkləmir. Ermənistan geosiyasi arenada təklənib. Bu da ona müsbət gələcək vəd etmir”.
Digər politoloq Ramiyə Məmmədova bildirdi ki, Avropa Parlamentinin plenar sessiyasında "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" üzrə qəbul etdiyi qətnaməni Azərbaycanın illərdir, apardığı mücalidənin qalibiyyəti kimi dəyərləndirmək olar: “Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşılma tələbi qoyulub. 
Məlumdur ki, bu günə qədər Avropa dövlətləri Qarabağ məsələsində aktiv olmayıblar. Lakin indi qəbul edilmiş qətnaməni Azərbaycanın haqq səsinin eşidilməsi, illərdir apardığı mübarizənin müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Yəni, Azərbaycan Avropaya Cənubi Qafqazda önəmli dövlət olduğunu sübut etdi. Artıq Qarabağ məsələsinin həllində yaşıl işıq yanmaqdadır”.
Politoloq əlavə etdi ki, bu qətnamə Ermənistanın növbəti məğlubiyyətidir: “Azərbaycan özünün haqq səsini növbəti dəfə hüquqi əsaslarla dünyaya çatdıra bildi. Azərbaycan bu qətnaməni əsas tutaraq Qarabağ münaqişəni aktiv mərhələyə gətirə bilər. Bu da uzun illərdir, heç bir iş görməyən Avropa İttifaqının hərəkətə gətirilməsi olacaq. Artq Avropa İttifaqında Azərbaycanın region üçün əhəmiyyətini dərk edirlər. Ümid edək ki, problemin həllinə çalışacaqlar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz