Əlaqə Arxiv
news Image
2018.12.18
09:00
| A A A
KTMT-də Ermənistanın fiaskosu davam edir
Üzeyir Cəfərov: “Əgər Rusiya, Belarus, Qazaxıstan, Tacikistan bu məsələni həll edibsə, Paşinyanın «ağ qarğa» rolunu oynamasının heç bir nəticəsi olmayacaq” Qabil Hüseynli: “Ermənistan üçün aşağılayıcı vəziyyət yaranıb”

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə belaruslu namizədin əleyhinə çıxış etməsinə görə narazılığını bildirib. O qeyd edib ki, KTMT baş katibini seçə bilməməyimiz rüsvayçılıqdır: “Ümumiyyətlə, Ermənistan rəhbərliyi KTMT-nin digər ölkələrinə güzəştə getməlidir. Çünki məhz onlar təşkilatı daxili siyasi problemlərinə bulaşdırıb". 

Siyasilərin sözlərinə görə, Ermənistanın fiaskosu davam edir. Bu fonda KTMT dövlətlərinin növbəti sammitində Ermənistanın daha bir biabırçı məğlubiyyətlə üzləşməsi istisna edilmir. İrəvanın mövqeyində dəyişiklik olmasa, hadisələr hətta onun təşkilatdan qovulmasına kimi inkişaf edə bilər. 
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirir ki, baş katiblik məsələsi həll edilmiş məsələdir: “Burada hansısa problem yoxdur. Qazaxıstan, Tacikistan da Belarusu dəstəkləyir. Ona görə də Ermənistanın çaba göstərməsi əbəsdir. Nikol Paşinyan KTMT üzvləri arasında olan hörmətini itirib. Odur ki, onunla ciddi siyasətçi kimi davranmırlar. 
Ermənistan məhkum olunmuş ölkədir. Paşinyan da yanvarın 7-ə qədər Rusiya və digər üzvlərlə münasibətləri korlamamağa çalışır. Lakin Belarsun nümayəndəsinin Qazaxıstana getməsi, Rusiyanın buna “yaşıl” işıq yandırması, Tacikistanın razılığı və s. proseslər məsələnin bitdiyi göstərir. Bu da Ermənistana təsir edir. Paşinyan nöbəti siyasi «zərbə» alıb. Əgər Rusiya, Belarus, Qazaxıstan, Tacikistan bu məsələni həll edibsə, Paşinyanın «ağ qarğa» rolunu oynamasının heç bir nəticəsi olmayacaq və məsələ bitəcək. 
Bu məsələ onsuz da Astanada həll edilmişdi. Paşinyan Astanadakı sammitin sonuna belə qalmamışdı. Küskün şəkildə İrəvana qayıtmışdı. Yəni, Ermənistanın fiaskoları davam edir. Aleksandr Lukaşenkonun Paşinyana “Putindən qorxsun?” deməsi ondan xəbər verir ki, erməni nazir limitlərdən istifadə edib. Get-gedə də daha rüsvayçı duruma düşəcək. Odur ki, Ermənistanda yanvar ayının  xoş keçməyəcəyi gözlənilir. Yanvarın 7-dəki seçkilərdən sonra Ermənistanda növbəti gərginliklər yaşana bilər”.
Politoloq Qabil Hüseynli bildirdi ki,  KTMT-da rüsvayçı vəziyyət yaranıb: “Nursultan Nazarbayevlə Aleksandr Lukaşenko Ermənistandan olan namizədin əleyhinədirlər. Rusiya isə fərqli mövqe tutsa da, əslində, onları tam müdafiə edir. Ermənistan üçün aşağılayıcı vəziyyət yaranıb. Onun yeni nümayəndə seçmək arzusu rədd edilib. Yəqin ki, baş katib vəzifəsinə Belarusun nümayəndəsi seçiləcək. Bu, Paşinyanın ard-arda postsovt məkanındakı qurumlarda növbəti fiaskosudur”.
Politoloq əlavə etdi ki, yeni ildən etibarən Rusiya Ermənistana satacaq qazın tariflərini qaldıracaq: “Neft və neft məhsullarının da qiyməti artırıla bilər. Yəni, onsuz da ağır durumda olan bu ölkəni yeni ildən ağır sınaqlar gözləyir. Yanacaq, enerji qiymətlərinin bahalaşması ilə əlaqədar ölkə böhran vəziyyətinə düşəcək. 
Nəzərə alaq ki, İran da onun ehtiyaclarını ödəmək iqtidarında deyil. Bununla da Ermənistanın dikbaş baş naziri verdiyi vədləri yerinə yetirə bilməyəcək. Rusiya ilə münasibətlərini pisləşdiyini nəzərə alsaq, Ermənistanı yaxşı gələcək gözləmir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz