Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk qrupu Qarabağ münaqişəsini həll etmək üçün əlini ağdan qaraya vurmayıb. Bu hadisə isə onu deməyə əsas verir ki, artıq dünya miqyasında da Minsk qrupunun fəaliyyətsizliyi tənqid olunmağa başlayıb.
Həqiqətən də, yarandığı gündən üzü bəri ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üçün real addımlar atmayıb. Bu illər ərzində sözügedən qurum münaqişənin çözülməsi üçün prosesə əngəl olan işğalçı Ermənistana bir dəfə də olsun “gözün üstə qaşın var” deməyib. Əksinə, hələ də Minsk qrupunun həmsədr ölkələri işğalçı ilə işğala məruz qalan ölkəyə eyni müstəvidə yanaşırlar. Bu illər ərzində Minsk qrupu yalnız atəşkəsin elan edilməsinə nail olub ki, bunu da öz fəaliyyətlərinin ən yüksək zirvəsi kimi qələmə verməyə çalışırlar. Halbuki, atəşkəsin elan edilməsindən uzun illər keçməsinə rəğmən, proses bir addım da olsa irəliləməyib. Məhz bunun nəticəsidir ki, dəfələrlə Minsk qrupu formatının dəyişdirilməsi, yaxud da oradakı üçlükdəki bəzi dövlətlərin digərlərilə əvəzlənməsi məsələsi həm Azərbaycan tərəfindən, həm də bir sıra digər dövlətlər tərəfindən gündəmə gətirilib.
MDHP sədrinin müavini, politoloq Elşən Mirzəoğlu Minsk qrupunun tərkibində dəyişiklik olması, orada Türkiyə, Almaniya və İsveçin təmsil edilməsini daha məqbul variant hesab edir: “Təbii ki, Minsk qrupunun fəaliyyətinə olan beynəlxalq münasibət də ilk növbədə məhz həmin qurumun səmərəsiz fəaliyyətilə bağlıdır. Qrupun bu illər ərzində fəaliyyəti birmənalı olaraq qeyri-qənaətbəxş sayıla bilər.
Azərbaycan hakimiyyəti, ilk növbədə Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan xalqı və dövləti Minsk qrupunun fəaliyyətindən narazıdır. 1992-ci ilin martında yaradılan bu qurum iki münaqişə dövləti arasında münaqişənin beynəlxalq hüquq normalarına istinadən həll etmək məqsədilə yaradılan qurum olub. Sonradan həmsədrlik institutu da yarandı. Bu da bölgədə müxtəlif geosiyasi maraqları oaln güclərin təmsil olunması ilə bağlı idi. Yəni, bölgəmizdə bu mənada ABŞ, Avropa Birliyi və Rusiyanın marağının olması təbiidir. Bununla belə həmin məsələ həmsədrlik institutu çərçivəsində öz həllini tapsa da, proses tam mənada öz həllini tapmayıb. Qurumun irəli sürdüyü layhələr gah bir tərəfin, gah da digər tərəfin marağına cavab vermirdi. Bu mənada Minsk qrupunun fəaliyyətində olan ən ciddi nöqsanlardan biri odur ki, qurum təcavüzə məruz qalan dövlətlər təcavüz edən dövlət arasında fərqin mahiyyətinə varmaq istəmədi.
Bir tərəfdən, Minsk qrupu millətlərin öz müqədəratını təyin etmə prinsipini önə çəkir, digər tərəfdən də onun fəaliyyətində dövlətlərin ərazi bütövlüyü məsələsi diqqət mərkəzində olurdu. Belədə qurumun fəaliyyətindəki ikili standartlar, xristian təəssübkeşliyi, münaqişəyə dünya güclərinin fərqli müstəvədən yanaşmaları onun illər ərzindəki fəaliyyətini səmərəsiz edib. Bu mənada Minsk qrupunun formatı dəyişdirilə bilər. Yaxud da tərəflər qanunvericiliyin verdiyi normativlər əsasında ondan imtina da edə bilərlər. Amma unutmaq lazım deyil ki, zamanında Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Minsk qrupuna mandatı məhz BMT verib. BMT-nin konfliktin tənzimlənməsilə bağlı 4 mühüm qətnaməsi də var.
Bu mənada məsələni BMT Təhlükəsizlik Şurasına qaytarmaq da olar. Bununla belə düşünürəm ki, Minsk qrupunun fəaliyyətində dəyişiklik etmək və Fransanın mövqeyindən fərqli mövqe sərgiləyən dövlətləri cəlb etmək olar. Almaniya, Türkiyə və İsveç burada təmsil olunarsa, qurumun daha fəal ola biləcəyini düşünürəm. Ya model dəyişməli, ya da bölgədə Rusiyanın getdikcə artan nüfuzu, onun Ermənsitana təsir imkanları nəzərə alınmaqla, ümumiyyətlə, ATƏT-in Minsk qrupundan imtina edib, danışıqları Moskvanın vasitəsilə aparmaq olar. Belarus prezidenti Aleksand Lukaşenkonun açıqlaması da ondan qaynaqlanır ki, onlar Azərbaycanı Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına cəlb etmək istəyirlər. Bu məsələlərə münasibət təbii ki, Azərbaycan Prezidentinin səlahiyyətinə aid olan məsələdir. Bütün hallarda veriləcək qərar Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə xələl gətirməməlidir”.
Rüfət NADİROĞLU