Əlaqə Arxiv
news Image
2018.12.18
10:36
| A A A
Bakı-Moskva münasibətləri İrəvanı daha çox narahat etməyə başlayır
Elman Nəsirov: “Rusiya-Ermənistan münasibətlərinin korlanması prosesi dərinləşir”

Bakı-Moskva yaxınlaşması İrəvanda getdikcə daha çox narahatlıq yaradır. Bu narahatlıq Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri, burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı müzakirələrdən sonra daha da artıb. 

Qeyd edək ki, son illər ümumiyyətlə, Bakı ilə Moskva arasında sıx münasibətlərin yaranması Ermənistanda əməlli-başlı həyəcana səbəb olub. Ermənistan rəhbərləri hətta bununla bağlı bir neçə dəfə Rusiyaya öz etirazlarını da bildiriblər. Hansı ki, prosesin gedişindən Moskvanın Ermənistanın bu etirazına heç məhəl qoymadığı açıq-şəkildə sezilir. İrəvan hətta Rusiyanın Azərbaycana silah satmasından da xeyli dərəcədə qorxuya düşüb. Ümumiyyətlə, son proseslər fonunda İrəvan hər hansı bir Rusiya hökumət nümayəndəsinin rəsmi səfərlə ölkəmizə gəlməsini özləri üçün bədbəxtliyin başlanğıcı kimi qəbul edirlər.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Bakı ilə Moskva arasında əlaqələrin güclənməsi fonunda Ermənistanın daha ciddi şəkildə narahatlıq keçirməsi onun öz mövqelərini itirməsindən qaynaqlanır: “Ermənistanın müstəqillik dövrü tarixində İrəvanla Moskva arasında münasibətlər heç zaman bu qədər qəliz xarakter almayıb, bu dərəcədə mürəkkəb olmayıb. Onlar arasında qarşılıqlı etimadsızlıq mühiti də dərinləşir. Bunun mühüm göstəricilərindən biri kimi, dekabrın 9-da Ermənsitanda keçirilən parlament seçkilərini misal göstərmək olar. Həmin seçkilərdə Paşinyana məxsus “Mənim addımım” bloku qalib elan edilsə də, bu günə qədər Rusiya prezidenti Vladimir Putin onu qələbə münasibətilə təbrik etməyib. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılan heç bir dövlət rəhbəri Paşinyanı təbrik etməyib. Bu, görünməmiş bir hadisədir. 
Müqayisə üçün qeyd edim ki, 2017-ci ilin aprelin 2-də Ermənsitanda Serj Sarkisyanın keçirdiyi parlament seçkilərinin nəticələri bəyan edilər-edilməz Putin ona təbrik məktubu ünvanlamışdı. Putinin ad günündə təbrik etdiyi Ermənsitanın keçmiş prezidenti Robert Köçəryanın seçki öncəsi həbsi də Rusiya prezidentinin Paşinayana olan münasibətinin çox qəliz şəkildə formalaşmasını şərtləndirən amil olub. 
İndiki halda diqqətdən yayınmayan başqa bir məsələ üzərində də dayanmağa dəyər. Belə ki, Rusiya Ermənistana hələlik ucuz, yəni min kubmetri cəmi 150 dollara qaz satır.  Amma artıq bu müqavilənin müddəti başa çatmaq üzrədir. Rusiya-Ermənistan münasibətlərinin bu dərəcəsə qəliz olduğu bir məqamda Moskvanın daha aşağı qiymətlərlə İrəvana qaz satacağı ağlabatan deyil. Əvəzində Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Bu kontekstdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirakı, Azərbaycan Prezidentilə görüşü, burada ikitərəfli münasibətlərin yüksək inkişaf etdiyi barədə səsləndirilən fikirlər, eyni zamanda onun xarici işlər nazirimizin adını çəkərkən həmkarım, dostum ifadəsini işlətməsi, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edənin adını çəkdikdə isə sadəcə,  onun vəzifəsini qeyd etməsi - bütün bunlar onu göstərir ki, Bakı ilə Moskva arasında münasibətlərdə ciddi irəliləyişlər var. 
Eyni səviyyədə, Rusiya-Ermənistan münasibətlərinin korlanması prosesi dərinləşir. Qış mövsümündə Ermənsitanda sosial durum daha da ağırlaşacaq və qazın qiymətinin qalxması ilə işğalçı ölkədə sosial partlayışlar yenidən baş qaldıracaq. Fikrimcə, indilikdə Kreml rəhbərliyi Ermənistana münasibətdə bir qədər gözləmə mövqeyində dayanıb. O baxımdan ki, Moskva Ermənistanda sosial vəziyyətin gərginləşəcəyi və Paşinyana olan etimadın sürətlə azalacağını nəzərdən keçirirlər. 
Bir neçə ay öncə İrəvanda mer seçkisində Paşinyan tərəfdarları 80 faizdən çox səs toplamışdısa, parlament seçkilərində qalib gəlsələr də səsləri azalaraq 70 faizə düşüb. Həmin seçkiyə də seçicilərin cəmi 48 faizi qatılıb. Rusiya bu kimi tendensiyaları da izləyir. Belədə hesablayıblar ki, zaman keçdikcə Paşinyanın əvvəlki populyarlığı daha da aşağı düşəcək və Ermənistanda xalqın ona qarşı etirazları da artacaq. Bu isə Rusiyaya Ermənistana münasibətdə müxtəlif təzyiq üsullarını işə salmaq üçün daha yaxşı imkanlar yaradır. Həmçinin hazırkı vəziyyətdə Azərbaycanın mövqeyi daha da güclənir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz