Əlaqə Arxiv
news Image
2019.01.09
07:00
| A A A
Düşmənin cəbhə təxribatları yeni savaşı körükləyir
İbrahim Rüstəmli: “Yenə də məsələlərin arxasında erməni riyakarlığı, erməni hiyləgərliyi dayanır” Ədalət Verdiyev: “İstənilən atəşkəsin pozulması halına nəticəsinin nəcə olmasından asılı olmayaraq, artıqlaması cavab verilməlidir”

Son dövrlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi intensiv şəkildə pozurlar. Hətta mülki şəxslərin atəşə tuturlar. Ekspertlər buna səbəb kimi müxtəlif amilləri vurğulayırlar. 

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirir ki, ötən ilin son aylarında Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan hadisələrin baş verdiyindən xəbərdarıq: “Məsələn, Avropa komissarı Federika Moqerini Milanda ATƏT-in Nazirlər Şurasının toplantısında çıxışı zamanı ölkəmizin də daxil olduğu tərəfdaşların ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinin vacib olduğunu vurğulayıb. Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə həmsədri S.Karim isə qurumun  mövqeyini rəsmi jurnalda aydın konturlarla ifadə edib: “Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyirik”. 
Ən ümdəsi, Azərbaycan MDB daxilində aparıcı dövlətlər kimi dəyərləndirilən Belarus və Qazaxıstanı birmənalı və açıq şəkildə özünün müttəfiqi kimi tanıda bilib. Bunun təbii nəticəsi kimi, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistana qarşı Belarus və Qazaxıstanın fəal iştirakı ilə dayanıqlı alyans formalaşıb. O cümlədən, Rusiya tərəfdən də münaqişənin nizamlanması üçün vasitəçiliyin fəallaşması müşahidə olunur. Bütün bunların ümumi fonunda son dövrlərdə Ermənistan silahlılarının cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini intensiv şəkildə pozması təbii təsir bağışlayır. Yəni, bu, ilk növbədə informasiya təhlükəsizliyi cəbhəsində düşmən tərəfindən atılan atəş kimi diqqəti çəkir. Məqsəd guya sülh rejiminin Azərbaycan tərəfindən pozulmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və qabartmaqdır. Yenə də məsələlərin arxasında erməni riyakarlığı, erməni hiyləgərliyi dayanır. Onsuz da Ermənistanda böyükdən kiçiyə hamı yaxşı başa düşür ki,  işğalçı güc Azərbaycan Silahlı Qüvvələrilə döyüşdə tab gətirə bilməz! Ümimiyyətlə, bu iki qütbü müqayisə etmək artıq utopik bir məsələyə çevrilib. O üzdən soyuq müharibə cəbhəsində bütün imkanlarımızı daha da gücləndirməli, düşmənə hər hansı məqamdan öz mənafeyi naminə yararlanmağa imkan verməməliyik”. 
Hərbi məsələlər üzrə digər ekspert Ədalət Verdiyev bildirdi ki, ermənilərin Qazax istiqamətində aktivləşməsinin səbəblərindən biri həmin istiqamətdə Dövlət Sərhəd Xidmətinin təmas xəttində yerləşdirilməsidir: “Nəzərə alaq ki, bir çox kütləvi informasiya vasitələrinin nümayəndələri sərhəd qoşunlarının şəxsi heyətinin silahlanması, texnikaları, şəraitləri ilə yaxından tanış oldular. Mətbuatda onların döyüş hazırlığı, gündəlik fəaliyyətləri ilə bağlı geniş məlumatlar işıqlandırıldı. Bu tədbirlər çərçivəsində də jurnalistlərə ciddi məhdudiyyətlər tətbiq olunmadı. Görüntülərdəki sərhəd zastavalarına paralel olaraq onlarla inşaat işlərinin davam etdirilməsi, əsgərlər üçün yeni yaşayış məntəqlərinin, döyüş postlarının, müşahidə məntəqələrinin və s. yenidən inşası əks tərəfdə bəlli narahatlıq yaratdı. Atəşə məruz qalan ekskavator həmin inşaat işlərində aktivlik göstərən şirkətlərdən birinə məxsusdur. 
Əslində, Qazax istiqamətində atəşkəsin pozulması Ermənistanın maraqlarına cavab vermir. Çünki həmin ərazidə Azərbaycanın üç anklavda olmaqla dörd sərhədyanı kəndi işğal altındadır. Bundan başqa həmin  istiqamətində bütün İcevan və Noyenberyan rayonlarının ərazisi atəş nəzarətimiz altındadır. Belə bir şəraitdə ermənilərin qərb istiqamətində atəşkəsi pozması təxribat xarakterlidir. Qəti şəkildə ciddi cavablarını almalıdırlar. Əgər ermənilər ilk gündən sərhəd qoşunlarından layiqli cavablarını alarlarsa, gələcəkdə onları təxribatçı addımlardan çəkindirə bilərik”.
Ekspert əlavə etdi ki, düşmənin bu hadisə ilə savaşı tətikləmir: “Müharibə daha çox Azərbaycan rəhbəri səviyyəsində olacaq qərardır. Nikol Paşinyanın hələ də bütün səviyyələrdə özünə komanda yığa bilməməsi, bəzi qüvvələrin əvvəlki komandadan olması bəlkə də müəyyən təxribatların baş verməsinə səbəb olur. Lakin istənilən atəşkəsin pozulması halına nəticəsinin nəcə olmasından asılı olmayaraq, artıqlaması cavab verilməlidir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz