news Image
2019.01.11
09:00
| A A A
Qarabağda yeni savaş xəbərdarlığı
İlqar Vəlizadə: “Müharibənin başlanma ehtimalı hər zaman var” Elşən Mustafayev: “Bu açıqlama Ermənistana verilən siqnaldır ki, müharibə başlasa, Moskva İrəvanı deyil, Azərbaycanı müdafiə edə bilər”

Rusiya Prezident Administrasiyası rəhbərinin keçmiş müşaviri Qleb Pavlovski Dağlıq Qarabağda tezliklə müharibənin olacağını bildirib. Qeyd edib ki, buna səbəb Ermənistanda olan problemlər və problemlərdən diqqəti yayındırmaq cəhdləri olacaq. 

Xatırladaq ki, “Qarabağ klanı”nın hakimiyyəti dövründə Ermənistan daxilində hər hansı bir problem yaranan kimi, əvvəlki iqtidar cəbhədə gərginliyi artırmaq, hərbi əməliyyatlara getməklə öz əhalisinin diqqətini iç problemlərdən yayındırmağa çalışıb. Hazırda Paşinyan hakimiyyəti son seçkilərdən sonra demək olar ki, tamamilə öz əlinə alıb. Amma işğalçı ölkədə mövcud problemlər nəinki həll olunmayıb, hətta daha da kəskin xarakter almağa başlayır. Erməni əhalisinin vəziyyəti Paşinyan iqtidara gələndən sonra da pisləşməkdə davam edir. Yenə də ölkəni daha çox erməni tərk etməkdədir. Bir sözlə, Ermənistanın durumu günü-gündən daha da pisləşməkdədir. 
Politoloq İlqar Vəlizadə müharibənin başlama ehtimalını istisna etməsə də, hər şeyin danışıqlar prosesindən asılı olduğunu vurğuladı: “Heç kim deyə bilməz ki, Dağlıq Qarabağda müharibə olacaq, ya yox. Çünki bu müharibə kiminsə sifarişilə baş vermir. 
Əslində, müharibənin başlanma ehtimalı hər zaman var. Keçən ildə də bu baş verə bilərdi. Sadəcə olaraq, keçən il vəziyyət elə idi ki, hər an müharibə ehtimalından qaça bilirdilər. 
Keçən ilin yay aylarında lokal xarakterli müharibənin başlanması üçün müəyyən şərait yaranmışdı. Belə ki, həmin dövrdə Paşinyan Dağlıq Qarabağ icmasının da danışıqlar prosesinə qatılması məsələsini gündəmə atdı. Həmin fonda cəbhə xəttində də müəyyən proseslər gedirdi. Bu fonda hansısa təxribat olsaydı, yəqin ki, mühharibə keçən ilin yay aylarında da baş verə bilərdi. Həm Azərbaycan, həm də Ermənistan tərəfi o dövrdə hərbi təlimlər də keçirirdi. Həmin təlim prosesində hansısa təxribatlar baş versəydi, böyük ehtimalla proses müharibəyə aparıb çıxaracaqdı. İndi də heç kim konkret olaraq deyə bilməz ki, müharibə ola bilər, ya yox. Hər şey danışıqlar prosesindən asılıdır. 
Ermənistanın daxili siyasi vəziyyətindən asılı deyil. Düzdür, daxili problemləri fonunda Ermənistan tərəfi cəbhədə gərginliyi artırmağa cəhd edə bilər. Keçən ilin aprel-may aylarında da belə cəhdlər olub. Əvvəlki erməni hakimiyyəti daxildəki proseslərdən diqqəti yayındırmaq üçün Dağlıq Qarabağda müəyyən gərginlik yaradırdı”.   
Politoloq Elşən Mustafayev şimal ölkəsindən olan ekspertin yuxarıda qeyd edilən açıqlamasının əslində, başqa cür yozulmalı olduğunu dedi: “Rusiyalı ekspertin sözügedən fikri əslində, tamamilə başqa cür  yozulmalıdır. Bu açıqlama Ermənistana verilən siqnaldır ki, müharibə başlasa, Moskva İrəvanı deyil, Azərbaycanı müdafiə edə bilər. Yəni, Rusiya bununla Paşinyana mesaj verir ki, ölkəsini Moskvanın təsirindən qoparmaq cəhdlərindən əl çəksin. 
Rusiya heç bir halda strateji marağı olan Ermənistan kimi bir ərazidən geri çəkilməyəcək və bütün variantlardan istifadə edəcək ki, öz mövqeyini qoruyub saxlaya bilsin. Hamımız bilirik ki, Dağlıq Qarabağın işğal altında qalması heç də Ermənistanla bağlı məsələ deyil. Sadəcə, Rusiya vəziyyətin mövcud statusda qalmasında maraqlıdır. Ermənsitana gəldikdə, Azərbaycan onu çox asanlıqla darmadağın edə bilər. Məsələ ondadır ki, ortada Rusiya faktoru var. Ona görə də Azərbaycan hazırda Rusiyanı neytrallaşdırmağa doğru addımlar atır. Rusiyanın Ermənistana dəstəyi dayanacağı təqdirdə, Dağlıq Qarabağda müharibənin başlanması fonunda sözsüz ki, işğalçı ölkə çox asanlıqla məğlub ediləcək. Amma rusiyalı ekspert Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə, nəticənin necə olacağını demir. Ona görə demir ki, nəticənin necə olacağı məlumdur. Sözsüz ki, indiki situasiyada Moskva Ermənistana hər hansı bir dəstək göstərməyəcək». 

Rüfət NADİROĞLU