Əlaqə Arxiv
news Image
2019.01.11
09:40
| A A A
Böyük güclərin Qafqazda yeni çəkişməsi başlanır
"Stratfor"un proqnozuna əsasən, bu il Cənubi Qafqaz geosiyasi proseslərin ən intensiv şəkildə özünü göstərəcəyi məkanlardan biri olacaq

Amerikanın "Stratfor" qlobal strateji təhlil mərkəzi 2019-cu il üçün Cənubi Qafqazda dünyanın böyük gücləri olan ABŞ-la Rusiyanın mübarizəsinin daha da intensivləşəcəyini bildirir. "Stratfor"un proqnozuna əsasən, bu il Cənubi Qafqaz geosiyasi proseslərin ən intensiv şəkildə özünü göstərəcəyi məkanlardan biri olacaq. Ümumi məntiq ondan ibarətdir ki, Cənubi Qafqazla eyni səviyyədə Amerika ilə Rusiya arasında geosiyasi savaş Mərkəzi Asiyada baş verəcək. Hətta prosesə Çinin də ciddi surətdə qarışacağı ehtimal olunur. Hadisələrin bu səpkidə inkişafı fonunda Qarabağ münaqişəsinə təsiri önəm daşıyır. 

Qeyd edək ki, bu il Qarabağ cəbhəsində status-kvonun dəyişəcəyi barədə də proqnozlar var. Politoloq Şahin Cəfərli bildirir ki, Cənubi Qafqaz subregionuna geosiyasi baxımdan bütöv halda yanaşmaq doğru deyil: “Bu region əslində, geosiyasi olaraq parçalanıb. Hər 3 ölkənin seçdiyi yol fərqlidir. Gürcüstan strateji seçimini çoxdan edib və avroatlantik inteqrasiya istiqamətində irəliləyir. 
Hələ 2008-ci ildə NATO tərəfindən Gürcüstana üzvlük perspektivi vəd edilib və ötən müddətdə qonşu ölkənin bu hərbi-siyasi ittifaqa inteqrasiyası üçün önəmli addımlar atılıb. Gürcüstanın konkret nə vaxt NATO-ya qəbul olunacağı hələlik bəlli olmasa da, bu proses fasiləsiz gedir. Ermənistan bölgədə Rusiyanın müttəfiqidir. İnqilabdan və Nikol Paşinyanın iqtidara gəlməsindən sonra işğalçı qonşumuzun Rusiya ilə münasibətlərində suallar ortaya çıxsa da, hər iki ölkənin müttəfiqliyi istər ikitərəfli sənədlər, istərsə də çoxtərəfli formatlar çərçivəsində qüvvədə qalmaqdadır və Nikol Paşinyanın bu müqavilə-hüquq bazasını pozacağına dair hər hansı məlumat, işarə yoxdur.  Azərbaycan isə uzun illərdir ki, iki güc mərkəzi (Rusiya və Qərb) arasında balans siyasəti aparır və birmənalı seçim etmir. Rəsmi Bakı hər iki tərəflə əlaqələrini mümkün qədər inkişaf etdirməklə bərabər, inteqrativ xarakterli münasibətlər qurmağa tələsmir. 
Ölkəmiz Rusiya ilə yaxın siyasi-iqtisadi əməkdaşlıq qursa da, Moskvanın inteqrasiya layihələrində iştirk etmir. Eləcə də, Avropa Birliyi və ABŞ-la siyasi, iqtisadi, təhlükəsizlik sahələrində əməkdaşlıq yaxşı səviyyədə olsa da, rəsmi Bakı Avropa Birliyi ilə assosiativ saziş imzalamaqdan imtina edərək təşkilatla ikitərəfli sənəd imzalamağa üstünlük verib. Həmçinin, Azərbaycanın NATO-ya tamhüquqlu üzvlük kimi bir hədəfi də yoxdur, baxmayaraq ki, alyansın sülhməramlı əməliyyatlarına və təlimlərinə qatılmaqdan imtina etmirik”.
Politoloq əlavə etdi ki, geosiyasi mübarizənin hər iki tərəfinin Cənubi Qafqazda yaranmış bu tarazlıqdan ciddi narahatlıq keçirdiyinə və mövcud durumu tezliklə dəyişməyə çalışdığına inanmır: “Düzdür, Ermənistandakı inqilabdan sonra Rusiyanın narahatlığı artıb. Nikol Paşinyan Moskvanın adamı deyil və daha çox qərbyönlü, liberal siyasətçi kimi tanınıb, nəinki rusiyayönümlü. Əgər Paşinyan Rusiya ilə müttəfiqliyə zidd siyasət kursu seçərsə və Qərblə yaxınlaşmağa çalışarsa, onda İrəvan-Moskva xəttində gərginlik yaranacaq. Vaşinqton və Brüssel əlbəttə ki, Ermənistanın da, Azərbaycanın da Qərbə meyl etməsini istəyir və bunda maraqlıdır. Amma düşünürəm ki, Qərb Gürcüstandan sonra bu iki Cənubi Qafqaz ölkəsini də öz düşərgəsinə cəlb etmək məsələsində tələsməyəcək. 
Gürcüstanla bağlı onların apardığı siyasətə nəzər saldıqda, aydın görmək olur ki, Qərb Rusiyanı qıcıqlandırmaqdan, təhrik etməkdən çəkinir. Məhz bu səbəblə onlar Gürcüstanın NATO-ya qəbulu məsələsini uzadırlar. Qərb Gürcüstanı elə bir məqamda NATO-ya qəbul edəcək ki, Moskvanın buna qarşı hər hansı aqressiv addım atmayacağına əmin olsun. Hələ ki bu əminlik yoxdur.  Yəni demək istədiyim odur ki, Qərb avroatlantik inteqrasiya yolunu seçmiş Gürcüstanla bağlı bu cür ehtiyatlı siyasət aparırsa, deməli, bu yolu seçməmiş Azərbaycan və Ermənistan üçün bu mərhələdə Rusiya ilə açıq toqquşmaya getməkdən çəkinəcək. Qərb maraqlıdır ki, əvvəlcə Dağlıq Qarabağ münaqişəsi həllini tapsın və Azərbaycanla Ermənistan, eləcə də Ermənistanla Türkiyə arasında əlaqələr bərpa olunsun, kommunikasiyalar açılsın. Bunlar baş verdikdən sonra Rusiyanın bölgədə gücü zəifləyəcək və hər iki ölkə istər-istəməz Qərblə yaxınlaşmağa çalışacaq. Moskva bunu yaxşı anladığı üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə bu günə qədər imkan verməyib. Bir sözlə, Azərbaycan və Ermənistanın Qərbə inteqrasiyasında münaqişənin həlli mühüm rol oynaya bilər. Rusiya isə öz maraqlarına möhkəm təminatlar almadan münaqişəsinin həllinə yaşıl işıq yandırmayacaq. Yəni çox dolaşıq bir durum yaranıb və bu düyünün bütün tərəfləri – Azərbaycanı, Ermənistanı, Rusiyanı, Qərbi qane edəcək şəkildə açılması həddən artıq mürəkkəb vəzifədir”.
Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki,  ABŞ Rusiya arasında Yaxın Şərq, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda siyasi rəqabət yeni mərhələyə keçib: “Əsasən ABŞ Cənubi Qafqazda öz geosiyasi mövqeyini gücləndirməyə çalışır. Ermənistanda və Gürcüstanda baş verən siyasi hadisələr məhz Vaşinqton-Moskva qarşıdurmasının nəticəsidir. 
Burada biz Vaşinqtonun qalib gəlməsini görürük. ABŞ prezidentinin milli təhlükəsizlik məsələri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaza səfəri, burada Qarabağ münaqişəsinin həllini qeyd etməsi artıq qlobal müstəvidə bu münaqişəyə yanaşmanın göstəricisidir. Vaşinqton və Moskva regionda maraqları toqquşduğu fonda münaqişənin həlli aktuallaşacaq. Hətta bu hal Azərbaycanın maraqlarına uyğun şəraitin yaranmasına gətirə bilər. Belə bir situasiyada ABŞ münaqişənin həllində maraqlıdır. Çünki bu, Rusiyanın regiondan çıxarılmasına gətirə bilər. İl ərzində iki ölkənin siyasi rəqabətinin şahidi olacağıq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz