news Image
2019.01.11
15:15
| A A A
Prezident vergi və gömrükdəki islahatlardan DANIŞDI

Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və bu il qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. 

Movqe.az xəbər verir ki, Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü 5 illik prorqamın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, ötən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlət başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirib, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. 

Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında  imzalanan  tərədaşlıq prioritetləri sənədinin əhəmiyyətini vurğlayıb, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik etdiyini dedi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. 

Prezident İlham Əliyev onu da qeyd etdi ki, 2018-ci ildə hərbi sahədə böyük naliyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. 

İlham Əliyev xüsusi vurğulayıb ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt beynəlxalq ticarət limanı fəaliyyətə başlayıb. 

2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirib ki, ötən il ÜDM 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.

Yekun çıxışında 2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra ediləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. 

Dövlət başçısı qeyd olunan sahələrdə şəffaflığın, dürustluğun təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb. Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınmasının, meliorativ tədbirlərin görülməsinin, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin həbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya-idman komplekslərinin, ASAN xidmət mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafına dair əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd edib, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxunub, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirib.