Əlaqə Arxiv
news Image
2019.01.15
10:30
| A A A
Beynəlxalq insan haqları təşkilatları yenə ikili standartdan çıxış edirlər
Nəzakət Məmmədova: “Belə bir dövlətin bizə demokratiya dərsi verməyə çalışması gülüncdür” Tahir Kərimli: “Onlar ancaq özlərinin trolları vasitəsi ilə Azərbaycanda vəziyyəti qarışdırmaq və maraqlarının təmini eşqindədirlər”

Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in keçirdiyi aksiyada saxlanılanların sayı 240 nəfərə çatıb. Bundan başqa, iki aya yaxındır davam edən aksiyada minlərlə insan yaralanıb, hətta ölənlər də var. Buna baxmayaraq, Fransa başda olmaqla Avropa dövlətlərində insan huquq və azadlıqlarının məhdudlaşdırılması istiqamətində atılan addımları beynəlxalq təşkilatlar görməzdən gəlirlər. 

Halbuki, Azərbaycanda ən xırda, əhəmiyyətsiz bir hadisəni daim şişirdiblər. Politoloq Nəzakət Məmmədova bildirir ki, beynəlxalq təşkilatların əksəriyyətini yaradan elə Fransa və başqa böyük dövlətlərin özləridir: “Ona görə də orada baş verən proseslərə özlərinə sərf edən şəkildə qiymət verilir. 
Bugünkü mövcud beynəlxalq münasibətlər sistemi İkinci Dünya Müharibəsinin, soyuq müharibə dövrünün reallığını əks etdirir. Fransa və digər böyük dövlətlər İkinci Dünya Müharibəsində qalib idilər. Məhz həmin qalib dövlətlərin yaratdıqları beynəlxalq təskilatlar bugünkü dünyanın siyasi sistemini idarə etməyə çalışır, həmin böyük dövlətlərdə baş verənlərə bir cür, bizim kimi sonradan müstəqillik əldə edib beynəlxalq münasibətlərə qoşulan dövlətlərə isə başqa cür, yalnız öz imperialist maraqlarından yanaşırlar. Bunun adı "ikili standartlar"dır. Fransa və bəzi dövlətlər hələ də özlərini demokratiyanın "qoruyucu mələyi" hesab edir, jandarma kimi davranırlar. Doğrudur, onlar demokratiyanın inkişafına böyük töhfələr veriblər və bu danılmazdır. Lakin onlar bu dəyərlərin daha çox öz xalqı, dövləti üçün olan bir dəyər hesab edib, Avropanın Fransanın başçılığı altında daha üstün və demokratiyaya layiq olduğuna, digər xalqların isə müstəmləkə şəraitində yaşamalı olduğununa əmin olublar. 
Napoleon müharibələri, iki dünya müharibəsi, Fransanın Afrikada və Orta Şərqdə müstəmləkələr uğrunda müharibələri bunu sübut edir. Məhz Fransanın Avropada işğal, Afrikada və Yaxın Şərqdə həyata keçirdiyi müstəmləkəçilik siyasəti Almaniyanı və digər dövlətləri Napoleon, 1870-1871-ci il Fransa- Prussiya və 1914-1918, 1939-1945-ci illərdə iki dünya müharibəsinə təhrik edib. Fransa Osmanlı imperiyasına və türklərə, müsəlmanlara qarşı daima nifrəti ilə seçilib. Sayks-Piko, Sevr müqaviləsi kimi alçaldıcı sülhü məhz onlar Osmanlıya qarşı həyata keçirməyə çalışaraq, türklərə nifrətini gizlətməmişlər. Əlcəzairdə müstəmləkəçilik idarəetməsi zamanı yerli əhaliyə insan deyil, heyvan müamiləsi edilmiş, yüz minlərlə insan mağaraya doldurularaq orada tüstü ilə boğulmuşdur. Liviyada Qəddafidən külli-miqdarda  borc alıb prezident seçkiləri kampaniyasında istifadə edən Fransa sonradan orada Qəddafini vəhşicəsinə öldürtmüş, Türkiyəyə qarşı uydurma "soyqırım" aktını qəbul etmişdir. 1979-cu ildə İranda inqilab edən Fransa ABŞ və İsraili buradan uzaqlaşdırmış, öz geosiyasi maraqlarını təmin etməyə nail olmuşdur. Bu ölkədə 250 minlik erməni icmasının yaşaması onu türk və islam dünyasına qarşı mərkəzlərdən birinə çevirib. 
Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi indiyədək Qarabağ məsələsində ermənipərəst mövqe tutub, Azərbaycanın xeyrinə hər hansı addım atması müşahidə edilməyib. Üstəlik, Nikol Paşinyanı hakimiyyətə gətirdikdən sonra Makron Frankofoniya festivalını Ermənistanda təşkil edərək buraya səfər etmiş, Paşinyanla yaxınlaşmağa çalışmışdır. Qarabağ separatçılarının başçısı Bako Saakyan Fransaya gedib oradakı erməni diasporasında görüşlər keçirib. Halbuki, bu, onun həmsədr kimi roluna tamamilə ziddir. 
Fransa Cənubi Qafqazda xeyli fəallaşaraq ABŞ və Rusiya ilə geosiyasi rəqabətə girişib ABŞ-a qarşı müqavimətini artırıb. Öz keçmiş vətəndaşının və diplomatının Gürcüstan prezidenti seçilməsinə nail olan Fransa Cənubi Qafqaza silah satışına başlayıb, Gürcüstanla müqavilələr imzalamaqla, Azərbaycan və Ermənistana da bunun mümkünlüyünə dair müəyyən mesajlar verib. Azərbaycan Prezidenti bu yaxınlarda Ermənistanın konyak diplomatiyasından istifadə edərək beynəlxalq aləmdə rüşvət, korrupsiya yolu ilə öz planlarını həyata keçirməyə çalışdığını qeyd etdi. Bu, həm də o deməkdir ki, Ermənistanı öz kiçik bacısı hesab edən Fransanın sayəsində konyak diplomatiyası dünyada haqq-ədaləti rüşvətlə susdurmağa çalışacaq. Belə bir dövlətin bizə demokratiya dərsi verməyə çalışması gülüncdür. Çünki Fransada indiyədək davam edən "sarı jiletlilər" hərəkatında yüz minlərlə insanın hüququnun pozulması onun bu məsələdə özünün qınaq obyekti olmasına səbəb olub”.
Millət vəkili Tahir Kərimli bildirdi ki, Türkiyə və Rusiya prezidentləri də bu məsələyə toxundular: “Fransadakı mitinqlərdə nümayişçilər vəhşicəhisə döyülür, həbslər baş verir, amma insan haqlarının pozulmasına bir kəlmə də danışan olmur. Fransada 7 milyondan artıq qeyri-fransız yaşayır. Bu insanlar hər gün təhqirlə rastlaşırlar. Ancaq dünya susub. Yəni, belə hesab edilir ki, güclü kimdirsə, o da haqlıdır. 
Fransa digər Qərb dövlətləri ilə birgə müsəlman ölkələrini demokratiya adı ilə cəhənnəmə çevirdi. Qərbin müsəlman dünyasında qaçqın, kasıblıq, terror kimi milyonlarla izləri var. Yəni, Qərb daim mədəni vəhşiliklə məşğul olub. Fransa keçmişdə Əlcəzairdə 2 milyon insanın qətliamını həyata keçirən dövlətdir. Lakin heç kim bir söz demədi. Buna baxmayaraq, Fransa bəzən «erməni genosidi»ndən danışır. 
Ümumiyyətlə, Qərb Azərbaycanda adi bir hadisəni şişirtməyə çalışır. Bu ikili yanaşma ancaq və ancaq Azərbaycan hakimiyyətinə təzyiq vasitəsidir. Azərbaycan cəmiyyəti dərk etməlidir ki, Qərb bizdə demokratiya axtarmır. Onlar ancaq özlərinin trolları vasitəsi ilə Azərbaycanda vəziyyəti qarışdırmaq və maraqlarının təmini eşqindədirlər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz