Əlaqə Arxiv
news Image
2019.01.16
07:00
| A A A
Azərbaycan ordusunu daha güclü hala gətirir
Elman Məmmədov: “Azərbaycanın hamı tərəfindən etiraf edilən hərtərəfli gücü fonunda işğalçı Ermənistan prosesdən nəticə çıxarsa, özlərini qarşıda gözləyən daha ciddi fəlakətlərdən xilas edə bilərlər” Akif Nağı: “Azərabaycan torpaqları işğaldan azad etmək üçün hər an hərbi əməliyyatlara başlaya bilər

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Qarabağ münaqişəsilə bağlı Ermənistana növbəti dəfə xəbərarlıq edib: «Düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır». Hərbi güclə bağlı edilən bu xəbərdarlıq düşmən üçün hansı mesaj daşıyır və erməni tərəfi bundan hansı nəticə çıxarmalıdır?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycanın hamı tərəfindən etiraf edilən hərtərəfli gücü fonunda işğalçı Ermənistan prosesdən nəticə çıxarsa, özlərini qarşıda gözləyən daha ciddi fəlakətlərdən xilas edə bilərlər: “Ağıllı mühakimə yürütməyi, ayıq başla düşünməyi bacaran insan bu xəbərdarlıq, bəyanat və mesajlardan ciddi nəticə çıxartmalıdır. Ermənistanda hazırda mövcud olan siyasi rəhbərlik bu deyilənləri götür-qoy edib nəticə çıxarda bilsə, özlərini fəlakətdən qurtara bilərlər. Nəticə çıxarmaq isə o deməkdir ki, düşmən Azərbaycan torpaqlarından çəkilib getməlidir, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Cənab Prezident İlham Əliyev dəfələrlə bunu qeyd edib. 
Növbəti dəfə Nazirlər Kabinetinin ilin yekunlarına həsr edilən iclasında da ciddi şəkiıdə deyərək bəyan etdi ki, ermənilər baxıb nəticə çıxarsınlar. Keçən il keçirilən iki hərbi parad, burada nümayiş olunan hərbi silah-sursatlar ordumuzun malik olduğu arsenalın ancaq cüzi bir hisəssidir. 
Hazırda ordumuzda elə silah növləri var ki, Ermənistanın bütün nöqtə və hədəflərini çox dəqiqliklə vurmağa qadirdir. Ordumuz Naxçıvan istiqamətində heç bir döyüş əməliyyatı aparmadan, taktiki cəhətdən keçirdiyi əməliyyatla elə bir vəziyyət yaratdı ki, ermənilər ayılanda başlarının üstünü təhlükə aldığını gördülər. Bu gün İrəvandan Qarabağ istiqamətinə gələn yola Azərbaycan Ordusu nəzarət edir. Belədə hazırda Azərbaycan Ordusunun yerləşdiyi həmin  mövqelərdən Ermənistanın paytaxtı İrəvan şəhərinə 60 km. məsafə var.  Düşmən tətrəfi bundan ciddi nəticə çıxarmalıdır. Azərbaycanın iqtisadi, hərbi gücü, ölkəmizdə mövcud olan sabitlik, iqtidar xalq birliyi fonunda, Ermənistan daxilində gərginlik, qarmaqarışıqlıq, dövlət çevrilişləri, kriminal mühit, səfalət, iqtisadiyyatlarının çökməsi halları müşahidə edilir.  Erməni siyasi hakimiyyəti bunlardan nəticə çıxarmalıdır. Eyni zamanda, onlara himayədarlıq edən, işğal faktına göz yuman beynəlxalq qurum və dövlətlər də nəticə çıxarmalıdır. Hesab edirəm ki, Ermənistanın hazırkı siyasi rəhbərliyi özündən əvvəlki cinayətkar “Qarabağ klanı”nından fərqli olaraq düzgün düşünməyi bacaracaq və işğalçılıq siyasətindən əl çəkərək qonşularla normal müstəvidə əməkdaşlıq etmək istiqamətində fəaliyyət göstərəcəklər. Belə olmayan təqdirdə, Azərbaycan torpaqları azad etmək üçün hərbi gücdən istifadə etməyə məcbur olacaq. Cənab Prezident dəfələrlə bunu qeyd edib. Bu dəfə də qeyd etdi ki, Azərbaycan işğal faktı ilə barışmayacaq, torpaqlarımızın işğal altında qalmasına imkan verməyəcəyik. Buna nail olmaq üçün də bütün vasitələrdən istifadə edəcəyik. Belə olan halda ağlı yerində olan düşmənin siyasi rəhbərliyi və onun havadarları prosesdən ciddi nəticə çıxarmalıdır”. 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da qeyd etdi ki, düşmən tərəfə ünvanlanan bu mesaj nəticə çıxarmaq üçün təkcə ona deyil, həm də havadarlarına ünvanlanıb: “Azərbaycan Prezidentinin ötən ilin yekunları ilə bağlı keçirilən iclasda Dağlıq Qarabağla bağlı vurğuladığı məqam ermənilərə bir mesaj idi. Vurğulanan bu məqam təkcə işğalçı ölkəyə deyil, eyni zamanda, onun havadarları və arxasında dayanan ölkələrə də bir mesajdır. Yəni, dövlət başçımız açıq şəkildə bildirdi ki, münaqişənin həllində hərbi amil əsas amildir. Doğru mövqedir və bu istiqamətdə işlər davam etdirilməlidir. 
Azərabaycan torpaqları işğaldan azad etmək üçün hər an hərbi əməliyyatlara başlaya bilər”.
Rüfət NADİROĞLU  
 

Sizin Reklam Yeriniz