Əlaqə Arxiv
news Image
2019.01.16
08:00
| A A A
ABŞ-ın Türkiyə yanlışlığı
Vüqar Zifəroğlu: “ABŞ birbaşa özünün daxil olmadığı yerlərə məhz həmin qruplaşmalarla daxil olur” Hasan Oktay: “Amerika Türkiyə ilə terror təşkilatı YPG arasında seçim etmək məcburiyyətində qalarsa, şübhəsiz ki, Türkiyədən vaz keçəcək”

ABŞ prezidenti Donald Trampın ziddiyyətli açıqlamaları davam edir. Belə ki, bu dəfə də Türkiyəni Suriyanın şimalında kürdlərə zərbə endirməkdən çəkinməyə çağırıb. “Kürdlərə hücum etsə, Türkiyəni iqtisadi baxımdan məhv edərik. 20 minlik təhlükəsiz bölgə quracağıq. Eyni zamanda kürdlərin də Türkiyəni təxribata çəkməsini istəmirik”- kimi Tramp öz “tvitter” səhifəsində qeydlər edib. Siyasilər ABŞ-ın Türkiyə kimi müttəfiqinə qarşı belə yanaşması yumşaq təzyiq kimi dəyərləndirirlər. Lakin prosesin daha da dərinə gedəcəyi ehtimal olunmur. 

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu bildirdi ki, oradakı kürd qruplaşmaları ABŞ-ın Yaxşın Şərq siyasətində önəmli halqalardan biridir: “Onlar ABŞ üçün təbii müttəfiq funksiyasını yerinə yetirməkdədirlər. ABŞ birbaşa özünün daxil olmadığı yerlərə məhz həmin qruplaşmalarla daxil olur. 
Ümumiyyətlə, ötən əsrin 60-cı illərindən başlayaraq, ABŞ-ın Yaxın Şərq siyasətində müəyyən etnik, radikal islami qruplaşmalara dəstək verilməsi müşahidə olunur. Bu da ABŞ-ın Yaxın Şərq siyasətində önəmli faktordur. Bu mənada ABŞ-ın Türkiyəni sanksiyalarla hədələməsi gözlənilən haldır. D. Tramp administrasiyasının Suriyadan qoşunları çıxartması qərarından sonra belə fikir formalaşmışdı ki, ABŞ Suriyadan geri çəkilir. Lakin belə deyil. Bu, ABŞ-ın Suriyadan çıxmasını ifadə etmir. Sadəcə, ABŞ birbaşa təmasdan çəkilir. Yəni, öz əsgərlərini geri çəkir, həmin nöqtələri dəstəklədiyi qruplaşmalar vasitəsi ilə nəzarət altına almaq istəyir. Həmin qruplaşmalar 20-ci əsrin əvvəlindən başlayaraq, Qərbin dəstəklədiyi kürd qruplaşmalarıdırlar. 
Osmanlı dövründən bu günə qədər həmin qruplaşmalar türk əleyhinə dəstəklənib. Bu gün də eyni ssenari davam etməkdədir. Bu mənada ABŞ-ın Türkiyəni həmin qruplaşmalara görə hədələməsi təbii haldır”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay bildirdi ki, D.Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra iqtidardaxili  mübarizə başladı: “Suriya siyasətinə gəldikdə, Tramp başı qarışmış komandasının səhv məlumatları ilə yanlış addımlar atır. Əvvəl “Suriyadan çəkilirik” deyirlər, sonradan biri-birinə zidd şərhlər verirlər. Xüsusən Türkiyənin müttəfiq olaraq davamlı şəkildə Amerika tərəfindən dəstəklənməsinə baxmayaraq, Türkiyənin bölgədəki maraqları mövzusundan çox vaxt yayınırlar. 
Amerika Türkiyə ilə terror təşkilatı YPG arasında seçim etmək məcburiyyətində qalarsa, şübhəsiz ki, Türkiyədən vaz keçəcək. Ötən ay Argentinada keçirilən G20 sammitində terrora qarşı mübarizə qərarı qəbul edildi. Bu qərarın altında ABŞ-ın da imzası var idi. Suriyanın Fərat mövzusunda Türkiyə ilə Amerika arasında fikir birliyi olmasına baxmayaraq, bir çox mövzuda da anlaşamamaları normaldır. Bu mövzuda Türkiyə Amerikanı razı etmək məcburiyyətindədir. Amerika ya terror təşkilatları ilə birlikdə hərəkət edəcək, ya da Türkiyə ilə birlikdə bölgəyə sülh gətirəcək”.
Politoloq əlavə etdi ki, Türkiyə Amerika əlaqələri soyuq müharibə dövrünün bitdiyi razılaşması üzərində qurmalıdır: “Soyuq müharibə dövründə Türkiyənin Amerika və Rusiya ilə münasibətləri pozulmuşdu. İndi soyuq müharibə bitib. Amerika və Rusiya Türkiyənin soyuq müharibə dövründəki rolunu bir kənara buraxaraq,  Türkiyənin regional siyasətdə fərdi və müstəqil qərar verə biləcək bir potensiala malik olduğunu görmək məcburiyyətindədir. Türkiyənin kürdlər ilə əlaqədar hər hansı bir mənfi dünyagörüşü olması müzakirə mövzusu deyil. Terror mövzusunda isə Türkiyə qətiliklə sonuna qədər hər bir təşkilatın üzərinə gedəcək.  Amerika və ya Rusiya bu terror gerçəyini görmək məcburiyyətindədirlər. Türkiyəyə qarşı terror təşkilatları üzərindən bir sanksiya tətbiq etmək və ya təhdid etmək mümkün deyil. Amerika bu gerçəyi görəcək və qısa zamanda Türkiyə ilə əlaqələrini daha sağlam bir zəminə gətirəcək. YPG və PYD terror təşkilatları ilə kürd xalqını bir tutmaq tarixi bir səhvdir. ABŞ qısa zamanda bu səhvindən geri dönəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz