Əlaqə Arxiv
news Image
2019.01.16
09:00
| A A A
Qarabağ məsələsində Ermənistan üçün vaxt limiti bitir
Azər Həsrət: “Paşinyan Azərbaycan Prezidentinin xoşməramlı çağırışlarını nəzərə almasa, sosial-iqtisadi problemlərin əsirinə çevriləcək” İlqar Vəlizadə: “İlin ikinci yarım ilində obyektiv və subyektiv səbəblərdən Paşinyan hakimiyyəti Qarabağ məsələsində artıq tamamlanmış hansısa bir mövqe ilə ortaya çıxacaq”

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın baş nazir vəzifəsində təyin edilməsi haqqında fərmanı imzalayıb. Bununla Paşinyan rəsmən baş nazir təyin olunub. Bu fonda hazırda işğalçı ölkədə rəsmən əsas söz sahibi məhz Paşinyandır. 

Ermənistanda baş verən bu dəyişiklik fonunda həm ölkə daxilində, həm də xaricdə bir çoxları işğalçı dövlətdə siyasi-iqtisadi fonda hansısa bir dəyişiklik, yeniliyin olacağına ümid edirlər. Bu mənada da indi bütün diqqətlər məhz Paşinyana, onun yürüdəcəyi siyasətə yönəlib. 
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Paşinyan öz xələflərinin siyasətini davam etdirsə, o da Ermənistanı bürüyən sosial-iqtisadi problemlər girdabında boğulacaq: “Əslində, Ermənistanda köklü dəyişikliklərin olub-olmayacağı proqnozunu verə bilmərik. Ermənistanda bunun baş verməsi üçün onun təbiidir ki, Azərbaycanla münasibətlərinin düzəldilməsi, xüsusən də Dağlıq Qarabağ probleminin kökündən həll edilməsi lazımdır. Ən həssas məsələ məhz budur. 
Paşinyanın dövlət adamı olaraq təcrübəsizliyini də bura əlavə etmək lazımdır. O, faktiki olaraq, ölkədə tuğyan edən sosial-iqtisadi problemlərin həllinə heç bir vəchlə nail ola bilməyəcək. Paşinyan bu mənada sosial-iqtisadi problemlərin əsirinə çevriləcək. Bu istiqamətdə hər hansı bir çıxış yolu da yoxdur. Ermənistan iqtisadiyyatı sıfırın altındadır, heç bir inkişaf yoxdur. Paşinyan bu istiqamətdə hər hansı bir islahat aparmağa çalışsa da, yenə də istəyinə nail ola bilməyəcək. Çünki ölkə özünütəcrid vəziyyətində yaşayır. Belə bir vəziyyətdə həmin ölkəni böhrandan çıxarmaq çətin olacaq. Nəticədə Paşinyanın dövründə də xalqın narazılığı azalmaq əvəzinə getdikcə daha da artacaq. 
Faktiki olaraq, bu əsasda Paşinyanın sakit tərzdə baş nazir fəaliyyətilə məşğul olacağı çətin məsələdir. Dağlıq Qarabağ məsələsinə gəldikdə, Azərbaycan Prezidenti Nazirlər Kabinetinin keçən ilin yekunlarına həsr edilən çıxışında işğal davam edəcəyi tqədirdə Ermənistanı təcrid vəziyyətində saxlamaqda davam edəcəyimizi bildirdi.  Bu sözü deməklə Azərbaycan Prezidenti əslində, Ermənistana, baş nazir Paşinyana çıxış yollarının olduğu mesajını ötürüb. Bu əsasda da bildirib ki, həmin çıxış yolu Azərbaycandan keçir. Düşünürəm ki, Paşinyan bir qədər ağıllı düşünə bilsə, Azərbaycan Prezidentinin xoş məramlı bu çağırışını diqqətə alar və ölkəsinin böhrandan çıxması üçün  bu amildən istifadə edər. İşğal olunan torpaqlardan Ermənistan qoşunlarını geri çəkər və münaqişənin həlli üçün danışıqlar masası arxasına keçər. Belə olan təqdirdə, təbii ki, Ermənistan daxilində müəyyən narazılıqlar yaranar. Ancaq ümumi sosial-iqtisadi vəziyyətin düzəlməsi fonunda həmin nazarılıqlar arxa plana keçəcək. Ermənisanın sosial-iqtisadi vəziyyətinin düzəlməsi isə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edlməsindən keçir. Bundan istifadə edəcəyi təqdirdə Paşinyan Ermənistanın inkişafına və öz adının tarixə düşməsinə nail ola bilər. Belə bir şansa malikdir, lakin bunun üçün Azərbaycan Prezidentinin xoşməramlı çağırışını nəzərə almalıdır”. 
Politoloq İlqar Vəlizadənin isə fikrincə, Paşinyan ilk mərhələdə diqqəti ölkə daxili problemlərin həllinə yönəldəcək. Bu əsasda da həmsöhbətimiz düşünür ki, ilin ilk yarısında Dağlıq Qarabağ məsələsi Paşinyan üçün yalnız ikinci planda yer alacaq: “Düşünürəm ki, Paşinyan indiki məqamda əsas diqqəti ölkə daxili probemlərin həlli istiqamətinə yönəldəcək. Yeni hakimiyyət nümayəndələrinin bəyanatları və siyasi platformalarına fikir versək, görərik ki, daxili məsələlər əsas diqqət ayıracaqlar. Yalnız daxili məsələlərin çözülməsi fonunda yaranmış tendensiyanı nəzərə alaraq, düşmən ölkə Dağlıq Qarabağ prosesinə də arqumentli reaksiya ilə cavab verəcəklər. Çünki Dağlıq Qarabağ məsələsi Ermənistanın siyasi kursunda risqli bir məsələdir. Bu mənada Qarabağ probleminin çözümünü önə çıxarmaq indiki hakimiyyətə əl vermir. 
Hamımız, o cümlədən erməni hakimiyyəti də gözəl başa düşür ki, problemin həlli güzəştlərdən keçir. Onlar güzəştlərlə bağlı açıqlamaları siyasi diskussiyalara təqdim etməlidir. Bu isə indiki vəziyyətdə risqli məsələdir. Ona görə ki, erməni cəmiyyəti 20 ildən artıqdır güzəşt məsələsini eşitmək belə istəmir. İndiki halda Paşinyanın güzəştlərdən danışması onun çökməsi demək olacaq. 
Bu mənada da Paşinyan hakimiyyətinin ilk mərhələsində Dağlıq Qarabağ məsələsi ikinci plana keçəcək. Düşünürəm ki, azı ilk yarım ildə ermənilər danışıqlarda yalnız öz mövqelərini müəyyənləşdirməklə məşğul olacaqlar. Bu da danışıqlar prosesinin məhsuldarlığını daha da azaldacaq. Ancaq ilin ikinci yarım ilində obyektiv və subyektiv səbəblərdən Paşinyan hakimiyyəti Qarabağ məsələsində artıq tamamlanmış hansısa bir mövqe ilə ortaya çıxacaq. Hər şey də onların burada hansı mövqedən çıxış edəcəklərindən asılıdır”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz