Əlaqə Arxiv
news Image
2019.01.18
07:00
| A A A
Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatı Ermənistanın regionda mövqelərini sürətlə sarsıdır
Məhəmməd Əsədullazadə: “Bu, onu göstərir ki, hər üç ölkə region problemlərin həllində koordinasiyalı fəliyyət göstərib, problemləri həll edə bilər” Adıgözəl Məmmədov: “Bu, Azərbaycanın regionda güclü dövlət statusu almasından xəbər verir”

“Rusiya Azərbaycan və İranla yeni üçtərəfli sammitin hazırlanması ilə məşğuldur”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.  

Rusiyalı diplomat əlavə edib ki, bizim iqtisadi qurumlarımız da sıx əməkdaşlıq edirlər: “Ötən il Prezidentlər Vladimir Putin və İlham Əliyevin himayəsi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bir çox rəsmi tədbirlər keçirilib, həmçinin Rusiyada çox populyar olan "Jara" festivalı kimi tədbirlər bizi bağlayır".
Siyasilərin sözlərinə görə, üçtərəfli əlaqələrin güclənməsini regiondakı şərait tələb edir. Bu, tərəflərin regionda mövqelərini daha da möhkəmləndirəcək. 
Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Rusiya regionda Qərbin təsirlərinin qarşısını azaltmaq üçün müəyyən qabaqlama siyasəti aparır: “Həmçinin regionda öz geosiyasi mövqelərini qorumağa çalışır. Rusiyanın İran və Azərbaycanla birgə üçtərəfli konfransın keçirilməsi əsasən siyasi-iqtisadi əməkdaşlığı özündə ehtiva edir. 
Nəzərə alaq ki, hər üç ölkə Xəzər dənizinin statusunun müəyyən olunması üzrə Konvensiyanı imzalayıb. Bu, onu göstərir ki, hər üç ölkə region problemlərin həllində koordinasiyalı fəliyyət göstərib, problemləri həll edə bilər. Məhz Xəzər məsələsi buna bariz nümunədir. 
Hazırda Azərbaycan Cənubi Qafqazın aparıcı və açar ölkəsidir. İran və Rusiyanı birləşdırən quru yolu Azərbaycan üzərindən həyata keçirilir. Nəzərə alaq ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin fəliyyəti, inkişafı bu üç ölkənin iştirakı ilə reallaşır. Ona görə də üç ölkənin sammiti iqtisadi əlaqələri inkişaf etdirmək, birgə layihələrin icrasını davam etdirməkdir. 
Ermənistanla hər iki ölkənin strateji əlaqələrini nəzərə alsaq, Azərbaycanla Rusiya və İranın strateji yaxınlığı Ermənistanın təcridinə apara bilər. Bu, Rusiyanın Ermənistana mesajıdır. Azərbaycan hər iki ölkə ilə iqtisadi və siyasi əlaqələrini gücləndirməklə, Ermənistanla hər iki dövlətin siyasi-iqtisadi əlaqələrini zəiflətməyə çalışır”.
“Türk-Slavyan birliyi” hərəkatını rəhbəri Adıgözəl Məmmədov bildirdi ki, Rusiya, Azərbaycan və İran arasında artıq tez-tez  görüşlər təşkil olunur: “Bu görüşlər eyni zamanda müxtəlif vaxtlarda başqa format da alır. Məsələn, İran-Türkiyə-Rusiya formatında da baş verir. Bununla da regionun siyasi ab-havasını dəyişə biləcək güclü dövlətlərlə bir yerdə məsləhətləşmələr, həmçinin yaxın zaman üçün bərabər siyasətin həyata keçirilməsi istiqamətində ümumi rəylər formalaşdırılır. 
Hər halda bu, Azərbaycanın regionda güclü dövlət statusu almasından xəbər verir. Bu, bizim dövlətçiliyimiz, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətlə hesablaşmaq baxımından da yüksək göstəricidir. Bu, onun göstəricisidir ki, Azərbaycanın iştirak etmədiyi hər hansı iqtisadi, siyasi layihə heç bir nəticə verə bilməz. Bu cür gösrüşlər Azərbaycanın böyük dövlət olduğunun göstəricisidir. Azərbaycan regionda söz sahibidir, onunla hesablaşırlar. Azərbaycanla hesablaşılmadan heç bir layihə həyata keçirilə bilməz”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz