Əlaqə Arxiv
news Image
2019.01.18
08:00
| A A A
AŞPA-da Azərbaycana qarşı qərəzli münasibət Rusiyanı da dilə gətirdi
Elçin Mirzəbəyli: “AŞ PA-nın artıq uzun ilərdir, tutduğu istiqamət onun qoyduğu prinsiplərə uyğun gəlmir” Məmməd Əlizadə: “Belə ikili standartdan ziyan çəkən elə onu həyata keçirən AŞ PA-nın özü olacaq”

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

“Biz istər MDB strukturlarında, istər BMT-də, istər ATƏT-də, istərsə də Avropa Şurasında yaxşı əməkdaşlıq etmişik. Yeri gəlmişkən, Avropa Şurasında Azərbaycana qarşı da yetərincə qərəzli münasibət var və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan deputatlarının hüquqlarını məhdudlaşdırmağa çalışırlar"-deyə Rusiya XİN rəhbəri söyləyib.
Qeyd edək ki, bir müddət bundan qabaq AŞ PA öz ampulasına uyğun olaraq erməni xislətinə uymaqla heç bir hüquqi prosedurlara söykənmədən qurumdakı bəzi azərbaycanlı deputatlara münasibətdə qərəzli mövqe sərgilədi. Bundan başqa, qurum yenə də hər hansı bir araşdırma aparmadan Azərbaycanda guya insan haqlarının pozulduğunu bəyan etməkdə davam edir. Belə ki, məlumatlara görə, yanvarın sonunda AŞPA-nın qış sessiyasında, eləcə də Avropa Parlamentində bloqer Mehman Hüseynovun məsələsi müzakirə predmeti olacaq. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu proses Azərbaycana qarşı çıxan, onu sevməyən qüvvələrin əməlidir.  AŞPA-da Azərbaycana qarşı qərəzin davam etməsinə səbəb nədir və belə vəziyyət qurumun öz mövqeyinə, nüfuzuna necə təsir edir?  
Siyasi təhlilçi Elçin Mirzəbəyli bildirdi ki, AŞ PA-nın Azərbaycana münasibətdə qərəz siyasətini davam etdirməsinin əsasında ölkəmizin yürütdüyü müstəqil siyasət dayanır: “İstər Azərbaycan, istərsə də quruma üzv olan digər dövlətə, o cümlədən Rusiyanın özünə qarşı AŞ PA tərəfindən sərgilənən münasibət heç bir halda həmin təşkilatın mövcud nizamnaməsi və əsasnaməsinə uyğun deyil. Bu təşkilatda bəziləri çalışır ki, ora üzv dövlətlər üzərində dominantlıq etsinlər. 
Əslində, qurumun missiyası birinci növbədə üzv dövlətlərin qanunvericilik bazasını bir-birinə yaxınlaşdırmaq, əməkdaşlığın daha da dərinləşdirilməsini təmin etməkdən ibarətdir. Bu, bir inteqrasiya modelidir. İnteqrasiya modeli isə onu tələb edir ki, dövlətlər arasında əməkdaşlıq münasibətlərinin normallaşması üçün müvafiq addımlar atılsın. Lakin heç bir halda bu, o anlama gəlmir ki, dövlətlərə qarşı hər hansı bir sanksiya təyin edilsin, hansısa bir məruzəçinin, maraqlı olan tərəfin, o cümlədən erməni lobbisinin təsiri altında hansısa qərarlar qəbul edilsin və bu qərarlar fonunda da dövlətlərin müstəqillik hüququna təsir göstərməyə çalışsınlar. Bu baxımdan da AŞ PA-nın artıq uzun ilərdir, tutduğu istiqamət onun qoyduğu prinsiplərə uyğun gəlmir. Nəticədə artıq ayrı-ayrı ölkələr mövcud prosesdən digərlərinə qarşı cəzaverici mexanizm kimi istifadə etməyə çalışırlar. Xüsusən də müstəqil siyasət yürüdən ölkələrə münasibətdə sözügedən qurum cəzaverici mexanizm funksiyasını yerinə yetirməyə cəhd göstərir.  
AŞ Panın belə qərəzli mövqe sərgiləməsi fonunda onun nüfuz və etibarı istər-istəməz aşağı düşür. Getdikcə daha az ölkə bu quruma etibar edir. Avropa Şurası Parlament Assambleyasının əhatə edildiyi ölkələr təşkilata etimad göstərmir, onun cəza mexanizmi rolunda çıxış etdiyini düşünürlər. Nəticədə bir çox dövlətlərin quruma münasibətləri soyuyub. Sözügedən qurumun Azərbaycana olan təzyiqlərinin səbəbində ilk növbədə ölkəmizin müstəqil siyasət yürütməsi və ayrı-ayrı mərkəzlərin regionda həyata keçirmək istədiyi oyunlara yox deməsi və prosesdə iştirak etməməsi dayanır. Təbii ki, bu faktlar daxilində erməni lobbisi, “konyak diplomatiyası” və digər amillər də yer alır.
Bütün hallarda düşünürəm ki, AŞ PA-nın qarşıdakı toplantısında nümayəndələr daha uzaqgörün və daha ağıllı davranaraq, AŞ PA prinsiplərinə uyğun gəlməyən addımlar atmaqdan yayınacaqlar”. 
Politoloq Məmməd Əlizadə də o qənaətdədir ki, AŞ PA-nın ölkəmizə münasibətdə qərəzinin kökündə Azərbaycanın onların dediyilə oturub-durmaması, müstəqil siyasət həyata keçirməsi dayanır: “Bildiyimiz kimi, Azərbaycan bütün sahələr üzrə çox böyük uğurlara imza atıb və uğurlarımız indi də davam edir. Özü də Azərbaycan bu uğurlara müstəqil siyasət yürütməklə nail olub. Yəni ölkəmizn bəzi digər dövlətlərdən fərqli olaraq kiminsə diqtəsilə hərəkət etmir. 
Azərbaycanın yürütdüyü siyasət dövlətimiz və xalqımızın rifahı naminədir. Məsələ ondadır ki, ölkəmizin əldə etdiyi uğurları və müstəqil siyasət yürütməsini xaricdəki bəzi qüvvələr həzm edə bilmirlər. Ona görə də hər hansısa bir fürsət yaranan kimi, dərhal çalışırlar ki, Azərbaycanı ləkələsinlər. Bu xüsusda əsasən də AŞ PA can-fəşanlıq nümayiş etdirir. Amma bütün hallarda xarici qurumlar və təşkilatlar ölkəmizlə bağlı nə demələrindən asılı olmayaraq, Azərbaycanı öz yolundan ayıra bilməyəcəklər. Çünki Azərbaycan hökuməti öz fəaliyyətində xalqa, onun birliyinə əsaslanır. Xalq da bu müstəvidə hər zaman olduğu kimi yenə də Azərbaycan hökumətinin arxasdındadır. Belə ikili standartdan ziyan çəkən olsa, o da AŞ PA-nın özü olacaq. Belə ki, həmin qərəzli fəaliyyətilə qurum əvvəl-axır öz nüfuzunu, təsir imkanlarını tamamilə itirəcək. Nəticədə daha heç bir dövlət AŞ PA ilə hesablaşmayacaq”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz