Əlaqə Arxiv
news Image
2019.01.18
09:00
| A A A
Türkiyə-Rusiya əməkdaşlığı qafqaza da təsirsiz ötüşməyəcək
Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında Ankara-Moskva oxunun iştirakı genişlənir

Məlum olduğu kimi yanvarın 23-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin görüşəcək. Görüşdə hansı məsələlərin müzakirə mövzusu olacağı rəsmi bəyan edilməsə də mövcud beynəlxalq şəraitə görə aydındır ki, ilk növbədə Suriya, daha sonra ümumiyyətlə, regionda beynəlxalq güclərin yürütdükləri siyasət fonunda iki ölkənin qarşılıqlı addımlarının xarakteri çözüləcək. 

Suriya problemi maraqlı ölkələrin Yaxın Şərq siyasətinin bütün istiqamətləri üzrə aktual olduğundan real siyasi gedişləri, habelə bunun arxasına olan hərbi müdaxilələri əhatə edir. Məsələ burasındadır ki, bu problemin yaranması daha çox ABŞ-ın son 20 ildə səylə çalışdığı, lakin son nəticədə nail ola bilmədiyi “Böyük Yaxın Şərq” layihəsinin həyata keçirilməsinə bağlıdır. Amerikalı iradə mənsubları bu layihəni həyata keçirmək üçün əvvəlki illərdə qazandıqları bəzi əlaqələri və dostları güdaza verməyi lazım bildiklərindən ciddi səhvlərə yol verdilər. Bu, ilk növbədə Türkiyəyə münasibətdə sərgilədikləri rola aiddir. 
Regionda tam hökmranlığa nail olmaq üçün Türkiyənin güclü dövlət statusu məhv edilməli, ölkə parçalanaraq kişik dövlətlərə çevrilməli idi. Lakin həmişə siyasi gedişlərdə gözlənilməz güc kimi çıxış edən milli-mənəvi ruh sayəsində Türkiyə hazırkı dövlətçiliyini qoruyub saxladı və sürətlə əvvəlkindən də yüksə mövqe-və nüfuza sahib oldu. Bununla da okeanın o tayından bölgəyə nəzarəti təkbaşına əlinə almaq istəyənlərin ümidləri nəinki qırıldı, hətta bu fakt uğursuzluğun başlanğıcı oldu. 
Başqa bir məsələ də var ki, Vaşinqtonun Yaxın Şərq layihəsi Rusiyanın və müəyyən mənada Avropa İttifaqının da mənafeyinə toxunur, onları regiondan çıxarmaq məqsədini güdürdü.  Türkiyənin öz milli və dövlətçilik mənafeyini qorumaq üçün dünya nəhəngi ABŞ-a qarşı ciddi müqavimət göstərməsi və ayaqda qalması digərlərini də hərəkətə gətirdi, onlar Türkiyənin simasında mübariz və cəsarətli nümunə gördülər. Bu səbəbdən ABŞ rəhbərliyinin fəaliyyətinə qarşı çıxmağa başladılar və nəticə etibarı ilə dünya düzəninin yenidən qruplaşması prosesi başladı. Bu prosesdə Türki-Rusiya yaxınlaşması öz gücü və nüfuzu ilə seçilən tərəf oldu. Belə ki, Suriyada terrorçu qruplara qarşı mübarizədə real nəticələr əldə edildi və dünya bildi ki, bu türklərin və rusların birgə əməyinin bəhrəsidir. 
Ancaq rəqabət aparan tərəf müxtəlif yollarla öz işini görür və regionda sabitliyin bərpa edilməsinə mane olmağa çalışır. Buna görə də yeni əməkdaşlıq formatına daxil olan dövlət başçılarının tez-tez görüşməsinə və fəaliyyət planlarını uzlaşdırmasına ehtiyac yaranır. 
Budəfəki görüşün bir vacib məqamı da Qafqazla bağlı ola bilər. Çünki, hər iki dövlətin Qafqazda köklü maraqları var. Lakin hər ikisinin marağı problem yaşayır. Məlumdur ki, Türkiyə Azərbaycanın Qarabağ bölgəsinin işğalda qalmasını sakit müşahidə etmir. Qardaş bildiyi ölkənin ərazi bütövlüyü onun öz sərhədləri qədər strateji əhəmiyyətə malikdir. Digər tərəfdən ABŞ Rusiyanın quberniyası statusunda olan Ermənistandakı iki hərbi bazasını oradan çıxarmaq və əvəzində ölkəni öz vassalına çevirmək üçün çalışır. Bu məsələnin həllində isə Qarabağ münaqişəsindən arqument qismində istifadə edilir. Məsələn, ermənilərə məsləhət görülür ki, Qarabağ de-yure Azərbaycana qaytarılsın. Eyni zamanda deyirlər ki, münaqişənin həll açarı Kremlin əlindədir. Beləliklə, İrəvanla Moskvanı üz-üzə qoyub arada özləri qalib olmağı düşünürlər. “Qarabağı qaytar” deməklə Azərbaycanı öz tərəflərinə çəkmək istəyirlər. Demək, əslində münaqişənin həll edilməsi təkcə Azərbaycana deyil, Türkiyə və Rusiyaya da sərf edir. Ancaq Rusiya real addımlar atmaq fikrindən hələ ki, uzaqdır. 
Prosesin bu yöndə davam etməsi Ərdoğanla Putin arasında müzakirə olunması ehtimalını gücləndirir. Çünki, belə davam etsə, Cənubi Qafqazda müharibə alovlana bilər və Qərbin fəaliyyəti üçün bəhanəyə çevrilər. Ən yaxşısı, münaqişəni sülh yolu ilə həll etmək və Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməkdir. Qafqazda sülh Suriya problemində tərəfləri daha da yaxınlaşdırar, arada olan etibarı möhkəmlədər və bütün qüvvəni Yaxın Şərqə yönəltməyə imkan verər.
N.NOVRUZ    

 

Sizin Reklam Yeriniz