Əlaqə Arxiv
news Image
2019.01.19
07:00
| A A A
Avropa Parlamentindən növbəti ikiüzlülük
Özünü aldatmaq cəhdləri avropalıların mənəvi tənəzzülündən doğur

Yanvarın 17-də Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Avropa Parlamenti demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Azərbaycan üzrə əvvəlki qətnamələri, hərtərəfli saziş üzrə Avropa İttifaqı-Azərbaycan danışıqları, həmçinin Avropa Şurası insan hüquqları komissarının və İnsan Hüquqları Komitəsinin, Avropa Şurasının bloger Mehman Hüseynovun işi ilə bağlı bəyanatlarını nəzərə alır. Parlamentarilər blogerin “təqib” olunmasını, onun iki illik həbs cəzasının daha “5-7 il uzadılması məqsədilə yeni uydurma ittihamlar”ın ( söz və ifadələrdə açılan dırnaqlar bizimdir) irəli sürülməsini pisləyir. Və sənəddə Avropa Parlamenti Azərbaycana 13 maddəlik tələb irəli sürür (!). 

Avropalıların ölkəmizə müəmmalı münasibəti, bir-birini təkzib edən sənədləri haqda indiyədək az söhbət olmayıb. Hətta ötən ilin oktyabrında təşkilatın qəbul etdiyi iki qətnamə də eyni ruhda idi. O vaxt BBC radiosuna müsahibəsində bizim AŞPA-dakı nümayəndə heyətimizin üzvü Səməd Seyidov demişdi ki, axı, niyə məhz biz? Yəni, nə üçün Avropa Parlamenti daim bizi təqib etməyə, fəliyyətimizə, demokratik quruculuğumuza kölgə salmaq istəyir? İndi bu sual daha güclü, daha kəskin intonasiya ilə meydana gəlir. Ona görə ki, hazırda Avropa İttifaqına daxil olan ölkələrdə, ən başlıcası belə məsələlərdə həmişə aktivlik göstərən Fransanın özündə çox kəskin şəkildə durur. Bu ölkədə hökumətin xalqın güzəranını pisləşdirəcək iqtisadi qərarlar  verilməsinə qarşı dinc nümayişlər keçirən xalqa, o cümlədən mitinqlərin gedişatını işıqlandıran jurnalistlərə, bloqçulara qarşı hakimiyyət və onu qoruyan polis qüvvələri tərəfindən hər cür təhdidlər, zorakılıq halları baş verir, yüzlərlə iştirakçı polislər tərəfindən saxlanılır, ancaq bunlar Avropa Parlamenti tərəfindən pislənilmir, qətnamə qəbul edilmir, ölkə qarşısında tələblər qoyulmur. Bu da onu sübut edir ki, bu cür qətnamələrin qəbul edilməsi insan hüquqlarının qorunması, insanların azadlığının və sərbəstliyinin müdafiəsi məqsədini yox, siyasi strategiyaların həyata keçirilməsi üçün təsir vasitələridir. 
Yeni qətnamədə Mehman Hüseynov məsələsi əsas bəhanə kimi götürülsə də, bu işin gözünə konkret təqsirlər üzrə məhkəmənin qərarı ilə həbsdə olan şəxslərin də məsələsi qaldırılır. Halbuki həmin şəxslərin çoxu nə bir ciddi siyasi fəaliyyətlə məşğul olublar, nə də onlar günahsız deyillər. Eləcə Mehman Hüseynovun işində də tam şəffaflıq var və bu gənc böhtançı çıxışlarına görə qanun qarşısında cavab verməli olub. Bununla bağlı məhkəmədə kifayət qədər fakt göstərilib. Üstəlik, o da məlumdur ki, bu gəncin böhtançı fəaliyyətə sövq edilməsinin mənbəyi Avropadan gəlir. Bəli, inkişaf etmiş ölkələr yığdıqları sərvət hesabına digər ölkələrdə özlərinə tərəfdarlar toplayır, onların vasitəsilə siyasi gedişlərini reallaşdırmağa çalışır. Başlıca amil kimi hüquq və azadlıqlar götürülür, çünki bu istiqamətdə şəraiti dolaşdırmaq və faktı istənilən şəkildə oynatmaq üçün zəngin resurslar var. Məsələn, rezidentdən tələb edəndə ki, küçədə hökumət əleyhinə hər cür hədyan söylə və bu zaman oradan keçən digər vətəndaşın bu hədyanlara görə həmin şəxsə hər hansı əks söz deməsi, sonda isə iki nəfər arasında qalmaqal baş verməsi bütün cəmiyyətlərdə baş verən olaydır. Amma belə hal Azərbaycanda baş verəndə və iştirakçılar xuliqanlıq zəminində qanuna görə həbs olunanda, hadisə dərhal siyasiləşdirilir, hökumətə xaricdən təzyiqlər başlayır. 
Qətnamədə irəli sürülən tələblərin demək olar hamısı üzrə ciddi nüanslar mövcuddur.  Hətta təcavüzkarlıq elementlərini özündə ehtiva edən müddəalar da tələblərdə yer alır. Məsələn, 5-ci bənddə bank hesablarının dondurulmasına, xarici maliyyələşdirmə ilə bağlı onlara (Azərbaycan vətəndaşlarına) imkan yaradılmasına çağırış edilir. Azərbaycana hər gün xaricdən minlərlə adam pul baratları göndərir. Amma AP-nin qətnaməsində nəzərdə tutulanlar ayrıdır. Belə çıxır ki, Qərb pul hesabına Azərbaycanda özünə rezidentlər yaradacaq, hakimiyyət əleyhinə təbliğat aparacaq, vətəndaşlarımıza xəyallar təlqin etməklə düzgün yoldan sapdıracaq, habelə xaricdən göndərilən qrantları ölkənin iqtisadi qanunlarını pozaraq şəxsi mənafeyinə yönəldəcək, Azərbaycanda da bunlara göz yumulacaq. Və bunların fonunda ölkədə əhalinin xarici dövlətlərə sitayil hissləri yaranacaq, Azərbaycanın müstəqilliyi təhlükə altına düşəcək. 
Fikir verin,  Azərbaycandan tələb edilir ki, “Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş demokratik islahatları, qanunun aliliyini, düzgün dövlət idarəçiliyini, insan hüquqlarına və əsas azadlıqlara hörmətlə yanaşılmasını əhatə etməlidir”. Hüquq-mühafizə orqanları məhz qanunun aliliyini qorumaq üçün iqtisadi cinayətlər törədən, xaricdən ölkəyə xəlvəti şəkildə on minlərlə dollar vəsait keçirən və bu vəsaiti mitinqlərin təşkilinə sərf edənləri aşkar edərək məhkəməyə cəlb edir. Onların günahı, qanunzidd əməlləri sübut olununca həbsə göndərilirlər. “Düzgün dövlət idarəçiliyi” məsələsi isə artıq ölkənin daxili işlərinə qarışmaq deməkdir. Bəs onda necə olur ki, Azərbaycan dünyada 10 ən islahatçı dövlət sırasında yer alıb və bu günlərdə idarəetmə strukturlarında inqilabi dəyişikliklər baş verir, dövlət strukturu müasirləşdirilir və təkmilləşdirilir, elə Avropada təhsil almış yeni ruhlu gənclər dövlət vəzifələrinə təyinat alırlar?! Yox, Avropa Parlamentinin qətnaməsi əksər hallarda olduğu kimi bu dəfə də qərəzlidir və qurumla Azərbaycan arasında münasibətlərin səmərəli inkişafına xidmət etmir. Bu isə ən azı təəssüf doğurur. Axı, Azərbaycan inkişaf etmiş Avropadan nə isə öyrənmək istəyir. 
Qətnamənin həmmüəlliflərindən biri Rebekka Harms qalmaqal ixracatçısı Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri vardır. Buna görə də sözügedən qətnaməni Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şişirdilməsi ilə Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsi barədə rekviyem adlandırmaq olar.
“Mehman Hüseynovla bağlı təcili qətnamə”nin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) məsələ ilə bağlı Azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, AP-də keçirilən təcili dinləmələr ilə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir. Belə olan halda Avroparlamentin dialoq mədəniyyətinə heyran olmamaq olmur.
Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə salmamışdır. Bu AP-üzvlərinin ikiüzlülüyünü göstərir.
Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan Hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib  ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur. Maraqlıdır, görəsən bu mötəbər mənbənin məlumatını deputatlar niyə qulaqardına vurublar?! Bəyəm, avropalıların öz mənbələrinə etibarları yoxdur?
Qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri Azərbaycan qey, lesbian və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir. Avropalı deputatlara müraciətlə tamamilə yerinə düşür ki, soruşulsun: Siz nə fikirləşirsiniz, cənab deputatlar? Xalqın min illər boyu yaratdığı və məhz multikultural dəyərləri ilə ucalıqda dayanan Azərbaycan xalqına mənəviyyat dərsimi keçmək arzusundasınız?! Belə çıxır ki, Avropa Azərbaycan hakimiyyətini xalqın iradəsi əleyhinə getməyə məcbur etmək fikrinə düşüb. Bu nə mənəviyyatdır, nə də demokratiya, əslində isə milyonların hüququnu tapdalamaqla cəmiyyətdə diskriminasiyanı gücləndirməkdir.  
Bütün bu xarici təzyiqlərə baxmayaraq, Azərbaycan öz yolu ilə gedir, başlıcası müstəqil hərəkət edir, inkişafını davam etdirir və vətəndaş cəmiyyəti quruculuğunun və demokratik inkişafda uğurlar qazanır. Ölkəmizin bu yolu dönməzdir.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz