Əlaqə Arxiv
news Image
2019.01.19
08:00
| A A A
Azərbaycan-İran hərbi əlaqələri genişlənir
Ədalət Verdiyev: “Hərbi, iqtisadi əməkdaşlığın müzakirə edilməsi və bir çox sənədlərin imzalanması hər iki tərəfin milli maraqlarına uyğun gəlir” Sədrəddin Soltan: “Azərbaycanın İranla hərbi sahədə əməkdaşlıq etməsi daha çox regionda tarazlığı qorumağa xidmət edir”

Məlumdur ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən belə bəlli olur ki, Azərbaycanla İran hərbi əməkdaşlığı genişləndirir. Prosesdə xüsusən də İran maraqlı tərəf kimi görünür. Ekspertlərin sözlərinə görə, hərbi əməkdaşlığın genişləndirilməsi tərəflərə hərbi sahədə müəyyən üstünlüklər qazandırmaqla bərabər regionda hadisələrin inkişafına təsirsiz ötüşməyəcək.

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycan hərbi və siyasi rəhbərlik səviyyədə İranla münasibətlərə xüsusi önəm verir: “Müdafiə naziri Zakir Həsənov vəzifəyə təyin edilən müddətdən sonra isə İranla münasibətlər daha yüksək səviyyəyə qalxıb. Belə ki, bu görüşlər son zamanlar daha da intensivləşib. Bunlar isə tərəflər üçün mühüm əhəmiyyət kəsb edir. 
İranın silahlı qüvvələrinin baş qərargah rəisinin həm Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınması, həm də Azərbaycanın işğala məruz qalmasını səsləndirməsi bədnam qonşumuzda narahatlıqlara səbəb olub. Sonuncu bu səfər də öncədən baş verən hərbi, siyasi, diplomatik danışıqların məntiqi davamıdır. İran Cənubi Qafqazda yaxşı qonşuluq münasibəti qurmağa çalışır. Hazırda ABŞ, İsrail və Səudiyyə Ərəbistanıdan ola biləcək mümkün təzyiqlər fonunda rəsmi Tehran Bakı ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Hər iki tərəf intensivləşən bu əməkdaşlıq münasibətləri sayəsində birgə hərbi-texniki layihələrdə iştirak edə, azad iqtisadi zona yarada, dəniz və quru sərhədlərin təhlükəsizliyi istiqamətində birgə fəaliyyət göstərə bilərlər. Yəni, imkanlar kifayət qədər genişdir”.
Ekspert əlavə etdi ki, hərbi, iqtisadi əməkdaşlığın müzakirə edilməsi və bir çox sənədlərin imzalanması hər iki tərəfin milli maraqlarına uyğun gəlir: “Region ölkələri arasında bu əməkdaşlıqdan yalnız işğalçı Ermənistanın narahatlıq keçirməsi gözlənilən idi. Ermənistan mətbuatında hazırda “flaş”, “şok” kimi diqqət cəlb edən başlıqlar görünməkdədir. Amma Ermənistanı narahat edən səbəblər nə İran, nə də Azərbaycanla əlaqəli deyil. Sadəcə, İran uzun müddət normal münasibətlərdə olduğu əlaqələri davam etdirməkdədir. 
Digər tərəfdən də Tehranın ABŞ-la münasibətlərinin gərgin olduğu dövrdə yeni erməni hakimiyyətinin gah NATO, gah Avropa İttifaqı, gah da ABŞ-a meyllənməsi İranın İrəvan sahillərindən uzaqlaşmasına səbəb ola bilər. Buna görə də son zamanlar həm İran, həm də Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığa önəm verməyə başlayıb. Bunun da səbəblərini Ermənistan hakimiyyəti öz davranışlarında axtarmalıdır. Bütövlükdə isə sülh və sabitliyə yönəlmiş istənilən formatda əməkdaşlıq həm Tehranın, həm Bakının, həm də regionun inkişafına səbəb olacaq. İran əzəli qonşumuzdur. Onunla qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri var”.
Politoloq Sədrəddin Soltan bildirdi ki, Azərbaycanın yerləşdiyi bölgənin təhlükəsiziyi daha çox Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən keçir: “İran bölgənin əsas oyunçularından olsa da, Qarabağın işğaldan azad edilməsinə heç təsir göstərmir. Əksinə, Ermənistanla əlaqələri genişləndirir. Azərbaycanın İranla hərbi sahədə əməkdaşlıq etməsi daha çox regionda tarazlığı qorumağa xidmət edir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz