Əlaqə Arxiv
news Image
2019.01.19
09:00
| A A A
AŞPA-nın fəaliyyətindən narazı ölkələrin sayı artır
İlqar Vəlizadə: “AŞPA fəaliyyətini müəyyən prinsiplər əsasında qurmağa çalışır, lakin nədənsə bu prinsiplər bəzi ölkələrə qarşı unudulur” Zaur Məmmədov: “AŞPA-nın ikili adımları Türkiyənin də haqlı narazılığına gətirib çıxaran amillərdəndir”

Rusiya Dövlət Duması Rusiya nümayəndə heyətini 2019-cu ilin dekabrında baş tutacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasına göndərməmək və Avropa Şurasına üzvlük haqqı ödəməmək barədə qərar qəbul edib. Qeyd edək ki, bir sıra digər ölkələr də analoji addımlar atır. Məsələn, Türkiyə də Avropa Şurasına üzvlük haqqını əhəmiyyətli dərcədə azaldıb. 

Göründüyü kimi, AŞPA-nın fəaliyyətindən narazı ölkələrin sayı artır. Siyasilərin fikrincə, bu, qurumun ikili standart həyata keçirməsindən irəli gəlir.  Belə vəziyyət isə təşkilatın nüfuzuna ciddi xələl gətirə bilər. 
Politoloq İlqar Vəlizadə bildirir ki, ümumiyyətlə, son illər AŞPA-nın fəaliyyəti mübahisəli olub: “AŞPA-dakı müzakirələr, gündəlikdə olan məsələlər AŞPA ölkələri tərəfindən də birmənalı qəbul edilmir. Burada siyasi sifarişin olduğu açıq aşkar hiss olunur. 
Düzdür, AŞPA fəaliyyətini müəyyən prinsiplər əsasında qurmağa çalışır. Lakin nədənsə bu prinsiplər bəzi ölkələrə qarşı unudulur. Məsələn, Ukrayna timsalında AŞPA ölkələri bütövlüklə Rusiyaya təzyiq edirlər. Həmin reaksiyanı Gürcüstana münasibətdə də görürük. Amma Azərbaycanla bağlı sükutdur. Sanki Azərbaycanın torpaqları işğal olunmayıb. Bu günə qədər Ermənistana qarşı təsirli qətnamə qəbul olunmayıb. Xırda qətnamələr və ya bötük qətnamələrin daxilində müəyyən sətrilər, ümumi fikirlər var. Yəni, eyni   münasibəti görmürük. Azərbaycan buna normal yanaşa bilməz. 
Eyni zamanda Türkiyəyə qarşı da qərəzlidirlər. Məlumdur ki, AŞPA-nın terrorla mübarizədə yekdil mövqeyi var. Amma PKK ilə bağlı həmin münasibəti Türkiyə görmür. PKK terrorçu qrupu deyilsə, adamları öldürürsə, nədir? Bunun kimi bir çox misallar çəkmək olar. Belə vəziyyətdə AŞPA-nın fəaliyyəti getdikcə daha çox tənqidə məruz qalır. Əgər AŞPA tərəfindən belə dəsti-xətt davam etsə, qurumun nüfuzu xeyli aşağı düşəcək. Bu cür fəaliyyətə görə AŞPA-nın büdcəsinə pul da verirlər ki, sonradan onları tənqid etsinlər?!».
Digər politoloq Zaur Məmmədov bildirdi ki, Rusiya Duması bunu 2013-cü ildə Ukrayna-Rusiya gərginləşməsi fonunda AŞPA-nın Rusiyaya qarşı atdığı addımlara cavab olaraq edirdi: “Ümumiyyətlə, uzun zamandır ekspert səviyyəsində Rusiyada bu müzakirələr gedirdi.  Ola bilsin, Moskvanın gözləntiləri ondan ibarətdir ki, Duma bu addımı atandan sonra AŞPA Moskvaya münasibətində  dəyişiklər etsin. AŞPA tərəfindən dəyişiklərin edilib- edilməməsini isə zaman göstərəcək. Hər iki halda münasibətlər daha da soyuya bilər. 
Eyni zamanda AŞPA tərəfindən əvvəlki münasibətlərin bərpası da mümkündür. Lakin əgər AŞPA ilə Rusiya arasında əlaqələr birdəfəlik olaraq kəsilərsə, Rusiyanın daha bir vacib tribunadan çıxmasına gətirib çıxardacaq. Həmçinin AŞPA-nın ikili adımları Türkiyənin də haqlı narazılığına gətirib çıxaran amillərdəndir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz