Əlaqə Arxiv
news Image
2019.01.19
09:30
| A A A
Moskvanın Ermənistana Qarabağ təzyiqi artır
Azərbaycanın apardığı siyasət hadisələrin belə məcraya yönəlməsinə səbəb olub

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bildirir ki, Moskva Ermənistana qarşı Qarabağ təzyiqlərini yaxın tezlikdə işə salıb onu zəbt edilmiş əraziləri qaytarmağa vadar edə bilər. O, arqument kimi Rusiyanın təbii yanacaq üzrə siyasətini misal gətirir: “Qazın qiymətləri üzrə yeni razılaşma Rusiya ilə onun ənənəvi tərəfdaşı Ermənistan arasında münasibətlərin çətin vaxtlardan keçdiyinin siqnalıdır”. 

Ekspertin “Moskva-Bakı” portalına müsahibəsində bu mövzu üzrə ciddi açıqlamalar verir və bunları əsaslandırmağa çalışır. Kremlin “qaz siyasəti” apardığı və iqtisadi rıçaqları siyasi sferaya transfer etdiyi indi hamıya məlumdur. Avropa təcrübəsi buna yaxşı misaldır. Amma nə edəsən ki, bütün aspektlərdə siyasət əldə olan imkanlardan maksimum yararlanmağı tələb edir. Ermənistanda yeni hökumət formalaşandan sonra ənənəvi siyasətdən uzaqlaşaraq Moskva əleyhinə açıq olmasa da, çıxışlar etməsi təbii ki, politoloqlarda bu istiqamətə görə İrəvanın cəzalandırılacağı fikrini doğurub. 
Belə bir fikrin yaranması təbiidir. Çünki, Ermənistan Rusiyanın tam təsiri altındadır. Müstəqillik qazandıqdan sonra bu ölkənin bütün hakimiyyətləri Kremlin xəttinə uyğun formalaşıb. Qarabağ münaqişəsinin Kreml tərəfindən həmişə körüklənməsi, işğalın rus hərbi birləşmələrinin nəzarəti altında gerçəkləşməsi bu xəttə xidmət edib. İndisə Ermənistan daha sözə qulaq asmaqdan imtina edir. Yeni baş nazir Nikol Paşinyan bunu bərkdən deməsə də əməllərindən və fəaliyyətindən bu amac aydın görünür. Onun qarşısını kəsmək üçün Rusiyanın əlində kifayət qədər imkan var. Lakin Kreml sahibi son zərbəyə addım-addım yaxınlaşmaq kursu götürüb. Ermənistana satılan təbii qazın hər min kubmetrinə görə qiymətin 15 dollar artırılması bu məqsədə xidmət edir. Aleksandr Duqin də məhz bundan danışır. 
Lakin Ermənistan-Rusiya münasibətlərinin daha gərgin mərhələyə keçəcəyi təqdirdə Qarabağ təzyiqi də Kremlin əlində alətə çevrilə bilər. Bu, mümkün variantdır. Ancaq xarakter etibarı ilə bu təzyiq birmənalı olmayacaq. Belə ki, Moskvanın geostrateji marağı Qarabağ münaqişəsinin başı üzərində, ümumiyyətlə, Cənubi Qafqazda köklü möhkəmlənməkdir. Bir məsələyə diqqət yetirmək lazımdır ki, Kremlin bir çox danışan “dilləri” arasında məhz  Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bu təzyiqdən ardıcıl danışır. Müsahibəsində o deyir: “Prezident Putin şantaja dözmür. Rusiya Prezidenti tərəfdaşların öz öhdəliklərinə əməl etdiyi, onların sözü ilə əməlinin uyğun gəldiyi və etibarlı olduğu təqdirdə sakit davranır. Belə olan halda Putin əsl dost ola və böyük güzəştlərə gedə bilər. Lakin tərəfdaşın sözü ilə əməli düz gəlmirsə, yaxud ümumiyyətlə heç bir sözü yoxsa, Putin bir neçə dəfə xəbərdarlıq edə bilər, lakin sonradan sərt tədbirlər görür. Əgər Ermənistanın yeni rəhbərliyi özünün bu cür siyasətini davam etdirsə, bu, sadəcə fəlakətlə nəticələnəcək. Putinlə belə oyunlar keçməz. Hələlik isə, biz əsl həqiqətdə Ermənistanla münasibətlərin pisləşdiyini görürük. Bu, xüsusən Azərbaycanla münasibətlərin yaxşılaşması fonunda baş verir. Azərbaycan hakimiyyəti indiki Ermənistan hökumətinin əksinə olaraq davamlılıq, öz siyasətində ardıcıllıq və sağlam təfəkkür nümunəsi göstərir. Bu gün Azərbaycanın Rusiyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı və müttəfiqi kimi öz mövqeyini möhkəmlətməsi, həmçinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üzrə bu cür müsbət proseslərin fonunda Paşinyanın Ermənistanın Qərbin himayəsinə keçəcəyi ilə bağlı Putini şantaj etməsi mümkün olan strategiyaların ən yanlışıdır. Paşinyan Rusiya ilə münasibətlərdə, Avrasiya geosiyasətində açıq-aşkar naşıdır. Ola bilər ki, öz mövqeyində düzəlişlər etsin. Mən buna çox ümid edirəm. Lakin hələ ki, bunu görmürəm”.
Konturlar aydındır. Putunun məqsədi Ermənistan kimi Azərbaycanı da Avrasiya məkanının tamhüquqlu üzvü etməkdir. Prinsipcə, bu məsələdə Azərbaycan heç bir problem olmamalıdır, lakin bəzi şərtlər daxilində: birincisi, ölkəmizin müstəqilliyinə zərrə qədər toxunulmasın, ikincisi, Qarabağ münaqişəsi ədalətli olaraq Azərbaycanın ğrazi bütövlüyünün qorunması ilə həll edilsin. Lakin Azərbaycanın ğrazi bütövlüyü Ermənistanın Rusiyaya qarşı açıq çıxışlarının alibinə çevrilə bilər. Məhz buna görə də yalnız ədalət naminə Kremlin Qarabağ təzyiqindən birmənalı istifadəsi mümkün görünmür. Moskva yalnız öz siyasi məqsədlərinə çatmaq üçün Qarabağ təzyiqinə əl ata bilər. Çünki, Azərbaycan regionda Rusiyanın əsas tərəfdaşı olsa da, Putin iki güclü hərbi bazasının yerləşdiyi və Yaxın Şərqə, habelə Avropanın cənubuna olan çıxışdan əl çəkməz. Bu, Kremlin Cənubi Qafqaz planına daxil deyil. Məsələyə bu konteksdən yanaşdıqda Duqinin iddia etdiyi kimi “Rusiyanın Qarabağ təzyiqi” formuluna çox da güvənməyə dəyməz. Sadəcə, Azərbaycanın apardığı siyasət hadisələrin belə məcraya yönəlməsinə səbəb olub və buna görə də Bakı bu istiqamətdə siyasətini daha gücləndirməklə ərazi bütövlüyünün bərpasına nail ola bilər. 
N.NOVRUZ  

 

Sizin Reklam Yeriniz