Əlaqə Arxiv
news Image
2019.01.20
10:34
| A A A
Gövhər Baxşəliyeva: 20 Yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış silahlı təcavüzü idi

Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsini törətməkdə məqsəd xalqımızın azadlıq ruhunu, istiqlaliyyəti uğrunda mübarizəsini sındırmaq idi. Ancaq belə çirkin məqsədli qüvvələr öz istəklərinə nail ola bilmədilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş bu faciəli hadisələr əslində xalqımızın qəhrəmanlıq tarixi idi: “Çünki həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Azərbaycan xalqı hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq fədailik nümayiş etdirdi və bir qəhrəmanlıq tarixi yazdı”.

O qanlı hadisələrindən 29 il ötdüyünü xatırladan professor vurğulayıb ki, 20 Yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış silahlı təcavüzü idi: “Bu faciə zamanı yüzlərlə insan öldürüldü, xəsarət aldı, qanunsuz həbs edildi. İstər keçmiş SSRİ rəhbərliyi, istərsə də o zamankı Azərbaycan rəhbərliyi bu faciəyə görə məsuliyyət daşıyır”.

G.Baxşəliyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyev həmişə olduğu kimi o vaxt da Azərbaycan xalqının yanında oldu, bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və bu hadisələr haqqında bütün dünyaya düzgün məlumat çatdırdı: “Məhz ümummilli liderin sayəsində bütün dünya bu faciədən xəbər tutdu, xalqımızın haqq səsi dünya ictimaiyyətinin diqqətinə çatdırlıdı”.

Millət vəkili əlavə edib ki, hər il 20 Yanvar günün başda Prezident İlham Əliyev olmaqla, xalqımız şəhidlərimizin xatirəsini hörmətlə anır: “Xalqımız heç zaman öz qəhrəmanlarını unutmur. Dövlət səviyyəsində 20 Yanvar faciəsinin anılmasına xüsusi diqqət yetirilir”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Sizin Reklam Yeriniz