Əlaqə Arxiv
news Image
2019.01.22
07:00
| A A A
Bakıdan İrəvana verilən son fürsət
Elman Məmmədov: “Ermənilərin nəticə çıxarıb düzgün qərar qəbul etmələri artıq Ermənistanın siyasi rəhbərliyinin iradəsi, bacarığı, rəhbərlik qabiliyyətindən asılıdır”

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun sözlərinə görə, Ermənistana fürsət verilib ki, düşünsün: « Bu gün Ermənistanın daxilində yaranmış çətin siyasi vəziyyəti nəzərə alaraq Prezidentimiz Ermənistan Respublikası hökumətinin yeni başçısına fürsət verir ki, düşünsün və Azərbaycanın zəbt edilmiş torpaqlarını sülh yolu ilə azad etsin. Ermənistanda hər kəs anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın istənilən əmrini yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə hazırdır və işğal edilmiş əraziləri azad etməyə qadirdir. Ermənistanda elə zənn etməsinlər ki, vaxtı uzatmaqla danışıqlardakı status-kvonu qoruyub saxlaya biləcəklər».

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, İrəvandakı siaysi rəhbərliyin iradəsi, bacarığı olacaqsa, düşünmək üçün verilən fürsətdən nəticə çıxarmalıdır. Əks təqdirdə, düşmən ölkənin varlığı belə sual altında qala bilər: “İrəvana düşünmək üçün fürsət verilməsi bir xəbərdarlıqdır. Azərbaycan tərəfi növbəti dəfə Ermənistana xəbərdarlıq edib. 
Məntiqlə fikirləşsək, bu xəbərdarlığın arxasında o dayanır ki, artıq düşmənin həmin məsələdə düşünməsi, vaxt limiti başa çatıb. Fikrimcə, Ermənistanın hazırkı siyasi rəhbərliyi özündən əvvəlki dövrdə olan rəhbərlərin səhvlərindən nəticə çıxarmalı, ölkələrinin düşdüyü ağır vəziyyəti götür-qoy etməlidirlər. Artıq erməni mətbuatında gedən yazılara əsasən, Paşinyanı bu posta gətirənlərin ona olan etimadının itdiyinin şahidi oluruq. Bu da ondan irəli gəlir ki, Paşinyan verilən vədləri yerinə yetirə bilmir. Bu ölkədə böhran getdikcə dərinləşir. 
Ermənistandan köçənlərin sayı sürətlə artır. Siyasətdə, iqtisadiyyatda, hərbidə olan dözülməz vəziyyət fonunda  ermənilər artıq həddən çox narahat olmağa başlayıblar. İrəvan ermənilərin daha ağır fəlakətlərə düçar olmasını, Ermənsitanın darmadağın edilməsini istəmirsə, Azərbaycan tərəfindən edilən belə xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar. Cənab Prezident İlham Əliyev də dəfələrlə bu istiqamətdə ermənilərə xəbərdarlıq edib. Müdafiə nazirimiz, artıq baş qərargah rəisimiz də bu xəbərdarlıqları edir. Fikrimcə, bütün bunlardan düşmən  nəticə çıxarmalıdır. 
Ermənilərin düzgün nəticə çıxarması işğaldan əl çəkmələri deməkdir. İşğaldan əl çəksələr, Ermənistanda vəziyyət tamamilə başqa cür olacaq. Azərbaycan digər qonşu dövlətlər kimi, Ermənistanla da bu fonda əməkdaşlıq və münasibət yaradar. Nəticədə Ermənistan ağır durumdan xilas olar və gərginlik, müharibə təhlükəsi də aradan götürülər. Bunun üçün də Ermənsitan siyasi rəhbərliyi xalqını sülhə hazırlamağı bacarmalı, ona başa salmalıdır ki, işğalçılıq siyasətindən əl çəkməkdən başqa digər yolları yoxdur. Əks təqdirdə, düşmən ölkəni bundan da pis günlər gözləyəcək. 
Bu müstəvidə onların nəticə çıxarıb düzgün qərar qıbul etmələri artıq Ermənistanın siyasi rəhbərliyinin iradəsi, bacarığı, rəhbərlik qabiliyyətindən asılıdır. Azərbaycan torpaqlarının əbədi olaraq işğal altında qalması ilə heç zaman barışmayacaq. Torpaqlarımızı azad etmək üçün tədbir görəcəyik. Bu tədbirlər isə torpaqları azad etmək üçün müharibənin başlanmasıdır ki, danışıqlar nəticə, fayda verməyəcəyi təqdirdə gündəmə gələcək. Torpaqları azad etmək üçün hərbi gücdən istifadə etməyimiz isə Ermənsitan kimi işğalçıya çox baha başa gələcək. Ermənilər bunun qarşısını almaq üçün düzgün nəticə çıxarmağı bacarmalıdırlar”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz