Əlaqə Arxiv
news Image
2019.01.22
09:40
| A A A
Avropa qurumlarının özünəhörmət problemi
“Sirkə nə qədər turş olsa, öz qabını çatladar” deyimi avropalı siyasilərin boyuna biçilib

Avropa Parlamentində hər hansı məsələnin müzakirəsində yol verilən səhlənkarlıq o dərəcədə primitivləşib ki, sanki kənd çayxanasında dünya siyasətinin müzakirəsi gedir. Bu qurumun Azərbaycan barəsində qəbul etdiyi sonuncu qətnamədə qeyri-səlis və həqiqəti əks etdirməyən, hətta savadsızlıq elementləri ilə dolu sənədin mənasızlığı qalsın bir tərəfə, onun qəbuluna səs verən deputatların sosial şəbəkələrdə yayılan “ittihamedici” izahatları da istehza və gülüş, eyni zamanda təəssüf doğurur. İş o yerə çatıb ki, müzakirədə “fəal” sayılanlardan biri guya hüququnu müdafiə etdiyi şəxsin- Mehman Hüseynovun haqqında danışanda “Pənah Hüseynov” deyir. Açıq görünür ki, bu adamların əksəriyyəti məsələnin mahiyyətindən xəbərsizdir və sadəcə hansısa tapşırığa əsasən fikir söyləyir. Başqa sözlə, Avroparlamentin deputatları ciddi məsələlərə barmaqarası yanaşmaqla yanaşı özlərinə və təmsil etdikləri quruma hörmətsizlik edir, Azərbaycan adını eşidəndə isə qətiyyətlilik göstərir, “kor tutduğunu buraxmayan” kimi yalnız ölkənin əleyhinə fikirlər səsləndirirlər. Müşahidələrdən görünür ki, bu şəxslər müzakirə etdikləri mövzuların mahiyyətinə varmırlar.   

Yanvarın 21-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayıb. Sessiya zamanı AŞPA deputatları dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə birgə müzakirələr aparacaqlar. Həmçinin “Rusiyanın Ukraynaya qarşı açıq təcavüzü: sülh prosesinin pozulması və Avropa təhlükəsizliyi üçün təhlükə” mövzusunda təcili müzakirələrin keçirilməsi də tələb edilib. Müzakirələr mövzusuna irad yoxdur, vacib məsələdir. Amma təəccüblüdür ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı məsələsi gündəmə çıxarılanda mövzu dəqiq olaraq “Ermənistanın işğalı” yox, “Qarabağ münaqişəsi” adlandırılır. Niyə? Axı, bu işğalı təsdiqləyən minlərlə fakt və beynəlxalq təşkilatların onlarla qərarı var. Bu cür ikiüzlülük AP deputatlarını hörmətdən salan amillərdən biridir. Bundan başqa Avropa təşkilatlarının tam hüquqlu üzvü olan Azərbaycana qarşı diskriminasiya siyasətinin göstəricisidir.
Bəla burasındadır ki, bu tendensiya yeni deyil və Azərbaycan həmişə ikili standartlarla mübarizə aparmaq məcburiyyətindədir. Etiraf etmək lazımdır ki, acınacaqlı haldır. Hələ 2015-ci ildə  Avropa Şurasının baş katibi Turbyorn Yaqland öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan geri çağırmaqla bu təşkilatın Azərbaycana qarşı əsl mövqeyini ortaya qoymuşdu. Bu, Avropa Şurası tərəfindən Azərbaycana qarşı yönəlmiş qarayaxma kampaniyasında növbəti bir addım idi. Bu hadisədən bir neçə ay əvvəl, 2015-ci ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında da Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qərəzli bir qətnamə qəbul olunmuşdu. Avropa Şurasının baş katibi tərəfindən qəbul olunmuş qərar Avropa Şurasının üzv ölkələrə münasibətdə nə qurumun vəzifələri ilə, nə də öhdəlikləri ilə heç cür bir araya sığmır.
İndi də Azərbaycanda insan hüquqlarından, siyasi məhbuslardan danışırlar, amma yenə də qərəzli mövqedən yanaşırlar. Ayrı vaxt qanunun aliliyindən danışanlar Azərbaycana gələndə bunu unudurlar. Belə çıxır ki, Azərbaycanda heç kimə “gözün üstə qaşın var” demək olmaz, dərhal siyasi məhbus damğasını yapışdırıb başlayırlar ölkənin əleyhinə danışmağa. Amma nə vaxta qədər? Azərbaycanın Avropa təşkilatlarındakı nümayəndə heyətləri dəfələrlə avropalı deputatların yalanlarını üzə çıxarıb, izahat verib, müvafiq məhkəmə sənədlərini təqdim ediblər. Ancaq, avropalılara lazım gələndə hər çeyi unudub, əks mövqe tuturlar. Bu da onu göstərir ki, sifarişli fəaliyyət göstərirlər. 
Bundan əvvəl Azərbaycanı Avropada təmsil edən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Avropa Şurası bu gün islahatlara ehtiyacı olan bir təşkilatdır: “Avropa Şurasının problemləri çoxdur, - həm maliyyə, həm dəyərlər, həm ikili standartlar problemləri var. Yəni, Avropa Şurası Avropanın içərisində olan problemləri özündə əks etdirir. Bütün Avropada olduğu kimi bu təşkilat da mütləq islahatlara getməlidir. Bu islahatlara getmək üçün zəmin yaratmalıdır”. 
Ancaq özüsevgisi böyük olan avropalılar hələ də yerlərindən tərpənmirlər. Və unudurlar ki, nə edirlərsə, özlərinə edirlər. Necə deyərlər, “sirkə nə qədər turş olsa, öz qabını çatladar”. 

N.NOVRUZ

Sizin Reklam Yeriniz