Əlaqə Arxiv
news Image
2019.01.22
16:13
| A A A
Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb-YENİLƏNİB

 Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.

Movqe.az xəbər verir ki, görüşdə xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik edib. Bildirib ki, bu, Dünya Bankının “Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. O, bu uğurlu islahatların bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb.

Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən xanım Kirstalina Georgiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Bildirib ki, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək.

Dünya Bankının baş icraçı direktoru Azərbaycanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Beynəlxalq Maliyyə Korporasiyasında səhmdarı olduğu institutlarda öz səhmlərinin artırılması məsələsinin nəzərdən keçirilməsini təklif etdi. Bildirib ki, bu, Azərbaycanın gələcək iqtisadi inkişafına Dünya Bankı tərəfindən əlavə dəstək göstərilməsinə kömək edə bilər.

Xanım Kristalina Georgiyeva Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif edib. O, Azərbaycanın iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu bildirib. Qeyd etdi ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub.

Prezident İlham Əliyev Dünya Bankı ilə əməkdaşlıqdan razılığını ifadə etdi və bankın daim Azərbaycana lazımi dəstək göstərdiyini vurğulayıb. Dövlət başçısı Dünya Bankı ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurların “Doing Business 2019” hesabatında əks olunmasından məmnunluğunu vurğulayıb. Dövlətimizin başçısı bu göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı xüsusi komissiyanın yaradıldığını dedi. Qeyd etdi ki, “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması həyata keçirilən çox vacib islahatlar nəticəsində mümkün olub. Dövlətimizin başçısı bunu böyük uğur kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Dünya Bankı tərəfindən Azərbaycanda yeni proqramların həyata keçirilməsi məsələsi müzakirə olundu.

Dövlətimizin başçısı, xüsusilə məhkəmə sahəsində Dünya Bankı ilə birgə həyata keçirilən islahatları yüksək dəyərləndirdi, məhkəmə sistemində innovativ yeniliklərin tətbiqində və bu sistemin avtomatlaşdırılmasında bankın iştirakını və Ədliyyə Nazirliyi tərəfindən bu layihənin reallaşdırılmasındakı uğurları məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bu uğurlu əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb. Bu layihələrin uğurla həyata keçirilməsi üçün imkanlar var və hər iki tərəf bu imkanlardan yararlanmalıdır.

Görüşdə qeyd olundu ki, Dünya Bankının bu sahədəki fəaliyyəti Azərbaycandakı özünüməşğulluq layihələrinin genişlənməsində, xüsusilə məcburi köçkünlərin özünüməşğulluğunun artırılmasına dair proqramlarda faydalı ola bilər. Buna görə də hər iki tərəfin aidiyyəti qurumları bu sahədə yeni proqramlar hazırlayıb uğurla həyata keçirə bilər.

Dövlət başçısı Azərbaycanın Dünya Bankı qrupuna daxil olan institutlarda səhmlərinin artırılması və Beynəlxalq İnkişaf Assosiasiyasının həyata keçirdiyi yoxsul ölkələrə yardım proqramlarında donor kimi çıxış etmək məsələləri barədə yekun qərarların qəbul olunması üçün müvafiq arayışların təqdim edilməsinə dair aidiyyəti qurumlara tapşırıqlar verib.

 

14:54

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.

Sizin Reklam Yeriniz