Əlaqə Arxiv
news Image
2019.01.22
14:59
| A A A
Ramin Əhmədov: "Mehman Hüseynovun özü də dərk elədi ki, köməyi başqa yerlərdən yox, məhz dövlətimizin başçısından istəməlidir"

Həbsdəki bloger Mehman Hüseynov dünən - yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunmasını xahiş edib. Müraciətə dərhal reaksiya verən Prezident  İlham Mehman Hüseynov barəsində amılan yeni cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokuror tövsiyə edib. Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Ölkə başçısının bu humanist əməli ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Movqe.az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyev artıq bir neçə dəfədir ki, belə humanist addım atır: "Cənab prezident bu vaxta qədər dəfələrlə əfv sərəncamları imzalayaraq minlərlə ailəyə sevinc bəxş edib. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Buna misal olaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parlamentdə qəbul olunmuş amnistiya aktlarını da göstərmək olar. Konkret olaraq Mehman Hüseynov adlı gənc bloggerin məsələsinə gəldikdə, deyə bilərəm ki, burada da dövlətimizin başçısı  humanizm prinsiplərindən çıxış edərək Baş Prokurorluğa öz tövsiyyəsini verdi. Bununla da hər kəsə aydın oldu ki, cənab Prezident vətəndaşların müraciətinə həssas yanaşır, ona uzanmış əlləri geri qaytarmayaraq öz köməkliyini və böyüklüyünü göstərir".

R. Əhmədov bildirirb ki, cənab Prezidentin Baş Prokurorluğa ünvanladığı tövsiyyə və bu tövsiyyənin nəticəsində cinayət işinə xitam verilməsi Mehman Hüseynov üzərindən qurulan çirkin oyunları da pozmuş oldu: "Xaricdən qidalanan bəzi qüvvələr şou kampaniyalarını hələ uzun müddət davam etdirməyi planlaşdırırdılar. Lakin cənab Prezidentin humanist davranışı, gənc bir insanın müraciətinə dərhal reaksiya verməsi, həmin planları da iflasa uğratdı. Mehman Hüseynovun özü də dərk elədi ki, onun taleyi kimlərinsə əlində oyuncağa çevrilib və köməyi başqa yerlərdən yox, məhz dövlətimizin başçısından istəməlidir".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz