Əlaqə Arxiv
news Image
2019.01.23
07:00
| A A A
Mehman Hüseynov radikalların ondan istifadə etməsinə qarşı çıxır
Elçin Mirzəbəyli: “Şübhəsiz ki, Mehman Hüseynov baş verənlərin fərqində olduğunu müraciəti ilə ortalığa qoydu” Şahin Camalov: “Xarici təzyiqlərin heç bir əhəmiyyəti yoxdur”

Məlumdur ki, həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətində bildirir ki, kiminsə onun vəziyyətimdən özü üçün istifadə etməsini istəmir. İndiki halda isə bu fikir birbaşa radikal müxalifətə aiddir. Yəni, göründüyü kimi, Mehman Hüseynov radikalların ondan istifadə etməsinə qarşı çıxır.

Qeyd edək ki, artıq ölkə rəhbərinin müvafiq tövsiyəsindən sonra Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. Siyasilərin fikrincə, Mehmanın azadlığa çıxması siyasi işbazları məyus edəcək. Belə vəziyyətdə radikal müxalifətin və anti-Azərbaycan dairələrin Mehman Hüseynov amilindən bəhanə kimi istifadə etməsinə son qoyulacaq. 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirir ki, uzun müddətdir, bir sıra insanların xaricdən aldığı qrantlar əsasında bu və ya digər kriminal hadisələr ətrafında yaratdıqları şouların şahidi olmuşuq: “Dırnaqarası hüquq müdafiəçiləri və siyasətçilərin qrant almaq üçün kimlərin ətrafında şou yaratdıqları hər kəsə bəllidir. Bunların siyahısında hətta terrorçu, dövlətin konstitusion quruluşuna qarşı mübarizə aparan insanlar da olub. Həmin bir qaşıq suda fırtına yaratmaq istəyən hüquq müdafiəçilərinin niyyətləri hər kəsə bəllidir. 
Şübhəsiz ki, Mehman Hüseynov baş verənlərin fərqində olduğunu müraciəti ilə ortalığa qoydu. Bu təxribat işində xarici kəşfiyyat orqanının təmsilçisi ilə münasibətdə olan qardaşı var idi. Bu müraciətə cənab Prezidentin dərhal reaksiya verməsi də ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı real mənzərini ortaya qoyur. Azərbaycanda vətəndaşların hüquqlarının təminatçısı Azərbaycan Respublikasının Prezidentidir. Hansısa xarici təşkilat Azərbaycan vətəndaşının qayğısına ölkə Prezidentindən artıq qala bilməz! Bu, eyni zamanda bütün siyasi şoulara nöqtə qoyan, növbəti dəfə həmin şəxslərin kimliyini ifşa edən davranışdır”.
İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov bildirdi ki, hər zamankı kimi bu dəfə də ölkə rəhbəri humanist addım atdı: “Azərbaycan kifayət qədər hüquqi, xaricdən gələn təzyiqlərə davam gətirəcək, öz problemlərini özü həll etmək iqtidarında olan dövlətdir. Bu da ən yaxşı yollardan biridir. Lakin Mehman Hüseynov özü də qeyd etdi ki, başqalarının onun həbsindən istifadəsini qəbul etmir. 
Son günlər xaricdən gələn təzyiqlər Azərbaycan dövlətinin mövqeyini sarsıda bilməyib. Onlar anladılar ki, Azərbaycan dövləti problemlərini özü həll etməyə qabil olan dövlətdir. Ancaq təəssüf  ki, Mehmanın cinayət işinə xitam verilməsi ölkəmizə olan təzyiqləri azaltmayacaq. Yenə də “şou”lar davam edəcək. Bunlar da Azərbaycan dövlətinə qarşı aparılan ikili siyaətin təzahürüdür. Əsas odur ki, daxildəki problemlərimizi özümüz həll edək. Xarici təzyiqlərin heç bir əhəmiyyəti yoxdur”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz