Əlaqə Arxiv
news Image
2019.01.23
08:00
| A A A
İrəvan zəbt edilmiş əraziləri tədricən qaytarmağa hazırlaşır?!
Arzu Nağıyev: “Proses sonda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllilə nəticələnəcək” Akif Nağı: “Buna razı deyillərsə, Azərbaycan torpaqları azad etmək üçün müharibəyə başlamalıdır”

Ermənistan və Azərbaycan XİN başçılarının Parisdəki görüşündən sonra işğalçı ölkədə fikirlər səslənir ki, İrəvan zəbt edilmiş əraziləri tədricən qaytarmağa hazırlaşır. Qeyd edək ki, sözügedən Paris görüşünü Azərbaycan tərəfi pozitiv və müsbət şəkildə xarakterizə etmişdi. 

Digər tərəfdən, artıq Ermənistanın başlıca dayağı olan Rusiya belə bu ölkəyə etibar etmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avsasiya İqtisadi İttifaqında belə İrəvanın olmayan imici daha da sarsılıb. Məhz bunun nəticəsidir ki, Nikol Paşinyan hökuməti KTMT-yə rəhbərliyə öz namizədini keçirə bilmədi. Bunun əksinə olaraq, son illər Bakı ilə Moskva arasında münasibətlər xeyli dərəcədə dərinləşib. Bu münasibətlər artıq strateji tərəfdaşlıq xarakteri alıb. Bir sözlə, Azərbaycanın dünya miqyasında, MDB məkanında nüfuzu artdığı halda, Ermənistan bütün parametrlərə görə sözügedən miyaslarda etibarını daha da itirib. Bu mənada da Ermənistanda indi daha çox insan düşünməyə başlayıb ki, İrəvan zəbt etdiyi ərazilərimizi tədricən azad edəcək. 
Əslində, Ermənistanın başqa çıxış yolu da yoxdur. Nə qədər ki, torpaqlarımızı işğal altında saxlayır, Ermənistan işıqlı gələcəyə həsrət qalmaqda davam edəcək. İşğal fonunda Ermənistan iqtisadi cəhətdən daha da boğulacaq. Digər tərəfdən, son proseslər göstərir ki, təcavüzü davam etdirməklə İrəvan öz müttəfiqlərini də itirməyə başlayır. Bütün bunların fonunda Ermənistanda işğalçı qoşunların zəbt etdikləri torpaqlarımızdan çıxacaqları fikri geniş yayılmağa başlayır. 
Politoloq Arzu Nağıyevin fikrincə, Sarkisyan tərəfdarları Qarabağ kartından Paşinyana qarşı istifadə etməyə çalışdıqlarından son zamanlar Ermənistanın yeni hökumətinin zəbt edilmiş Azərbaycan torpaqlarını tədricən geri qaytarmağa hazırlaşdığı fikirləri yayılmağa başlayıb: “Hazırda Paşinyan hakimiyyətini yenidən formalaşdırmaqla məşğuldur. Bu əsasda ona müxalif olan digər qüvvələr Paşinyanın Qarabağ konfliktilə bağlı atdığı addımlar və son danışıqlar prosesi fonunda çalışırlar ki, yeni baş nazirin təcrübəsiz olduğunu və həmin məqamdan istifadə edərək  Azərbaycan diplomatiyasının onun üzərində qələbə çalacağını erməni ictimaiyyətinin diqqətinə çatdırsınlar. Bu isə sonda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllilə nəticələnəcək. Əsas məqam məhz bundan ibarətdir. 
Paşinyan da çalışır ki, yeni təyinatlarla məhz Qarabağ kartından istifadə etsin. “Qarabağ klanı” və onları dəstəkləyən bir sıra politoloqlar da çalışır ki, Paşinyanın qarşısına konkret faktlar qoysunlar. Paşinyan indilikdə əsas diqqəti iqtisadiyayta yönəldib ki, ölkəsini ağır durumdan çıxarmağa nail olsun. Ona görə də, keçmiş iqtidar Paşinyanın fəaliyyətinin qarşısını almaq üçün tez-tez müxtəlif məsələləri, xüsusən də Qarabağ məsələsini ona irad tutmağa başlayıblar. Məmmədyarovla Mnasakanyan arasında olan son görüş də Paşinyana müxalif olan keçmiş iqtidarı daha da həvəsləndirib. Bu mənada da Sarkisyan tərəfdarları indi həmin kartdan istifadə etməyə çalışırlar”. 
Qarabağ Azadlıq Təşkilatrının (QAT) sədri Akif Nağı Paşinyanın da işğal olunmuş torpaqlarımızı geri qaytarmaq barədə düşündüyünə inanmır: “Əksinə, bu kimi fikirlərlə növbəti dəfə Azərbaycan cəmiyyətini aldatmağa çalışdıqlarını hiss edirəm. Bilirsiniz ki, orada hakimiyyət dəyişikliyi fonunda bu şəkildə söhbətləri də ortaya atırlar. Paşinyan “xalq hərəkatına” balşayanda hətta bəzi ekspertlər ümidlər verirdilər ki, guya yeni Avropa dəyərlərinə üstünlük verən qüvvələr gəlir. Paşinyan gəldi və ilk açıqlamalarında qeyd etdi ki, bir qarış torpağı belə Azərbaycana qaytarmaq niyyətində deyil, əksinə, nümayişkəranə şəkildə yeni ərazilərimizə iddialarını ortaya atdı. Ona görə də özümüzü qətiyyən aldatmamalıyıq. Bu kimi addımlar vaxt udmağa hesablanıb və ermənilərin beynəlxalq mərkəzlərlə birlikdə həyata keçirdikləri plandır. Minsk qrupunun həmsədrləri də həmin planın həyata keçməsinə yardım edir və belədə bizi arxayınlaşdırmağa, aldatmağa çalışırlar. 
Dəfələrlə bildirmişik, Azərbaycan Ermənistan və beynəlxalq təşkilatların qarşısında birmənalı olaraq şərt qoymalıdır ki, bütün torpaqlarımız, o cümlədən Dağlıq Qarabağ qeyd-şərtsiz, eyni vaxtda azad olunmalıdır. Buna razı deyillərsə, Azərbaycan torpaqları azad etmək üçün müharibəyə başlamalıdır”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz