Əlaqə Arxiv
news Image
2019.01.23
09:00
| A A A
Radikalların süni ajiotaj yaratmaq niyyəti yenə fiaskoya uğradı
Xalqın hüzn günündə siyasi dividend qazanmaq istəyi uğursuzluqla nəticələndi

Azərbaycan müxalifətinin birləşmiş mitinqi üçün yanvar ayını 19-u tarixinin seçilməsi şübhəli və təəssüfləndiricidir. “Azadlıq” deyib qışqıranların azadlıq yolunda həlak olanların xatirəsinin anıldığı 20 Yanvar ümumxalq hüzn gününə bir gün qalmış mitinq etməsi nədən irəli gələ bilər? Bu, ən azından xalqın mübariz kədərinə hörmətsizlikdir. Demək olmaz ki, müxaliflər bu incə məqamı bilməyiblər. Yox, biliblər. Söhbət ondadır ki, nə üçün bilə-bilə buna gediblər. Məntiq bunu deyir ki, bu cür tələskənlik müəyyən bir ssenarinin bir parçasıdır. Mühman Hüseynovun ölkə başçısına müraciəti qəfil meydana gələn arzu ola bilməz. Belə bir addımın atılması “yez ölçüb bir biçmək”lə meydana gəlir. Güman ki, gənc bloqçunun yanvarın 20-də müraciət yayacağı barədə məlumat qardaşı Emin Hüseynova çatıb. O da özündən kiçik qardaşının arzusunu Avropadakı himayədarlarına çatdırıb. 

“Başbilənlər” fikirləşiblər ki, humanist prinsiplərə  böyük rəğbət bəsləyən Azərbaycan Prezidenti İlham Əliyev müraciətə laqeyd qalmayacaq və təbii ki, qatı cinayətkar olmayan şəxsin azadlığa buraxılması üçün müraciəti müvafiq qurumlara yönəldəcək. Məsələnin məğzi də bundadır ki, fürsəti fövtə verməmək üçün Avropadan qrant alıb yeyənlərin Bakı fürsətçilərinə dərhal mitinq sifarişi verilir. Ssenariyə görə müxalifət mitinq edir, müraciət yazan Mehman Hüseynov azadlığa qovuşandan sonra isə bunu öz ayağına yazır. Bu versiyanı gündəmə gətirən faktlardan biri də hüzn günü Şəhidlər Xiyabanında Əli Kərimlinin başçılığı ilə bir qrup müxalifətçinin qalmaqal yaratmasıdır. Yeri gəlmişkən, 20 Yanvarda dramatik anların və faciələrin yaşandığı meydanlarda və küçələrdə nə Əli Kərimli gözə dəyibdi, nə də digər indiki “qəhrəmanlar”. Bəlkə də elə buna görə Şəhidlərin ruhuna hörmətsizlik bu adamların millətpərvərliyi çərçivəsində baş tuta bilir. 1990-cı ilin qanlı yanvar gecəsi indiki İçərişəhər metrostansiyasının qarşısında, İstiqlal küçəsində rus tanklarının qarşısını kəsərək ölümə qənşər dayanan, son anda ağ rəngli gödəkçə geyinmiş gənc qızın öndəki tankın qabağına atılaraq Azadlıq rəmzi kimi şəfəq saçıb xalqı ümidləndirməsi ilə hüzn günündə qarışıqlıq yaradanların ruhları əks dünyalara məxsusdur. Azadlıq uğrunda canlarından keçənlərin xatirəsi yad musiqiyə oynayanların qəlbini yandıra bilməz. 
Bugünkü müstəqilliyimizin mübarizə rəngi 20 Yanvar şəhidlərinin al rəngli qanlarını təcəssüm etdirir. Azərbaycan müstəqillik yolu ilə irəliləyir, inkişaf edir, demokratik cəmiyyət qurur. Lakin o vaxt ölkəmizin azadlığına qarşı Kreml canilərinə dəstək verənlərin ardıcılları bu gün müstəqil siyasətimizə zərbə vurmaq istəyirlər. Bir neçə gün əvvəl Avropa Parlamentinin qəbul etdiyi qətnamə müstəqil siyasət yürüdən bir dövlətə hörmətsizlik, diktat cəhdidir. Görünür ki, Avropanın bir sıra dairələri onun enerji təhlükəsizliyində xüsusi rol oynayan  Azərbaycanı sanki qəsdən düşmənçiliyə təhrik edirlər. Necə deyərlər, “mərdi qova-qova namərd olmağa” vadar etmək istəyirlər. Heç təəccüblü deyil ki, “demokratiya aşıqləri” “Sarı jilet” hərəkatının yatırılması üçün assimetrik güc tətbiq edən rəsmi Parisin hərəkətlərinə laqeyd qalan Avropa Parlamentinin görünməmiş çevikliklə Mehman Hüseynovu müzakirəyə çıxarıb qərar qəbul etməsinə nail olurlar. 
Lüzumsuz qətnaməyə səs verənlər anlamalıdırlar ki, Avropa Azərbaycana lazım olduğu qədər Azərbaycan da Avropaya lazımdır. Mehman Hüseynovun qardaşı Eminin artist paltarında gedib Avropada məskən salması da təsadüfi yox, anti-Azırbaycan qüvvələrin məqsədyönlü planının tərkib hissəsidir. Mətbuatda yayılmış məlumatlardan məlum olur ki, Emin Hüseynovun həyat yoldaşı ABŞ vətəndaşıdır və xüsusi xidmət orqanlarının əməkdaşıdır. Əslində pəhriz saxlayan Mehman Hüseynovla bağlı süni ajiotajın qardaşı Emin tərəfindən gündəmə gətirilməsi məqalənin əvvəlində irəli sürülən versiya şəklində xüsusi xidmət əməliyyatına bənzəyir. Mehmanın azadlığı Eminin işinə yaramılr və buna görə qardaşının azad olunmasına mane  olmağa çalışır. Buna baxmayaraq, o, azad olunandan sonra dərhal bildirir ki, onun qardaşı heç kimə müraciət etməyib. Açıq-aşkar bu ara qarışdırmaq üçün istifadə edilən bəhanədir. 
Sosial şəbəkələrə diqqət edəndə görünür ki, eyni adamlar durmadan şərhlər yazaraq süni ajiotaj yaratmaq istəyirlər. Bu da onların taktikasıdır. Və “böyük qardaşın kiçik qardaşın bədbəxtliyi üzərində tapdığı xoşbəxtlik” ölkəni idarə etmək arzusu ilə alışıb-yanan müxalifətin əlinə fürsət verir.
Mitinqin xaotik aurası çıxışçıların məzmunsuz danışıqları ilə yadda qaldı. Əli Kərimlinin həmişəki ritorikası, İlqar Məmmədovun səbatsız çağırışları öləziməkdə olan müxalifətin acınacaqlı vəziyyətinin inikası idi. Son vaxtlar barıtı olmayan giliz kimi yenidən meydan suklamaq arzusuna düşən İsgəndər Həmidovun məqsədi isə heç aydın deyil. Axı, onun necə hökumət üzvü olduğunu hamı bilir. Çox təəssüf, yalnız ona görə ki, inkişaf edən cəmiyyətin irəliləməsində rasional rol oynayacaq müxalifət bizdə yoxdur və ehtimal olunmur da. İndikilər isə bəhanə müxalifətindən uzağa gedə bilmirlər.
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz