Əlaqə Arxiv
news Image
2019.01.23
10:00
| A A A
Moskva və Ankara Qafqazda fəallaşır
Hasan Oktay: “Qarabağ mövzusunda dəyişikliyin reallaşması mümkündür”

Yanvarın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş gözlənilir. Bu görüşün Qafqazda hadisələrin sonrakı inkişafına nə vəd edəcəyi maraq doğurur. 

Siyasilərin fikrincə, görüşdə ilk növbədə Suriya məsələləri müzakirə ediləcək. Amma regionun iki lider dövləti kimi onların Qafqaz hadisələrinə də toxunacaqları istisna edilmir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay bildirdi ki,  R.T. Ərdoğan və V. Putin arasındakı danışıqların əsas məqamını Suriya məsələsi təşkil edəcək: “Əvvəlcə danışıqlar Fəratın  şərqində həyata keçriləcək əməliyyat haqqında olacaq. Daha sonra isə Suriyanın şimalında və Türkiyənin cənubunda planlaşdırılan “bufer” bölgə görüşün ən əhəmiyyətli mövzusunu təşkil edəcək. 
Əlbəttə, iki liderin görüşü zamanı  digər məsələlərin müzakirəsi də istisna edilmir. Bu məzmunda Qafqazdakı hadisələr də gündəmə gətirilə bilər. Xüsusən Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra, Rusiya-Ermənistan münasibətləri müzakirə mövzusu ola bilər. Türkiyə Cənub Qafqazdakı hadisələrin inkişafını təqib edib, bunu V.Putin ilə danışıqlar masasına gətirə bilsə, Qarabağ mövzusunda dəyişikliyin reallaşması mümkündür. Ötən həftə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamsından da belə anlaşılır ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda irəliləyiş mümkündür. Bunu da Putinlə Ərdoğan arasındakı görüş tamamlaya bilər”.
Politoloq Vasif Əfəndi bildirdi ki, R.T. Ərdoğan və V.Putinin zirvə görüşü Türkiyənin Suriyada nəzərdə tutulan genişmiqyaslı hərbi əməliyyatlar apardığı zaman Rusiyaya məxsus hərbi obyektlərdə insident yaşanmaması üçün tədbirlərə hesablanıb: “Təbii ki, bu görüş zamanı Rusiyanın müəyyən maraqları nəzərə alınacaq. Suriya məsələsində Rusiyanın tələblərindən biri torpaq bütünlüyünün pozulmamasının zəmanətidir. Bəşər Əsəd hakimiyyətdə qaldıqca isə bu məsələ öz aktuallığını itirir. Suriya yalnız demokratik seçkilərdən sonra öz hüquqi statusunu ala bilər. Bu görüşdə əsasən İdlib anlaşmasının  müzakirə olunacağı gözlənilir. 
Bundan başqa R.T.Ərdoğanın ABŞ-a səfər edəcəyi gözlənilir. Vaxtaşırı Donald Trampın qeyri-standart çıxışlarının olmasına baxmayaraq, Türkiyə və ABŞ kifayət qədər möhkəm bağlarla bağlanmış müttəfiq ölkədirlər. V.Putinlə görüş həm də ABŞ səfəri öncəsi NATO–nun regiondakı maraqları ilə bağlıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz