Əlaqə Arxiv
news Image
2019.02.06
10:00
| A A A
Erməni terrorçuya ucalan abidə ətrafında qalmaqal böyüyür
Əflatun Amaşov: “Gürcüstanla Azərbaycan arasında sıx münasibətin olmasına, dostluğumuza istər bu ölkə daxilində, istərsə də xaricində xələl gətirmək istəyən erməni qüvvələri var”

Azərbaycanlılar Tiflisdə separatçı erməniyə Axalkalakidə abidə qoyulmasına qarşı aksiya keçirib.

Qeyd edək ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı Soyqırımını törədən cinayətkarlardan biri olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Belə bir şəxsə Gürcüstanda abidə qoyulması isə həm ölkə daxilində gərginliyin yaranmasına, həm də dost və qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasına zəmin yaradır. Həmin hadisə qonşu ölkədə yaşayan azərbaycanlıların kəskin etirazına səbəb olub. Soydaşlarımız Tiflis-Bakı dostluğunun möhkəmlənməsi üçün var gücləriylə çalışacaqlarını, amma Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş bir separatçıya abidə qoyulmasını qəbul etmədiklərini bildirirlər. 

Əslində, belə terrorçulara abidə qoymaq həm daxildə sabitliyi pozmağa, həm də Gürcüstanla Azərbaycan arasındakı münasibətləri pozmağa hesablanmış addımdır. Maraqlıdır, azərbaycanlıların Tiflisdə separatçı erməni Mixail Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı aksiya keçirməsini və Bakının bu məsələdə həsas mövqeyini Tiflis nəzərə alacaqmı?

Milli Məclisin deputatı Əflatun Amaşov bildirdi ki, bütün hallarda Gürcüstan Azərbaycanın həssas mövqeyini nəzərə almalıdır: “Gürcüstanın özünün qanunvericiliyi var. Yəqin ki, bu ölkədə hər şey qanunvericilik əsasında öz həllini tapacaq. Amma terrorçu bir erməniyə Gürcüstanda heykəl qoyulması kifayət qədər ciddi məsələdir.

Harada olur-olsun, dinc əhaliyə qarşı vəhşilik törədən, əli dinc insanların qanına batan birisi terrorçudur. Bu mənada da terrorçuya heykəl qoymaq heç bir ölkədə məqbul sayılmır. Həmin erməni terrorçusu Dağlıq Qarabağda dinc azərbaycanlıların qətlində iştirak edən Xocalı soyqırımını törədən əsas iştirakçılarından biridir. Belə bir məqamda həmin şəxsə strateji tərəfdaş olduğumuz Gürcüstanda abidə qoyulması qəbul olunmazdır. Azərbaycan parlamentində çıxış edərək bu məsələni pislədim. Azərbaycan-Gürcüstan parlamentlərarası qrupu adından Gürcüstan parlamentinə məktub göndərdik ki, onlar həqiqətin üzə çıxmasında yardımçı olsunlar.

Həmçinin, Xarici İşlər Nazirliyi müstəvisində bu istiqamətdə işlər görülür. Gürcüstandakı səfirliyimiz əlaqədar qurumlarla təmas quraraq, cavabdeh şəxslərlə görüşüb. Şəxsən özüm Gürcüstanın Azərbaycandakı səfirliyilə əlaqə saxlamışam. Nəticədə vəziyyətdən çıxış yolları axtarılır. Azərbaycan Gürcüstanla yaxın qonşudur, strateji tərəfdaşdırlar. Aramızda heç bir problem olmayıb. Bu iki ölkə bütün beynəlxalq təşkilatlarda həmişə bir-birinə dəstək olub. Nə qədər Gürcüstan bizə lazımdırsa, Azərbaycan da bir o qədər gürcülərə lazımdır. Bu məsələdə həssas olmalıyıq.

Ümumiyyətlə, Gürcüstanla Azərbaycan arasında bu sayaq sıx münasibətin olmasına, dostluğumuza  istər bu ölkə daxilində, istərsə də xaricində xələl gətirmək istəyən qüvvələr var. Bu qüvvələr birmənalı qaydada ermənilərdir. Hər iki tərəf - həm Tiflis, həm də Bakı belə halların qarşısını almalıyıq. İndi növbəti bir məqam gündəmə gəlir. Gürcüstanla Rusiya arasında nəqliyyat dəhlizinin yenidən açılması istiqamətində danışıqlar aparılır. Bir qrup insan bu müstəvidə həmin hadisəni Tiflisin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması kimi qəbul edir.

Əlbəttə ki, Gürcüstanın daxili işlərinə qarışmırıq. Ancaq harada və necə əmin ola bilərik ki, həmin açılan dəhlizlərdən yenidən Rusiyadan Ermənsitana silah-sursat daşınmayacaq. Bu məsələ də bizi narahat edir. Dostuqsa, dost oluruq. Bu iki ölkə bir-birinə hörmət edirsə, əlbəttə ki, bir-birimizin maraqlarını da qorumalıyıq. Heç zaman Abxaziya və Cənubi Osetiyadakı tanınmamış rejimlərlə əlaqə qurmamışıq”.

Siyasi icmalçı Azər Həsrət qeyd etdi ki, Tiflis Azərbaycanın həmin məsələdə həssas yanaşmasını nəzərə almasa, bu cür xoş olmayan davranış Bakını düşünməyə vadar edə bilər : “Tiflisin bu məsələdə təmkinli mövqe tutması təəssüfləndiricidir. Azərbaycan hər zaman Gürcüstan üçün nəfəslik rolunu oynayıb. Xüsusən də Tiflisin Moskva ilə münasibətlərinin ən kəskin dövründə belə Azərbaycan Gürcüstana arxa çevirməyib.

Gürcüstan iqtisadiyyatı çökmə nöqtəsində olanda, hətta bu ölkədə iştişaşların baş vermə ehtimalı yarananda belə, Azərbaycan bu ölkəyə yardım əlini uzadıb. Günün bu günü də Gürcüstan məhz Azərbaycanın iqtisadi yardımı, bu istiqamətdə qurduğu iş birliyi hesabına ayaqda durur. Belə bir ölkədə Azərbaycan torpağına işğalçı kimi gələn, xüsusən də Xocalı soyqırımını törətməkdə əli olan caniyə abidə qoyulması əlbəttə ki, bizi təəssüfləndirir. Bu təəsüfümüz sadəcə olaraq, bir təəssüf kimi qalmır,

əslində, Tiflis rəsmilərindən əməli addımlar gözləyirik. Gürcüstanın özü də separatçılıq, bölücülükdən əziyyət çəkir. Onun torpaqlarının bir qismi demək olar ki, Rusiyanın nəzarəti altındadır. Azərbaycan kimi Gürcüstanda ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq səviyyələrdə çalışmaqdadır. Bakı eyni zamanda, bu məsələdə Tiflisə dəstək verməkdədir. Amma buna baxmayaraq, Gürcüstan öz ərazisində Azərbaycanda vəhşilik törətmiş, əli qana batmış adama abidə qoyulmasına dözümlü yanaşır. Bu məsələdə Azərbaycan sözünü qəti şəkildə deməli, Gürcüstanda yaşayan azərbaycanlılar etirazlarını bildirməlidirlər.

Ancaq çalışmalıyıq ki, bu məsələdən üçüncü qüvvə, xüsusən də ermənilər sui-istifadə edib gürcülərlə azərbaycanlılar arasında ikitirəlik yaratmasınlar. Azərbaycan dövlətilə Gürcüstandakı soydaşlarımız əl-ələ verərək, Tiflisdəki rəsmiləri anlatmalısdırlar ki, bu cür davranış yaxın və mehriban qonşuluq münasibətlərinə xələl gətirir. Azərbaycan yenə də Gürcüstan üçün nəfəslik rolunu oynamaqda davam edəcək. Amma hır halda bu cür xoş olmayan davranış bizi düşünməyə vadar edə bilər”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz