Əlaqə Arxiv
news Image
2019.02.12
09:00
| A A A
Qarabağ məsələsi indi də ermənilərin öz aralarında yeni qarşıdurma yaradır
Elman Nəsirov: “Ermənistanda, qarabağlılarla oradan olmayanlar arasında mübarizənin əsası qoyulur ki, onun alovlanaraq müharibəyə çevrilməsi istisna deyil”

Qarabağ məsələsinə görə Nikol Paşinyanı İrəvanda getdikcə daha çox hədələməyə başalyırlar. Daşnaklar, «Qarabağ klanı» açıq təhdidə keçir.

Qeyd edək ki, hakimiyyətdən salınan “Qarabağ klanı”nın öz mövqelərini möhkəmləndirmək üçün yenidən məhz Qarabağ kartından istifadə edəcəyi gözlənilən idi. Milli Məclisin deputatı, piolitoloq Elman Nəsirov bildirdi ki, Paşinyana qarşı daşnaklar və “Qarabağ klanı”nın hücuma keçməsi revanş götürmək istəyindən qaynaqlanır: “Məlum olduğu kimi, Paşinyanın həyata keçirdiyi inqilab nəticəsində Ermənistanda hakimiyyəti zəbt edən “Qarabağ klanı”nın iqtidarına son qoyuldu. Lakin bu son qoyuldu ifadəsini işlədərkən bir qədər  ehtiyatla işlətmək lazımdır. Çünki qondarma Dağlıq Qarabağ rejimində “Qarabağ klanı” öz hakimiyyətini qoruyub saxlayır. Faktiki olaraq da, Paşinyanla “Qarabağ klanı” arasında kim-kimə qalib gələcək mübarizəsinə start verilib.

Paşinyan qalib gələrsə, öz hakimiyyətini sözsüz ki, möhkəmləndirəcək. Nəticə etibarı ilə vəd etdiyi islahatları həyata keçirmək, xüsusən də Dağlıq Qarabağ probleminin həlli istiqamətində onun daha ciddi addımlar atmasına imkan yaranacaq. Ya da əksinə,  “Qarabağ klanı” revanş götürməyə çalışacaq və Paşinyan hakimyyətinə son qoymaq istəyəcəklər. Hər halda düşmən ölkədə mübarizə kifayət qədər gərgin müstəviyə keçib. Yanvarın 18-də Ermənistan hakimiyyəti Robert Köçəryanın həbs müddətinin daha iki ay nmüddətinə uzadılmasına nail oldu. Eyni zamanda, Serj Sarkisyan da dindirilmək üçün istintaqa cəlb edilib. Onu da 2008-ci ilin bir mart hadisələrinə görə ittiham edirlər.

Belə olan təqdirdə, çox güman yaxın zamanlarda Sarkisyan da Köçəryanın taleyini yaşamalı olacaq. Bu dindirilmələr nəticə etibarı ilə Sarkisyanın da həbsinə aparan yolun başlanğıcıdır. Bu kontekstdə heç şübhəsiz, separatçıların lideri Bako Saakyan da özünü rahat hiss etmir. O, Köçəryanla Sarkisyanın adamıdır. Paşinyan keçən parlament seçkiləri zamanı Saakyana Ermənkistandakı seçkilərə Sarkisyan-Köçəryan tərəfdarı olaraq müdaxilə etməsilə bağlı barmaq da silkələdi. Hətta Paşinyan deyirdi ki, necə ola bilər öz oğlu Qarabağda hərbi xidmət keçir, ancaq Dağlıq Qarabağ separatçılarının övladları bütövlükdə hərbi xidmətdən yayınır.

Beləcə görürük ki, indi Bako Saakyan da Paşinyanın hədəfindədir. Belə olan təqdirdə, qarşı tərəf də Paşinyana qarşı müxtəlif təzyiq üsullarından istifadə etməyə çalışır. Nəzərə alaq ki, “Qarabağ klanı” böyük maliyyə imkanlarına malikdir. Bu fonda onların Paşinyanı devirə biləcəkləri mümkün hal sayılır. Hətta onların Paşinyana qarşı sui-qəsd edə biləcəkləri də istisna edilmir.

Əks tərəf Paşinyanı münaqişənin həllilə bağlı xəyanətkar mövqe tutmaqda ittiham edir. Ona görə də son zamanlar münaqişənin həllilə bağlı Paşinyanın davranışlarında müəyyən geri çəkilmə elementləri də diqqətdən yayınmır. Xüsusən də o, ancaq Ermənistan adından danışa biləcəyini və Qarabağ ermənilərinin danışıqlar prosesində iştirak etməsini kimi əvvəllər söylədiyi fikirləri yenidən səsləndirməyə başlayıb. Bu hal da “Qarabağ klanı”nın artan təzyiqləri fonunda baş verir.

Yaranmış vəziyyətdə İrəvanın özündə yerli əhali ilə Qarabağ erməniləri arasında ayrı-ayrı toqquşmalar baş verir.

Əslində, Ermənistanda, o cümlədən Dağlıq Qarabağda qarabağlılarla oradan olmayanlar arasında mübarizənin əsası qoyulur ki, onun  alovlanaraq müharibəyə çevrilməsi də istisna deyil. Bugünkü reallıq budur. Belə bir reallıq danışıqlar prosesinə də öz mənfi təsirini göstərir. Ermənistanda qarşı qarşıya duran hər bir tərəf münaqişədə özünü daha vətənpərvər göstərmək və bu baxımdan da Qarabağ kartından yararlanmaq istəyirlər. Ona görə də, hazırda Paşinyanın münaqişənin həllilə bağlı səsləndirdiyi son fikirləri həqiqət kimi qəbul etmək düzgün olmazdı. O, indi Ermənistanda yaranan situasiyanın diqtəsi altında məcburi addım kimi belə bəyanatlar səsləndirir. Hər halda    Paşinyan gözəl bilir ki, torpaqları geri qaytarmasa Ermənistanın heç bir gələcəyi yoxdur.

 

Bu, bir həqiqətdir. Sadəcə olaraq, “Qarabağ klanı”nın təzyiqləri fonunda Paşinyan müəyyən mənada pauza verməyə məcburdur. Hesab edirəm ki, bu pauza sıradan olan deyil, strateji pauzadır. Yəni, Paşinyanın rəqiblərinin müqavimətini aradan qaldırdıqdan sonra, konfliktin həllilə bağlı real, praqmatik addımlar atması proqnozlaşdırılan məsələlər sırasındadır”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz