Əlaqə Arxiv
news Image
2019.02.13
08:45
| A A A
Komaya düşən jurnalist Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü

Komaya düşən jurnalist Natiq Qocaman Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bu barədə Movqe.az saytına jurnalistin həyat yoldaşı Könül Qocayeva məlumat verib. K. Qocayeva bildirib ki, dünən günün ikinci yarısında Natiq Qocaman Mərkəzi Klinik Xəstəxanasından Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. K. Qocayeva həyat yoldaşının Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülməsinin həmin səhiyyə müəssisəsinin ixtisaslı tibb ocağı olması ilə izah edib:" Artıq bu gün 12-ci gündür ki, Natiq koma vəziyyətindədir. Hazırda ölkəmizdə Natiqin xəstəliyi ilə bağlı ən yüksək dərəcəli ixtisaslı həkimlər Respublika Neyrocərrahiyyə Xəstəxanasında çalışır.  Ona görə də Natiq bu tibb müəssisəsinə yerləşdirildi. Həkimlər də belə qərara gəldilər ki, Natiqi bu xəstəxanaya köçürək. Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Natiqin ailə üzvləri, eləcə də yaxın dostunun iştirakı ilə yoldaşım Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirildi. Hazırda Natiq ixtisaslı həkimlərin nəzarəti altındadır. KİVDF rəhbərliyi cənab prezidentin tapşırığına əsasən Natiqin səhhəti ilə bağlı bizə dəstək olur, dünən də yanımızda idi. Hələki həkimlərin müşahidəsi altında Natiqin komadan çıxmasını gözləyirik". K. Qocayeva həyat yoldaşının səhhəti ilə bağlı xarici ölkələrdə həkimlərlə də əlaqə saxladıqlarını söylədi:" Natiqin başının maqnit rezonans tomoqrafiyasının disklərini (MRT) xarici ölkələrdə beyin cərrahlarına göndərmişik. Onlar da gözləməyi tövsiyyə edirlər". Qeyd edək ki, jurnalist Natiq Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına  yerləşdirilib. Jurnalistin xanımı Könül Qocayeva həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib. Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov ölkə başçısına 
bu haqda məruzə edildiyini  və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini söyləyib. 
Məlumat üçün qeyd edək ki, Natiq Qocaman uzun müddət ölkənin ən populyar qəzeti olan ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb. Hazırda Mediapress İnformasiya Agentliyinin baş redaktorudur. 
Xatırladaq ki, bundan əvvəlki dövrlərdə də ayrı-ayrı jurnalistlərin səhhətində yaranmış ciddi problemlərlə əlaqədar həm ölkə daxilində, həm xaricdə təcili müalicə ilə bağlı dövlət dəstəyi üçün cənab Prezidentə müraciət olunub və onun tapşırığı ilə jurnalistlər müalicə edilərək sağlamlıqlarına qovuşub. 
Zülfiyyə Quluyeva 

Sizin Reklam Yeriniz