Əlaqə Arxiv
news Image
2019.02.15
08:00
| A A A
Azərbaycan daha qüdrətli dövlətə çevrilir
Vüqar Bayramov: “İslahatlar dərinləşdikcə, bu, nəticə etibarı ilə ölkənin güc və qüdrətini daha da artıracaq”

İslahatların əsas hədəfi mövcud nöqsanları aradan qaldırmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasına müsahibəsində deyib. Qeyd olunan istiqamətdə atılan addımlar fonunda Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsini gözləmək olarmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd etdi ki, həyata keçirilən və keçirilməsi gözlənilən islahat və addımlar fonunda Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək: “Təbii ki, hər bir dövləti daha güclü, daha qüdrətli edən məhz nöqsanların aradan qaldırılması və islahatların daha da dərinləşdirilməsi istiqamətində atılan addımlardır. Xüsusən də inkişaf etmiş ölkələrin, məsələn Cənubi Koreya kimi dünyanın aparıcı liderləri sırasına daxil olan dövlətlərin  təcrübəsi göstərir ki, islahatlar vasitəsilə dayanıqlı və impulsiv inkişafı təmin etmək və  daha güclü dövlət qurmaq mümkündür. O baxımdan təbii ki, islahatlar dərinləşdikcə bu nəticə etibarı ilə ölkənin güc və qüdrətini daha da artıracaq. Bu mənada islahatlar ölkənin güc və qüdrətini artırmaq baxımından əsas faktor və meyardır.

2019-cu ildə də islahatların dərinləşməsi və genişlənməsi hədəf olduğu üçün bu hal Azərbaycanın iqtisadi baxımdan qüdrətinin daha da artmasına gətirib çıxaracaq. Çünki bir tərəfdən, artıq iqtisadiyyatın diversifikasiyası, investisiya mühitinin daha da yaxşılaşması hədəfdir, digər tərəfdən də xarici və yerli investisiya hesabına yeni iş yerlərinin yaradılması əsas pripritetlərdir. Nəticə etibarı ilə  islahatların hədəfi iqtisadi diversifikasiya, xüsusən də məşğulluğun təmin edilməsində biznesin inkişafının rolu olduğuna görə, bu amillər birbaşa olaraq ölkənin gücünün  daha da artmasına təsir göstərir. Ölkənin gücü sahibkarların nə qədər güclü olması ilə ölçülür. Bu mənada düşünürəm ki, dayanıqlı iqtisadi inkişaf birbaşa sahbkarlığın xeyrinə formalaşan iqtisadi inkişafdır. İslahatların da mahiyyəti ondan ibarətdir ki, məhz sahibkarlar ondan faydalanan əsas kateqoriya olsun. Nəticə etibarı ilə sahibkarlığın inkişafı bütövlükdə dövlətin möhkəmliyinin təmin edilməsi və əhalinin bundan faydalanması üçün vacibdir. Bu baxımdan da qarşıdakı dövrdə Azərbaycanı iqtisadi baxımdan daha yüksək nailiyyətlər gözləyir”. 

Milli Məclisin deputatı Elman Məmmədov da qeyd etdi ki, aparılan islahatlar yaxın gələcəkdə Azərbaycanı dünyanın daha güclü dövlətlərindən birinə çevirəcək: “Təbii ki, ölkəmizdə aparılan islahatlar  Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə gətirib çıxaracaq. Cənab Prezident İlham Əliyev artıq uzun illərdir ki, bütün sahələrdə islahatlar aparır. Struktur və kadr sahəsində bu kimi islahatlar aparılıb və aparılır. Dövlətimizin müasir dövrün tələblərinə uyğun icra orqan və strukturları, habelə kadrları  ilə işləməlidir. Bu islahatların məğzində də məhz bu dayanır. Mövcud strukturlarda, kadrlarda dəyişiklik edilməlidir ki, zamanla, dövrlə, müasir texnologiyalarla ayaqlaşa bilək. Məqsəd bundan ibarətdir. Təbii ki, hər bir cəmiyyət və dövlətdə olduğu kimi biz də nöqsanlardan xali deyilik.

Ölkəmizdə də idarə olunma prosesində, müxtəlif rəhbərlik və sahələrdə nöqsanlar mövcuddur. Bunu etiraf etmək lazımdır. Cənab Prezidentimizin qarşıya qoyduğu məqsəd odur ki, mövcud nöqsanları görməli, bilməli və onların aradan qaldırılması üçün tədbirlər görməliyik. Bu amil ölkəni inkişafa aparır. Sözsüz ki, cəmiyyətdə mövcud olan nöqsanlar aşkar olunmalı, onların aradan qaldırılması üçün tədbirlər görülməli və cəmiyyətimiz inkişaf etməlidir. Bu istiqaməti götürmüşük. Məqsədimiz dövlətimizi inkişaf etdirmək, gücləndirmək və bu fonda vətəndaşlarımızın günü-gündən güzəran və sosial durumunu yüksəltməkdən ibarətdir. Azərbaycanda aparılan siyasətin, bütün işlər və islahatların kökündə məhz insanlarımızın maddi-rifah halının, güzəran və həyat şəraitinin günü-gündən daha da yaxşılaşması amili dayanır. Bu da təbii ki, inkişafla, dövlətimizin iqtisadi cəhətdən güclü olması ilə bağlıdır. Həmçinin bu məmur vətəndaş münasibətlərinin daha şəffaf, daha hüquqi olmasına əsaslanır. Bu nümunəni də vətəndaşlarımız və vəzifəli şəxslərə cənab Prezidentimiz özünün həyat və fəaliyyətilə nümunə göstərir. Bundan hər birimiz dərs almalı və nəticə çıxarmalıyıq. Bütün atılan addımlar ölkəmizin günü-gündən güclənməsi və inkişafına, insanların güzəranının daha da yaxşılaşmasına səbəb olur. Həmin proses həmçinin ordumuzun daha da güclənməsinə gətirib çıxarır. Bunların hamısı birlikdə isə bizi düşmən üzərində ümumi qələbəyə aparır”.

E. SULTANOV

Sizin Reklam Yeriniz