Əlaqə Arxiv
news Image
2019.02.15
08:30
| A A A
Azərbaycanın iqtisadi siyasəti ölkə əhalisinin həyatına müsbət təsir edir

Prezident İlham Əliyevin siyasəti xalqa söykənir və ölkədə sabitliyin, rifahın, əmin-amanlığın qorunub saxlanılmasına, iqtisadi yüksəlişin təmin edilməsinə xidmət edir. Artıq 16-cı ildir ki, bu siyasət uğurla həyata keçirilir.

Ölkədə aparılan uğurlu islahatlar nəticəsində ötən il əhalinin gəlirləri təxminən 10 faiz artıb, inflyasiya isə cəmi 4 faiz təşkil edib. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Ölkəmizdə güclü iqtisadiyyat yaranıb, eyni zamanda, sosial problemlərin həllində müəyyən addımlar atılır. Respublikamızın iqtisadi imkanları olmasaydı, ölkədə pensiyaları, maaşları qaldırmaq, irihəcmli investisiya yatırmaq, infrastruktur layihələri həyata keçirmək mümkün olmazdı. Son dövrdə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində görülmüş işlər diqqəti cəlb edir. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə Azərbaycan 25-ci yerə yüksəlib. Bu gün Azərbaycan dünyanın 25 ən rəqabətqabiliyyətli ölkəsindən biri hesab edilir.

Təkcə 2018-ci ildə sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılıb. Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına ayrılır. Yəni, sistem formalaşıb və dönməz xarakter alıb. Bu bir daha İlham Əliyev siyasətinin düzgün və savadlı olduğunu göstərir. Hələ respublikamızda vaxtilə verilmiş iki milyard manatdan çox kreditlər indi qayıdır və yeni kreditlərin verilməsinə xidmət göstərir. Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm iş yerlərinin açılmasına xidmət edir, həm yerli istehsalı gücləndirir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsində qeyri-neft sektoru sürətlə genişlənir və ümumi daxılda onun payı artır. Geniş əməkçi kütlələri yeni iş yerləri əldə edirlər. İndi Azərbaycanda iş yeri üzərində seçim imkanı yaranıb. Hər kəs qabiliyyətinə və arzusuna görə iş tapmaq imkanı əldə edir. Lakin bu da olmayanda əhalinin işlə təmini üçün mövcud resurslar hərəkətə gətirilir. Maliyyə imkanları sayəsində haqqı ödənilən ictimai iş yerləri yaradılır. Bu forma ölkəmiz üçün tamamilə yenidir və iş qabiliyyətli əhalinin gündəlik ruzusunu qazanmasına yönəldilib. 

Azərbaycan dövlətinin daxili siyasətinin əsas prioritet istiqamətlərindən biri sosial sahədir. Ölkənin iqtisadi, siyasi gücünün artması son nəticədə insan amilinin inkişafına, insanlarımızın azad və firavan yaşamasına müsbət təsir edir, ona görə ki, bu, qarşıya qoyulan son məqsəddir. Bir neçə il əvvəldən başlayan islahatlar davam edir. Dünyanın hazırkı durumunda böyük ehtiyac duyulan çevikliyə, müasirliyə, texnoloji yeniliklərin tətbiqinə nail olmaq üçün inqilabi dəyişikliklər baş verir. Köklü dəyişikliklər fonunda əldə olunmuş tempi saxlamaq, inkişaf etdirmək və bütün bu inkişafın nəticəsini məhz insan amilinə yönəltmək, əlbəttə ki, zəngin təcrübə, bacarıq, halallıq nümunəsidir, xalqa, millətə, dövlətə böyük sevgidən irəli gələn amildir.

Prezident İlham Əliyev hakimiyyətinin ilk günündən başlayaraq xalqa, hər bir vətəndaşa böyük qayğı ilə yanaşır, onların dərd-sərinin, problemlərinin dolğun şəkildə ödənilməsinə çalışır. Son günlərdə dövlət başçısının şəhid ailələri ilə görüşü, şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, pensiyaların artırılması, minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması haqda Fərmanları əhalinin sosial rifahının daha da yüksəlməsinə mühüm təsir edəcək, gələcəkdə sosial-pensiya təminatının yüksəlməsinə xidmət edəcək. Bunlar hamını maraqlandıran böyük və ciddi məsələlərdir. Təkcə mimimum əməkhaqqının artırılmasından 600 min insan bəhrələnəcək. İşləmək iqtidarında olmayan pensiyaçıların yaşamaq istəyi artacaq, bu insanlar mənən daha inamlı olacaqlar. İnsanlıq həmişə belə münasibətlərdən qürurlanıb, ruhi və fiziki gümrahlığı yüksəlib.

Əgər ötən 15 ilin sürətli inkişaf tendensiyası olmasaydı, bütün bu tədbirlərin həyata keçirilməsi də mümkün olmazdı. Azərbaycanın bu cür iqtisadi inkişaf potensialının yaranması dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin parlaq nəticəsidir. Ölkəmiz durmadan inkişaf edir, hər bir vətəndaş bu inkişafdan bəhrələnir, çünki insan amili sosial mahiyyətli dövlətin iqtisadi siyasətinin mərkəzində yer alır.

N.MOVRUZ

Sizin Reklam Yeriniz