Əlaqə Arxiv
news Image
2019.02.15
09:00
| A A A
Vaşinqton İrəvana qarşı hərəkətə keçdi

Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasına ABŞ sərt reaksiya verib, bunu dəstəkləmədyini bildirib. Ümumiyyətlə, son dövrlərdə Ermənistanın yenidən Rusiyaya yaxınlaşmaq cəhdi ABŞ-da sərt etirazla qarşılanır. Bu hal ABŞ-Ermənistan münasibətlərinin gələcəyinə nə vəd edir? 
Politoloq İlqar Vəlizadənin fikrincə, Vaşinqton İrəvanın Rusiyanın istəyinə uyğun olaraq Suriyaya kontingent göndərməsini sözsüz ki, sakir tərzdə qarşılamayacaq. Bu fonda da ekspertə görə, ABŞ-Ermənistan münasibətlərinin trayektoriyasında müəyyən dəyişikliklər ola bilər: “Hadisələrin gedişi göstərir ki, Ermənistan müxtəlif ehtimal və yaxud interpretasiyalara baxmayaraq, yenə də Rusiya hərbi-siyasi orbitinə daxil olmaqda davam edir. Ermənistanın Rusiyadan hərbi-siyasi asılılığı nəinki azalmır, hətta deyərdim ki, artır. Bunun da əsas səbəbi Dağlıq Qarabağda gedən proseslərlə bağlıdır. 
Ermənistan əvvəllər olduğu kimi yenə də çalışır ki, güclü dövlətlərin arxasında dayanıb özünün işğalçı siyasətinin təməlini daha da möhkəmləndirsin. Çünki bu istiqamətdə özünün təkbaşına resursları kifayət deyil. Ona görə də Ermənistan hər zaman Rusiya amilindən istifadə edir. Burada onun konkret məqsədləri var. ABŞ-a gəldikdə isə, Vaşinqtonun bölgəmizlə bağlı siyasətini müəyyən edən qüvvələr arasında o cümlədən erməni lobbisi də vardır. Bu digər siyasətçilərə siqnal ola bilər ki, əslində lobbi tərəfindən formalaşan siyasət heç də Amerikanın maraqlarına cavab vermir. 
Erməni lobbisi əslində, sanki bölgəmizlə bağlı qərarlar qəbul edən amerikalı siyasətçilərinin gözünə pərdə salırlar. Düşünürəm ki, Ermənistanın Rusiyanın istəyinə uyğun olaraq Suriyaya kiçicik də olsa kontingent göndərməsindən ABŞ siyasətçiləri müəyyən nəticələr çıxaracaqlar. Bu fonda ABŞ-Ermənistan münasibətlərinin trayektoriyasında  əlbəttə ki, müəyəyn dəyişikliklər olacaq. Amma bütün hallarda İrəvanına tdığı bu addımla Amerikanın Ermənistana köklü şəkildə münasibətinin dəyişəcəyini isə düşünmürəm. Çünki ortada lobbi məsələsi var. Çox təəssüf ki, Amerika siyasətində bu amil də əsas rol oynayır”.   
Politoloq Elşən Mustafayev bildirdi ki, ABŞ Suriya məsələsində heç zaman heç kimə güzəştə getməz: “Suriyada Rusiya kontingenti çoxdandır ki, mövcuddur. Hətta SSRİ dövründən burada onların hərbi bazaları mövcud olub. Rusiyanı yürütdüyü Suriya siyasətinə görə Qərbdə ciddi şəkildə ittiham edirlər. Sadəcə indiki vəziyyətdə Moskva özünün Suriyada mövcudluğuna yeni-yeni dəstəklər axtarmağa girişib. Təbii ki, kiçik kontingentini yürüdəcək Ermənsianın buradakı fəaliyyəti simvolik xarakter daşıyır. Amma Rusiya özü üçün bu amili də böyük divident kimi təqdim edəcək və bəyan edəcək ki, Suriyada sülhü təkcə onları özləri deyil, digər dövlətlər də təmin edir. 
Ermənistan rəhbərliyinin Rusiyanın həmin istəyinə müsbət cavab verməsi isə Paşinyanın əks cavab verəcəyi təqdirdə hansı nəticələrlə üzləşəcəyini gözəl şəkildə bilməsindən qaynaqlanır. Paşinyan düzdür, daha çox Qərbə doğru istiqamət götürməyə hədəflidir. 
Buna baxmayaraq, belə bir məqamda Suriya məsələsində Moskvanın istəyinə cavab verməsilə Qərblə münasibətləri soyutması sadəcə olaraq, Paşinyanın çıxılmaz vəziyyətdə qalması ilə bağlıdır. Onun hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirmək yolunda əsas maneə olacaq qüvvə sözsüz ki, Rusiyadır. Bir müddətdən sonra, erməni əhalisi Paşinyandan verdiyi vədlərə əməl etməsi üçün küçələrə çıxa bilər. Nəticədə onun tərəfində olan insanların bu dəfə əleyhinə çıxacağı istisna deyil. Belədə revanş götürmək istəyən “Qarabağ klanı” yaranmış situasiyadan bəhrələnə bilər. Ona görə də Paşinyan həmin addıma getməklə bir növ Rusiyanı neytrallaşdırmaq məqsədi güdür.  Belədə Qərbi də inandırmağa çalışır ki, atdığı bu addım məcburi xarakterlidir. Buna qarşı tərəfin nə dərəcədə inanacağını isə yaxın zamanlarda görəcəyimiz hadisələr müəyyənləşdirəcək. Paşinyan bütün hallarda heç də öz istəyi səbəbindən Suriyaya hərbi kontingent göndərmir. Hazırda onun vəziyyəti elədir ki, Qərblə Rusiya arasında oynamaq istəyir. Apardığı bu oyunun nə dərəcədə effektli olacağını isə yaxın gələcək göstərəcək. Bu mənada İrəvanın atdığı bu addım ola bilsin ABŞ-Ermənistan münasibətlərinə mənfi təsir göstərsin. Paşinyan çalışacaq ki, Vaşinqtonu atdığı addımın məcburi olduğuna inandıra bilsin. Əsas məsələ ABŞ-ın buna nə dərəcədə inanacağı və onunla nə dərəcədə razılaşacağı məsələsidir ki, bunu da indidən söyləmək mümkün deyil. Bilirsiniz ki, ABŞ son zamanlar əməkdaşlıq etdiyi ölkələrdən konkret mövqe bildirilməsi tələblərilə çıxış edir. Ona görə də Paşinyanın həmin addımı hardasa Ağ Ev tərəfindən qəbul olunmazdır. Situasiyadan asılı olaraq, ABŞ Ermənistanın gətirdiyi həmin əsasları qəbul edə, etməyə də bilər.  Bu ABŞ-ın tutacağı mövqeyinin hansı istiqamətdə gedəcəyindən və əvəzində Paşinyanın Vaşinqtona nə təklif edəcəyindən asılıdır”. 
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz