Əlaqə Arxiv
news Image
2019.02.16
10:30
| A A A
Okeanın o tayında Qarabağ görüşü…
Qabil Hüseynli: “Belə görüşlərin yaxşı tərəfi odur ki, ictimai rəydə Dağlıq Qarabağ problemi aktuallaşdırılır”

Ermənistanda nəşr edilən “Qraparak” qəzeti  yazır ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Münhen görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Və  bu görüş ABŞ-da baş tutacaq.

Qeyd edək ki, indiyə kimi dövlət başçıları səviyyəsində olan görüşlər əsasən Rusiyada baş tutub. Bu günə qədər ABŞ həmin istiqamətdə passiv görünürdü. İndi isə Azərbaycan Prezidentilə Ermənsitan baş naziri arasında görüş mətbuatın yazdığına inansaq, məhz ABŞ-da olacaq. Deməli, prosesin tənzimlənməsi istiqamətində Vaşinqton aktivliyini artırıb.

Politoloq Qabil Hüseynli bu sayaq görüşlərlə ictimai rəydə Dağlıq Qarabağ probleminin aktuallaşdığını bildirdi: “Son zamanlar mətbuatda münaqişə tərəflərinin xarici işlər nazirləri səviyyəsində görüşü barədə ciddi fikirlər səsləndirilir. Hətta burada Azərbaycan Prezidentinin Ermənistan baş nazirilə ABŞ-da görüşəcəkləri barədə də fikirlər yer alıb. Belə görüşlərin yaxşı tərəfi odur ki, ictimai rəydə Dağlıq Qarabağ problemi aktuallaşdırılır. Amma məsələnin digər nüansları təəssüf ki, nəzərdən qaçırılır.

Söhbət Ermənistan siyasi rəhbərliyinin son zamanlar Dağlıq Qarabağ məsələsində tutduğu kəskin mövqedən gedir. Ermənilər bu mövqeni də açıq şəkildə baş nazirin dililə deməkdə çətinlik çəkmirlər. Asanlıqla qeyd edirlər ki, Dağlıq Qarabağ məsələsində Ermənistanın hər hansı bir güzəşt etməyə haqqı yoxdur. Bu, çox ziddiyyətli, qarışıq və dolaşıq addımlardır. Ermənistan guya problemin danışıqlar yolu ilə həllini istəyir. Amma buna baxmayaraq, utanmadan, çəkinmədən problemin həllinin sülh əvəzinə, torpaqların qaytarılması ilə əlaqələndirilməsi əleyhinə gedirlər.

Ermənilər bir tərəfdən, danışıqlarda iştirak etmək kimi imitasiya yaradır, digər tərəfdən də utanmadan, açıq şəkildə hətta Dağlıq Qarabağın hüdudlarından kənarda bu ərazidən 3 dəfə böyük  işğal etdikləri əraziləri “qanuniləşdirmək” üçün  separatçı addımlar da atmağa başlayıblar. Bu mənada proses kifayət qədər dolaşıb. Dolaşıq situasiyada isə məsələnin həlli üçün Minsk qrupu həmsədrlərinin necə addım atacağını hələlik təsəvvür etmək mümkün deyil. Çünki Paşinyan kimi avantürist hakimiyyətə gəldikdən sonra, danışıqlar prosesinə yeni düyünlər bağlanılır və onlar Dağlıq Qarabağdan kənardakı 7 rayonla bağlı da absurd fikirlər səsləndirməyə başlayırlar. Zənnimcə, Azərbaycanın həm xarici siyasətin hədəfləri, həm də onun fəlsəfəsi məsələsində ciddi dönüşlər edilməlidir. Ermənistanın belə həyasız iddiaları qarşısında Azərbaycan özünün siyasi platformasını hazırlayıb dünya ictimai rəyinə çatdırmalıdır. Bu kontekstdə Münhen görüşünün nəticələrinə o qədər də ümid etmirəm.

Eyni zamanda, Prezidentlə baş nazirin ABŞ görüşünün baş tutub-tutmayacağı məsələsinə də xeyli dərəcədə skeptik yanaşıram. Ermənistan sözün həqiqi mənasında odla oynamağa başlayıb. Bu addımlarını onlar bütövlükdə mərhələ-mərhələ aparıblar. İrəli sürülən işğal platforması danışıqlar prosesi aparıla-aparıla həyata keçirilib. İndi isə yaranmış “reallıqları” Paşinyanın süzgəcindən keçirərək, ictimai rəyə təqdim etməyə çalışırlar. Ehtiyatlı olmalı, ictimai rəyə aldadıcı təsəvvürlərin yol açmasına imkan verməməliyik”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz