Əlaqə Arxiv
news Image
2019.02.16
10:00
| A A A
ABŞ-İran qarşıdurması Qafqaza da təsirsiz ötüşməyəcək
Elxan Şahinoğlu: “İrana qarşı iqtisadi sanksiyalar daha da sərtləşəcək” Vüqar Zifəroğlu: “ABŞ-ın İrana qarşı hər hansı bir hərbi müdaxiləsi regionda çox ciddi qarşıdurma və kataklizmlərin yaşanmasına səbəb ola bilər”

Yaxın Şərqdə sülh və stabillik İranla qarşıdurma olmadan mümkün deyil. Bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib: “Yaxın Şərqdə sülh və stabilliyə İranla qarşıdurma olmadan çatmaq mümkün deyil. Bu, sadəcə mümkünsüzdür”.

Qeyd edək ki, Vaşinqtonla Tehran arasında münasibətlər Donald Tramp hakimiyyətə gələndən üzü bəri daha da kəskinləşməyə doğru gedir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hərbi toqquşmaların olacağını zənn etmir, ancaq bununla belə əmindir ki, Vaşinqtonun Tehrana qarşı sanksiyaları daha da sərtləşəcək: “ABŞ-la İran arasındakı münasibətlər sözsüz ki, daha da kəskinləşməyə doğru istiqamət götürüb. Təsadüfi deyil ki, ABŞ Varşavada konfrans toplayaraq bura da yalnız öz tərəfdaşlarını yığıb onlardan  İrana qarşı sərt addımlar atmalarını tələb edib. Düşünürəm ki, bu fonda Amerikanın İrana qarşı sanksiyaları getdikcə sərtləşəcək.

Düzdür, bu, o demək deyil ki, onlar arasında müharibə başlaya bilər. Ancaq ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsi sözsüz ki, Azərbaycanın da maraqlarına mənfi təsir edir. Çünki ABŞ tərəfdaşımızdır. İranla da münasibətlərimiz var, bir sıra layihələrdə birgə iştirak edirik. Bu baxımdan sözügedən prosesdə Azərbaycan neytral olaraq qalır. Amma hər halda həmin iki ölkə arasında vəziyyətin gərginləşməsi Azərbaycanın da maraqlarına cavab vermir. ABŞ-la İran arasında real hərbi toqquşma olacağını zənn etmirəm. Ancaq İrana qarşı iqtisadi sanksiyalar daha da sərtləşəcək”.

Siyasi icmalçı Vüqar Zifəroğlu isə qeyd edir: “ABŞ-ın İrana qarşı hər hansı bir hərbi müdaxiləsi sözün həqiqi mənasında regionda çox ciddi qarşıdurma və kataklizmlərin yaşanmasına səbəb ola bilər. Nəzərə alaq ki, ABŞ-ın uğursuz İraq və Suriya örnəyi var. Bu mənada Amerikanın İrana birbaşa hərbi müdaxiləsinin hazırkı situasiyada onlara hər hansı bir uğur gətirəcəyini düşünmürəm. Çünki İran daxildə kifayət qədər ciddi sistemi olan, müəyyən qarışıaq münasibətlərin ortada olduğu və bu mənada da əslində çox mürəkkəb bir ölkədir. Bu mənada ABŞ-ın birbaşa müdaxiləsinin ona hər hansı bir müsbət effekt verəcəyini zənn etmirəm. Amma burada başqa məqamlar da var.

ABŞ bildiyiniz kimi rəqiblərinə münasibətdə digər alətlərdən də istifadə edir. Bu mənada İrana qarşı da həmin başqa alətlərdən istifadə etməklə ona öz təzyiqlərini daha da gücləndirə bilər. Bunu həm iqtisadi rıçaqlar vasitəsilə, həm də siyasi təzyiqlərlə edə bilər. Bilirsiniz ki, nüvə razılaşmasından çıxmaqla əslində, ABŞ Qərbi Avropa ölkələrini də İrana qarşı olan sanksiyalara qoşulmağa məcbur etdi. Bununla da İranı iqtisadi nöqteyi-nəzərdən sıxmağa çalışır ki, onun da ciddi effekt verdiyini görürük.

İran iqtisadiyyatı bu gün ölü nöqtəsindədir. Sözün həqiqi mənasında İrana ciddi iqtisadi zərbələr vurulub və vurulmaqda davam edir. Vaşinqton həmçinin siyasi təcriq məsələsi istiqamətində də kifayət qədər ciddi uğurlara imza atıb. Diplomatik nöqteyi-nəzərdən İranın əsasən də Yaxın Şərq ölkələrindən təcrid edilməsi prosesi gedir.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz